Pentaqon rəhbəri Pit Heqset əmin edir ki, ABŞ Ukraynada “Starshield”in (SpaceX-in hərbi təyinatlı peyk rabitəsi sistemi) əhatə dairəsinin dəyişdirilməsi barədə göstəriş verməyib.
KONKRET.az xəbər verir ki, ABŞ müdafiə nazirinin sözlərinə görə, “Biz heç nəyi məhdudlaşdırmadıq. Axı xidmətin göstərilməsi şərtlərinə riayət etmək lazımdır. Starlink bu cür qərarları müstəqil şəkildə qəbul edə bilər, lakin bizim fikrimizcə, heç nə dəyişməyib. Biz heç bir göstəriş və ya buna bənzər bir şey verməmişik”.
O əlavə edib ki, ABŞ “əlbəttə ki, ukraynalılara uğurlar arzulayır”.
Eyni zamanda CBS News və The Wall Street Journal qəzeti öz mənbələrinə istinadən bildirib ki, Ukraynada Starlink peyk rabitəsi sisteminin hərbi versiyasının işinin məhdudlaşdırılmasına məhz SpaceX sahibi İlon Maskın qərarı səbəb olub. WSJ yazır ki, Mask və ABŞ prezidenti Donald Tramp bu qərarı telefonla müzakirə ediblər — bu, Ukrayna hərbçiləri üçün peyk rabitəsi sisteminin işlədiyi sürətin məhdudlaşdırılmasından sonra baş verib.
Daha əvvəl həm Mask, həm də Tramp Ukraynada Starshield şəbəkəsi ilə manipulyasiyalarda iştiraklarını təkzib etmişdilər.
Ağagül Mürsəlov,
KONKRET.az
