Niderlandın məxfi kəşfiyyat xidmətləri AIVD və MIVD jurnalistlərə casusluq təklif edib.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin aparıcı qəzetlərindən biri olan “NRC” məlumat yayıb.
Bildirilib ki, kəşfiyyat orqanları, xüsusən də Yaxın Şərqdəki jurnalistlərlə əlaqə saxlayaraq casusluq təklif edib.
Qəzetə müsahibə verən 32 jurnalistin yarısı Niderland Kəşfiyyat İdarəsindən (AIVD) və Hərbi Kəşfiyyat Xidmətindən (MIVD) iş təklifi aldıqlarını bildirib.
Qəzet keçən ay AIVD-nin daxili yazışmalarına aid bir sənədlə bağlı araşdırmaya başlayıb.
Bildirilib ki, onlayn məlumat verən platforma “PubLeaks”ə sızan, lakin dərc olunmayan bu sənəddə 8-i jurnalist olmaqla 21 kəşfiyyat mənbəsi və agentin adı var.
“NRC” nəşri bu sənədlə bağlı 32 redaktor və müxbirdən müsahibə götürüb. Bu jurnalistlərin yarısı kəşfiyyat xidmətlərindən məlumat ötürmək, informator kimi fəaliyyət göstərmək və casusluq etmək təklifi aldığını bildirib.
Təklif alanlardan biri də İraq və Əfqanıstanda xidmət etmiş türk əsilli jurnalist Sinan Candır.
“BNNVARA” media qurumunda çalışan Can bunun neqativ hal olduğunu və bu cür təşəbbüslərin onları daha da riskə atdığını bildirib.
AIVD-nin keçmiş rəsmisi kəşfiyyat idarəsinin jurnalistləri işə götürdüyünü təsdiqləyib və Yaxın Şərqdə çalışan mətbuat işçilərinə üstünlük verildiyini vurğulayıb:
“Struktur olaraq bunun baş verməsi normaldır. AIVD əməkdaşları xaricdə şəbəkə yaratmalıdır. Jurnalistlər də bunun bir parçasıdır”.
İqbal Rzayev,
KONKRET.az
