İnsan həyatı enişli-yoxuşlu yollarla doludur. Bəzən elə anlar olur ki, qarşıda heç bir çıxış yolu görünmür. Hər şeyin sona çatdığını düşünürük. Məhz belə məqamlarda deyilən bu sözlər insanın qəlbində yenidən işıq yandırır:
“Yol bitti sandıq, yol açıldı. Pulumuz qurtardı deyə düşündük, ruzimiz artdı. Ümidimiz dönmək üzrəykən Allah yetişdi…”
Bu cümlələr sadəcə təsəlli deyil, həyatın özündən süzülüb gələn bir həqiqətdir. Çünki insan plan qurur, hesab aparır, gələcəyini düşünür. Amma həyat heç də həmişə bizim hesablarımızla davam etmir. Elə qapılar bağlanır ki, onları bir daha açılmayacaq hesab edirik. Lakin zaman göstərir ki, bağlanan hər qapının arxasında bəzən gözləmədiyimiz başqa bir qapı açılır.
İnsan çətinliyə düşəndə ilk itirdiyi şey çox vaxt pul deyil, ümiddir. Halbuki ümid insanın ən böyük sərvətidir. Ümid varsa, mübarizə də var. Mübarizə varsa, çıxış yolu da tapılır. Tarix boyu böyük uğurlar qazanan insanların həyatına baxanda görürük ki, onların heç biri rahat və maneəsiz yol keçməyib. Onları zirvəyə aparan amil imkanlarının çoxluğu deyil, ümidsizliyə təslim olmamaları olub.
“Pulumuz qurtardı, ruzimiz artdı” ifadəsi də dərin məna daşıyır. Ruzini yalnız insanın qazancı müəyyən etmir. Bəzən gözlənilməz bir kömək, yeni bir iş imkanı, səmimi bir dost əli və ya heç gözləmədiyin bir fürsət həyatını dəyişə bilir. İnsan yalnız öz gücünə arxalananda tez yorulur, amma Allahın mərhəmətinə güvənəndə qəlbində qəribə bir rahatlıq yaranır. Çünki bilir ki, hər çətinliyin arxasında bir hikmət var.
“Dünən dünəndə qaldı, bu gün keçir, sabah da keçəcək” cümləsi isə zamanın ən böyük müəllim olduğunu xatırladır. Sevinc də əbədi deyil, kədər də. Çətin günlər neçəyə gəlibsə, eləcə də keçəcək. Heç bir fırtına sonsuza qədər davam etmir. Əsas məsələ fırtınanın içində ümid çırağını söndürməməkdir.
Bu düşüncə insanı həyata daha nikbin baxmağa sövq edir. Qarşılaşdığımız hər çətinlik bizi zəiflətmək üçün deyil, daha güclü etmək üçün qarşımıza çıxır. Bəzən Allah bizim istədiyimizi yox, bizim üçün daha xeyirli olanı verir. Biz bunu həmin anda anlaya bilmirik, lakin zaman keçdikcə hər hadisənin öz yerinə oturduğunu görürük.
Həyat bizə öyrədir ki, çıxılmaz yol yoxdur. Çıxılmaz görünən vəziyyətlər var. Bu vəziyyətlərdə insanın ən böyük dayağı inamı, səbri və ümididir. Çünki ümidin bitdiyi yerdə həyat da dayanır.
Allah insanı heç vaxt tək buraxmır. Bəzən köməyi gecikmiş kimi görünür, amma əslində hər şey ən doğru zamanda baş verir. Buna görə də insan nə qədər çətinliklə qarşılaşsa da, ümidsizliyə qapılmamalıdır. Yol bitdi sandığımız yerdə bəlkə də həyatımızın ən gözəl yolu başlayır.
Bir olan Allah hər zaman qəlbimizdə ümid çırağını yandırsın, çətin anlarımızda bizə səbir, güc və doğru yol nəsib etsin. Çünki insanı ayaqda saxlayan yalnız maddi imkanları deyil, Allaha olan inamı və sabaha olan ümididir.
Natiq Səlim,
KONKRET.az
