Həyat yoldaşı onu dəli hesab edirdi, o isə öz əlləri ilə bütöv bir kənd yaratdı: İnanılmaz həyat hekayəsibackend

Həyat yoldaşı onu dəli hesab edirdi, o isə öz əlləri ilə bütöv bir kənd yaratdı: İnanılmaz həyat hekayəsi

Həyat yoldaşı onu dəli hesab edirdi. Amma o, fikrindən dönmədi: yol kənarındakı şam meşəsindən bir parça torpaq aldı və orada öz əlləri ilə bütöv bir kənd yaratdı. İllər sonra onun gildən qurduğu bu qeyri-adi kəndi Portuqaliyanın üç baş naziri – Marselu Kaetanu, Mota Pinto və Antoniu Quterreş ziyarət etdi.

Söhbət Portuqaliyanın Mafra ilə Eriseyra şəhərləri arasında, N116 magistral yolunun kənarında yerləşən, bir insanın xəyalından doğaraq gerçəyə çevrilən qeyri-adi kənddən gedir.

Juze Franku 1920-ci ildə, gələcəkdə öz möcüzəvi dünyasını yaradacağı ərazidən cəmi 200 metr aralıda anadan olub. Uşaqlığı isə heç də asan keçməyib. Yeddi yaşında anasının yarmarkalarda satdığı saxsı qablarla yüklənmiş eşşəyin yanında addımlayaraq kəndləri gəzirdi. Hələ on yaşında ikən dulusçu çarxının arxasına keçmiş, gilə forma verməyi öyrənmişdi.

1945-ci ildə o, 2500 kvadratmetr sahəsi olan şam meşəsini satın aldı. Həyat yoldaşı Mariya Elena bu qərarı heç də bəyənməmişdi. Onun fikrincə, həmin pula torpaq almaq əvəzinə, gələcəkdə nəvələrə lazım olacaq daha faydalı bir iş görmək olardı. Juze isə öz arzusunun arxasınca getdi.

Maraqlıdır ki, sonradan kənd böyüdükcə həyat yoldaşı da bu işə qoşuldu. Hətta Frankunun hazırladığı fiqurları geyindirmək onun ən sevimli məşğuliyyətinə çevrildi.

Bu qeyri-adi kəndin tikintisində memar iştirak etməyib. Real ölçülü manekenləri ustanın dostu olan heykəltəraş hazırlayırdı. Fiqurların üzlərini və bütün miniatür detalları isə Franku özü düzəldirdi. O, heç bir qəlibdən istifadə etmirdi. Əvvəlcə gil parçasına amfora formasını verir, sonra nazik gil təbəqəsi açaraq onu parça kimi kəsir və fiqurları sanki dərzi paltar tikirmiş kimi geyindirirdi. İşində Torriş-Vedraş bölgəsindən gətirilən qırmızı gildən istifadə edirdi.

Zaman keçdikcə burada kiçik, amma hər detalı düşünülmüş bir dünya yarandı. Kənddə məktəb, həm də diş çəkən bərbər dükanı, baqqal, dəyirmanlar, Müqəddəs Antoni kilsəsi və Eriseyranın balıqçı limanının miniatür surəti inşa edildi.

Bu kəndi başqalarından fərqləndirən əsas xüsusiyyət isə onun canlı olmasıdır. Düyməyə basdıqda qayıqlar yırğalanır, evlərin pəncərələrində işıqlar yanır, mayak işıq saçmağa başlayır. Yəni burada hər şey sadəcə dekorasiya deyil, hərəkət edən, özünəməxsus həyat yaşayan miniatür dünyadır.

Frankunun ən böyük fəxri isə “Aldayazinha” adlı mexaniki kənd idi. Otuz kvadratmetrdən artıq sahəni əhatə edən bu əsər nəhəng Milad kompozisiyasını xatırladırdı. Burada saysız-hesabsız fiqurlar, evlər və gündəlik həyat səhnələri bir araya gətirilmişdi.

Juze Frankunun yaratdığı kənd zamanla Portuqaliyanın tanınmış simalarının da diqqətini çəkdi. Onun qonaqları arasında məşhur braziliyalı yazıçı Jorji Amadu da vardı. Yazıçı bir dəfə kənddə keçirilən ənənəvi donuz kəsimi mərasimində iştirak edərkən maraqlı hadisə yaşanmışdı. Kəsimə az qalmış Amadu hər şeyin dayandırılmasını tələb etmişdi. Nəticədə donuz kəsilməkdən xilas olmuş və nahar süfrəsində digər qonaqlar kimi yer almışdı.

Məşhur portuqaliyalı müğənni Amaliya Rodriquş isə ustadan Məryəmin Tərtəmiz Mayalanmasını təsvir edən fiqur hazırlamağı xahiş etmişdi. Roma Papası II İohann Pavel də Juze Frankuya şəxsən xeyir-dua vermişdi.

2000-ci illərin əvvəllərində bu qeyri-adi kəndi ildə təxminən 200 min insan ziyarət edirdi. Onların arasında həm turistlər, həm də Portuqaliyanın tanınmış ictimai-siyasi xadimləri vardı.

Bütün bunlara baxmayaraq, Juze Franku öz prinsipindən heç vaxt imtina etmədi: kəndə giriş həmişə pulsuz oldu. O, bir dəfə bu layihəyə xərclədiyi pulları həyatının ən müqəddəs sərmayəsi adlandırmışdı.

Kəndin kilsəsində toplanan ianələr isə şəxsi qazanc üçün deyil, əlilliyi olan uşaqlara yardım məqsədilə göndərilirdi.

Beləcə, uşaqlıqda anasının arxasınca saxsı qablar daşıyan, gilə həyat verməyi öyrənən bir insan ömrünün böyük hissəsini öz xəyalını gerçəkləşdirməyə həsr etdi. Ətrafındakılar onu dəli hesab edə bilərdi, amma o, adi insanların görə bilmədiyi bir dünyanı yaratmağı bacardı.

Bəzən insanın ən böyük sərvəti nə pulu, nə də mülkü olur. Ən böyük sərvəti özündən sonra qoyub getdiyi əsər, insanlara bəxş etdiyi sevinc və gerçəkləşdirdiyi arzudur.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*