“Qazax dili mənim üçün isti evdir…” – İki mədəniyyət arasında qalan bir insanın səmimi etirafıbackend

“Qazax dili mənim üçün isti evdir...” – İki mədəniyyət arasında qalan bir insanın səmimi etirafı

Mən ikidilliyəm, hərçənd bu anlayışın hamının qəbul etdiyi mənasında bəlkə də tam olaraq yox. Yeddi yaşıma qədər nənəmin yanında böyüyərkən yalnız qazax dilində danışırdım. Sonra sovet məktəbi, Leninqrad, hərbi xidmət, təhsil, iş həyatı və ömrümün böyük hissəsinin keçdiyi nəhəng rusdilli mühit gəldi.

Zaman keçdikcə rus dili düşüncəmin əsas dilinə çevrildi. Bu dildə oxuyur, yazır, düşünür, mübahisə edir, şeirlər yazır, hətta yuxularımı da görürəm. Ancaq qazax dili də heç vaxt yoxa çıxmayıb. Doğma dilimdə deyilənləri mükəmməl anlayır, fikirlərimi ifadə edə bilirəm. Sadəcə, bəzən hiss edirəm ki, əvvəlcə fikrimi rus dilində formalaşdırır, sonra isə onu zehnimdə qazax dilinə çevirirəm. Görünür, onilliklər ərzində qazanılmış vərdişləri dəyişmək o qədər də asan deyil.

Amma özümün də izah etməkdə çətinlik çəkdiyim bir xüsusiyyətim var. Qazax dilində danışıq eşidəndə içimdə qəribə, son dərəcə isti bir duyğu yaranır. Sanki qışın şaxtasında üşüyüb evə girirsən və isti otağın rahatlığı səni bürüyür. Hələ heç nə baş verməyib, heç kim sənə bir söz deməyib, amma sən artıq özünü rahat və güvəndə hiss edirsən.

Yəqin ki, bu hissin kökləri ən erkən uşaqlıq illərimə, nənəmə, böyüdüyüm insanlara gedib çıxır. Bu, sadəcə nostalji deyil. Ötən illərdən asılı olmayaraq içimdə qoruyub saxladığım, daha dərin qatlarda yaşayan bir ev duyğusudur.

Ötən əsrin 90-cı illərində bu misralarla başlayan bir şeir yazmışdım:

Çöl gözlərimdə bir çaşqınlıq,
Üzümü yandırır dərk etməyin xəcaləti.
Kiməm mən — rus, yoxsa qazax?
Yoxsa… itirilmiş bir nəslin övladı?

Bu gün həmin misraları yenidən oxuyanda bir qədər kədərlənir, eyni zamanda vaxtilə olduğum o gəncə qarşı bir şəfqət hiss edirəm. O vaxt mənə elə gəlirdi ki, çox vacib bir şeyi əldən vermişəm, xalqımın dilini kifayət qədər yaxşı bilmədiyim üçün müəyyən mənada ona qarşı günahkaram.

Üstəlik, bu, ətrafımdakı insanlarla mübahisə deyildi. Mən, əslində, özümlə, vicdanımla, qazaxın necə olmalı olduğuna dair təsəvvürlərimlə üz-üzə qalmışdım.

Bu gün dil keçmişimə daha sakit yanaşıram. Bəzən mənə qazax dilində daha çox yazmağın lazım olduğunu xatırladırlar və mən bu istəyi anlayışla qarşılayıram. Özüm də fikirlərimi doğma dilimdə daha sərbəst, daha zəngin ifadə etmək istərdim. Ancaq yaşanmış ömrü yenidən yazmaq mümkün deyil. Eyni zamanda həyatımın böyük bir hissəsində mənə yol yoldaşı olmuş rus dilini də silib atmaq olmaz. Axı bu dildə nə qədər gözəl kitablar oxumuşam, nə qədər gözəl insanlarla tanış olmuşam, düşündüklərimin və hiss etdiklərimin bir çoxunu məhz bu dildə ifadə etməyi öyrənmişəm.

Bununla belə, qazax xalqına mənsubiyyətim heç vaxt ünsiyyət dilimlə müəyyənləşməyib. Mən öz xalqımı, ilk növbədə, böyüdüyüm insanlar vasitəsilə tanımışam. Sadə kənd sakinlərini, əkinçiləri, maldarları, çobanları xatırlayıram. Özləri bəzən olduqca sadə və məhdud imkanlarla yaşasalar da, başqasına kömək etmək üçün həmişə bir yol tapırdılar.

Uşaqlıqdan məni heyrətləndirən onların bu səmimi, bəzən hətta bir qədər sadəlövh görünən xeyirxahlığı idi. Elə insanlar vardı ki, əvvəlcə kömək əlini uzadar, yalnız bundan sonra qarşındakının kim olduğunu, haradan gəldiyini soruşardılar.

Əlbəttə, xeyirxahlığın milliyyəti yoxdur. Sadəcə, mənə öz xalqımı məhz belə insanlardan tanımaq qismət olub.

Bu gün cəmiyyətimiz dəyişir. Şəhərləşmə, qloballaşma, sosial şəbəkələr insanlar arasında ənənəvi münasibətləri tədricən dəyişdirir. Mən isə bu dəyişikliklərə görə gileylənmək fikrində deyiləm.

Hərçənd bəzən ənənəvi qonaqpərvərliyimiz və istiqanlılığımız olduqca əyləncəli formalarda özünü göstərir. Bir əcnəbi qazaxları tərifləyən kimi hamımız ona təşəkkür yağdırmağa, az qala bütün xalq adından övladlığa götürməyə hazır oluruq. Yox, əgər onlar haqqında xoşagəlməz bir söz desə, bu dəfə eyni həvəslə həmin adamın nə qədər yanıldığını izah etməyə başlayırıq. Təbii ki, bunu da bütün xalq olaraq, eyni vaxtda və bir ağızdan etmək şərtilə!

Hərçənd bu xüsusiyyətlər artıq milli xarakterimizdən daha çox sosial şəbəkələr dövrünün özəlliklərinə bənzəyir.

Son vaxtlar öz nəslim haqqında da daha çox düşünürəm. Biz bir tarixi reallıqda böyümüş, şüurlu həyatımızın böyük hissəsini isə tamam başqa bir dövrdə yaşamışıq. Bu müddət ərzində ölkə, dil və cəmiyyətdəki öz yerimiz haqqında əvvəlki təsəvvürlərimizi dəfələrlə nəzərdən keçirməli olmuşuq.

Üstəlik, bu təcrübə təkcə qazaxlara aid deyil. Əminəm ki, bu gün Qazaxıstanda yaşayan ruslar Rusiyada yaşayan ruslardan bir çox cəhətlərinə görə fərqlənirlər. Təxminən elə bizim gənc qazaxıstanlılardan fərqləndiyimiz kimi. Çünki gənclərimizdən fərqli olaraq, biz Sovet İttifaqında böyümüşük.

Artıq otuz ildən çoxdur ki, biz vahid mədəni məkan daxilində yaşayır, ictimai dəyişiklikləri birlikdə keçirir və yeni qazaxıstanlı kimliyinin formalaşmasında iştirak edirik. Bu kimliyin həm üstünlükləri, həm ziddiyyətləri, həm də inkişafın qaçılmaz ilkin çətinlikləri var.

Biz hələ də indiki dövrü sovet keçmişi ilə müqayisə etməyə meyilliyik. Halbuki bugünkü gənc qazaxıstanlılar həmin dövrü heç vaxt yaşayıblar. Onlar üçün müstəqillik tarixi hadisə deyil, ölkənin təbii və adi vəziyyətidir.

Bəlkə də bu gün gənc qazaxla gənc qazaxıstanlı rusun dünyaya baxışında hər birinin öz yaşlı qohumları ilə müqayisədə daha çox ortaq cəhət var.

Görünür, biz həqiqətən də bir qədər dinozavrlara bənzəyirik. Sadəcə, bizə müxtəlif tarixi dövrlərdə yaşamaq, bütöv bir ölkənin gözümüzün qarşısında necə dəyişdiyini görmək qismət olub.

Mən isə buna görə heç də təəssüflənmirəm. Həyat mənə gözəl insanlar, iki dilin və iki mədəniyyətin zənginliyi, həm ətraf aləmi, həm də özümü tədricən daha yaxşı anlamaq imkanı bəxş edib.

Bu gün 90-cı illərdə özünə əzabla «Mən rusam, yoxsa qazax?» sualını verən gənci xatırlayanda ona gülümsəmək və demək istəyirəm ki, bu qədər narahat olmağa dəyməzmiş.

İllər keçəcək, çox şey dəyişəcək və sən nəhayət anlayacaqsan: həyatının bir hissəsinə çevrilmiş iki dildən birini seçməyə heç bir ehtiyac yox imiş. Çünki onların hər biri sənin həyatında özünəməxsus yer tutub.

Qazax dili isə sənin üçün həmişə həmin isti ev olaraq qalacaq. Şaxtadan sonra qayıtmağın xoş olduğu bir ev…

Hətta sən əslində oradan heç vaxt tamamilə ayrılmamış olsan belə.

Müəllif: Oljas Sızdıkov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*