Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələrə təhsil müəssisələrini bitirdikləri zaman 2600 manat məbləğində birdəfəlik müavinət ödənilir.
Maraqlıdır, bu ödəniş hansı şəxslərə şamil olunur və müavinəti almaq üçün hara müraciət etmək lazımdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov bildirib ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, eləcə də həmin kateqoriyadan olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas və ali təhsil müəssisələrini bitirdikdə birdəfəlik müavinət almaq hüququna malikdirlər.

Hüquqşünasın sözlərinə görə, sözügedən ödəniş müvafiq təhsil müəssisəsinin vəsaiti hesabına həyata keçirilir. Müavinətin məbləği 2600 manat müəyyən edilib.
Tağı Hüseynov qeyd edib ki, bu hüquqdan yararlanmaq istəyən şəxslər yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) struktur bölməsinə, DOST mərkəzinə və ya şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə müraciət edə bilərlər.
Qeyd edək ki, 2600 manatlıq birdəfəlik müavinət 2025-ci il aprelin 1-dən qüvvəyə minən dəyişiklik əsasında tətbiq olunur. Həmin tarixədək təhsil müəssisələrini bitirmiş şəxslərə bu ödəniş şamil edilmir.
Aynurə İsmayıl
KONKRET.az
