Azərbaycanda sosial həssas qruplara aid tələbələr üçün təhsil haqqının dövlət tərəfindən qarşılanması ilə bağlı bir sıra güzəştlər mövcuddur. Lakin bu imkan bütün aztəminatlı ailələrə şamil edilmir. Qanunvericilikdə təhsil haqqından azad olunan şəxslərin konkret kateqoriyaları müəyyənləşdirilib.
Bəs hansı tələbələr təhsil haqqından azaddırlar və bu güzəştlər hansı hallarda tətbiq olunur?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Turan Hüseynov bildirib ki, qüvvədə olan qanunvericiliyə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan bir sıra tələbələrin təhsil haqqının dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur.

Ekspertin sözlərinə görə, bu sahədə əsas hüquqi baza “Təhsil haqqında” Qanunun 14.8-1-ci maddəsidir. Sözügedən maddə 2024-cü ildə yenilənib və təhsil haqqından azad olunan sosial kateqoriyalar konkret şəkildə müəyyənləşdirilib.
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslərin dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil haqları dövlət tərəfindən ödənilir.
Şəhid ailəsi üzvləri də dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları halda bu güzəştdən yararlana bilərlər.
Bundan başqa, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər də müvafiq təhsil müəssisələrində təhsil haqqından azaddırlar”, – deyə Turan Hüseynov bildirib.
Ekspert qeyd edib ki, əlilliyi müəyyən edilmiş şəxslər üçün də qanunvericilikdə xüsusi güzəştlər nəzərdə tutulub.
“Ali və orta ixtisas təhsili müəssisələrində orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər təhsil haqqından azaddırlar. Peşə təhsili müəssisələrində isə əlilliyi olan şəxslər bu hüquqdan yararlana bilirlər”, – deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də azadlıq, suverenlik və ərazi bütövlüyü uğrunda həlak olan, itkin düşən və ya məhkəmə qərarı ilə ölmüş elan edilən şəxslərin övladları da müəyyən təhsil müəssisələrində təhsil haqqından azad olunurlar.
“Məcburi köçkün statusu olan Azərbaycan vətəndaşları da qanunvericilikdə nəzərdə tutulan qaydada dövlət ali və orta ixtisas təhsili müəssisələrində təhsil haqqından azaddırlar.
Peşə təhsili üzrə isə güzəştlərin əhatə dairəsi daha genişdir. Dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrində 20 yaşına çatmamış, valideynlərindən birinin orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, eləcə də ailəsinin aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. Çernobıl qəzası ilə bağlı xüsusi kateqoriyalar üçün də peşə təhsili üzrə ayrıca güzəştlər mövcuddur”, – deyə Turan Hüseynov bildirib.
Ekspert xüsusilə vurğulayıb ki, ailənin sadəcə aztəminatlı olması ali təhsil müəssisəsində təhsil haqqından avtomatik azadolma üçün əsas deyil.
“Burada “sosial həssas qrup” anlayışını geniş başa düşmək olmaz. Şəxsin qanunvericilikdə konkret göstərilən kateqoriyalardan birinə aid olması tələb olunur. Məsələn, ailənin gəlirinin aşağı olması öz-özlüyündə ali təhsil müəssisəsində təhsil haqqının dövlət tərəfindən ödənilməsi üçün kifayət etmir”, – deyə ekspert qeyd edib.
Turan Hüseynov əlavə edib ki, aztəminatlı ailələrin üzvü olan tələbələr Təhsil Tələbə Kreditindən (TTK) də yararlana bilərlər. Onun sözlərinə görə, TTK təhsil haqqından birbaşa azadolmadan fərqli olaraq kredit mexanizmidir və daha geniş sosial kateqoriyaları əhatə edir.
“TTK-nın sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr yararlana bilərlər.
Təhsilin ilk ilinin ilk semestrindən sosial TTK almaq hüququna ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, 3-cü dərəcə əlilliyi olan şəxslər, həmçinin hər iki valideyni və ya tək valideyni 1-ci və ya 2-ci dərəcə əlilliyi olan tələbələr daxildir. Bu kateqoriyaya valideyni işsiz kimi qeydiyyatda olan, yaşa görə əmək pensiyası və ya sosial müavinət alan tələbələr də aid edilir”, – deyə ekspert bildirib.
Ekspert vurğulayıb ki, sosial kredit almaq hüququ olmayan tələbələr də müəyyən şərtlər daxilində standart təhsil tələbə kreditindən yararlana bilərlər.
“Birinci tədris ilinin ilk semestri üçün tələbənin qəbul imtahanında topladığı ümumi bal müəyyən edilmiş minimal həddən yuxarı olmalıdır. Sonrakı semestrlər üçün isə ÜOMG-nin 71 bal və ya daha yuxarı olması tələb edilir. Peşə təhsili müəssisələrində təhsilalanlar üçün də müvafiq qiymətləndirmə balının 71 və ya daha yuxarı olması şərtdir.
Bundan əlavə, tələbənin illik təhsil haqqının ən azı 20 faizini ödəməsi də standart təhsil tələbə kreditindən yararlanmaq üçün şərtlərdən biridir”, – deyə Turan Hüseynov qeyd edib.
Ekspertin sözlərinə görə, təhsil krediti hər tədris semestri üzrə yalnız bir dəfə və təhsilin normativ müddəti ərzində verilir.
Beləliklə, qanunvericilikdə həm müəyyən sosial qruplar üçün təhsil haqqından tam azadolma, həm də daha geniş kateqoriyaları əhatə edən təhsil tələbə krediti mexanizmi nəzərdə tutulub. Bu səbəbdən tələbələrin güzəştlərdən yararlanmaq üçün ilk növbədə hansı hüquqi kateqoriyaya aid olduqlarını və müvafiq şərtlərə cavab verib-vermədiklərini müəyyənləşdirmələri vacibdir.
Aynurə İsmayıl
KONKRET.az
