Azərbaycanın nümayəndələri ilə Qarabağın erməni icması arasında keçirilən görüşdən sonra Arayik Arutyunyan və komandası Bakının şərtlərini qəbul etmək, təslim olmaq haqda müzakirələr aparıb. Lakin Ermənistanda müxalifət qüvvələr (keçmiş “Qarabağ klanı”) ona geri çəkilməməklə bağlı təzyiq edib. Görünən odur ki, Koçaryan-Sarkisyan cütlüyü hələ də Rusiyanın dəstəyinə və separatçıların yenidən Azərbaycan ərazilərində söz sahibi olacağına ümid bəsləyirlər. Bəs görəsən Arayik və onun tərəfdarları həqiqətənmi Bakıya təslim olmaq istəyirlər? Ümumiyyətlə Keçmiş Qarabağ klanının buna imkan verməməsi və Arayikə təzyiq etməsi məsələsi nə dərəcədə realdır?
Mövzunu KONKRET.az-a şərh edən politoloq Əlimusa İbrahimov bildirib ki, Qarabağın erməni icması ilə bizim nümayəndələrimizin görüşündə həqiqətən müəyyən razılaşmalar əldə olunmuşdu: “Arayik və onun “komandası” rəsmi Bakının şərtlərini qəbul etmək istiqamətində müəyyən addımlar atırdı. Çünki Arayik Arutyunyan oradakı vəziyyəti Ermənistanda oturan “Qarabağ klanı” ilə müqayisədə daha yaxşı anlayır. Düşünürəm ki, Azərbaycanın minimum və maksimum tələbləri mövcuddur. Minimum tələblərimizdən biri də Ruben Vardanyanın vəzifədən uzaqlaşdırılması idi. Bunu Arutyunyan yerinə yetirdi. İkinci məsələ isə nəzarət-buraxılış məntəqəsinin yaradılmasıdır ki, bu istiqamətdə də iş aparrılır. Bu məsələ həll olunsa, o zaman Qarabağın erməni icması Azərbaycanın nəzarətinə keçəcək və şərtlərimiz qəbul ediləcək. Təbii ki, İrəvanda olan “erməni klan”ı, eləcə də Koçaryan və Sarkisyanın dəstəsi danışıqların bu istiqamətə apardığını gördüklərində prosesə mane olmağa çalışırlar”.

Politoloq əlavə edib ki, “Qarabağ klan”ı tək deyil və Rusiyadan dəstək alır: “Moskva Qarabağın erməni icmasının Azərbaycanın tərkibinə keçməsini istəmir. Ermənistandakı “Qarabağ klanı”, Rusiya sülhməramlıları və Kreml Azərbaycana, ABŞ-a, Avropa İttifaqına qarşı dayanıb. Yəni sərhədin bir tərəfində Rusiya, digər tərəfdə isə ABŞ və Avropa İttifaqıdır. Amma qeyd etməliyik ki, Ermənistanın siyasi dairələri (Paşinyan və komandası – red) Qarabağ məsələsinin hansı formada olursa-olsun bitməsini istəyir. Düşünürəm ki, son dövrlərdə Rusiyanın təzyiqinin azalması fonunda ABŞ və Avropa İttifaqı Azərbaycanın istədiyi istiqamətdə addımlar atacaq. Brüssel görüşünə qədər nəzarət-buraxılış məntəqəsinin yaradılması və bu məsələnin həll olunması planlaşdırılır. Bundan sonra Brüsseldə üçtərəfli görüş keçirilə bilər”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
