Konkret.az-ın Orta Asiya ölkələri üzrə xüsusi müxbirinin verdiyi məlumata görə, Özbəkistanın paytaxtı Daşkəndin Yunusabad rayonunda sentyabrın 12-də 25 yaşlı Şokir X-nin qətli barədə məlumat cəmiyyətdə birmənalı qarşılanmayıb. Məlumatı yayan mənbələrin öldürülən şəxsin homoseksual olduğu barədə informasiyaları Özbəkistanda mavilərə qarşı hələ də dözümsüzlük məsələsini yenidən qabardıb. Bundan əlavə, KİV paytaxtdakı bəzi klublarda homoseksuallara qarşı reydlər keçirildiyi barədə də reportajlar dərc edib ki, bu da qarşı tərəfin qınağına tuş gəlib. Daşkənd polisi bildirib ki, polislər tərəfindən mavilərə qarşı heç bir təzyiq göstərilməyib və bundan sonra da göstərilməyəcək. “Bildiririk ki, Daşkənd Daxili İşlər İdarəsi tərəfindən heç bir “xüsusi” reyd keçirilməyib və geylərə qarşı belə tədbirlər bundan sonra da həyata keçirilməyəcək. Ayrı-ayrı məlumatların yayılması daxili işlər orqanlarının işçilərini ləkələmək məqsədi daşıyır”, – deyə hüquq-mühafizə orqanlarının yaydığı bəyanatda deyilir.
Qeyd edək ki, Daşkənddə homoseksual gənc oğlanın öldürülməsində hüquq-mühafizə orqanları əməkdaşlarının iştirakı barədə məlumatlar da informasiya saytlarında dolaşmaqda idi. Polis orqanları bu məlumatı da təkzib ediblər.
Natiq Səlim
