“ABŞ və İran tərəfinin özünü qalib elan etməsi təbii haldır. Əksər müharibələrin yekununda yaxud atəşkəs razılığında rəqiblər özlərini qalib kimi təqdim edirlər. Bu, daxili auditoriya üçün çox vacib amildir. Xüsusən İran üçün”.
KONKRET.az xəbər verir ki, bunu “Yeni Sabah”a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfiqarov bildirib.
O qeyd edib ki, 37 gün davam edən hərbi toqquşmalardan qalib tərəf Vaşinqtondur:
“De-fakto olaraq, İran hakimiyyəti dəyişib. Köhnə komandadan qalan tək-tük rəsmilər öz fəaliyyət və qərarlarına bəraət qazandırmalıdır. Əslində isə ABŞ-nin qalib gəlməsi heç bir şübhə doğurmur. Sadəcə olaraq, Vaşinqton indiki mərhələdə hərbi arenada əldə etdiyi nəticələri siyasi baxımdan təsbit etmək üçün atəşkəsə razılıq verdi. Hesab edirəm ki, bu 2 həftə ərzində siyasi proseslər intensiv şəkildə davam edəcək”.
Politoloq vurğulayıb ki, Tramp İranla bağlı Venesuelada tətbiq etdiyi siyasi taktikalardan istifadə etməkdədir:
“Hörmüz boğazını bağlayıb-açmaq İran üçün ən ciddi təsir vasitəsidir. Həmçinin Avropa və Çinə qarşı. Mütləq şəkildə bu təsir vasitəsindən istifadə olunacaq. Tehranın hərbi toqquşmalar zamanı Hörmüz boğazını bağlaması yaxud məhdud keçidlərə icazə verməsi qlobal ticarət əlaqələrinə ciddi şəkildə zərbə vurur. Tramp bu faktoru Çinə və Avropaya qarşı ciddi təzyiq vasitəsi kimi istifadə edə bilər. ABŞ-nin İran mövzusunda Venesuelada istifadə etdiyi taktikanın bəzi elementlərini görürük. Yəni idarəetmə sistemi dəyişmədən yaxud qismən dəyişikliklər etməklə, Vaşinqton əsas məqsədə nail olur”.
T.Zülfiqarov əlavə edib ki, Vaşinqton və Tehran arasında gərginlik tam bitməyib:
“Misal üçün, Maduronun həbs edilməsindən sonra demək olar ki, heç kəs hakimiyyətdən getməyib. Amma Venesuela neftinin ixracı ABŞ tərəfindən idarə olunur. Bu özü bir nəticədir. Mən istisna etmirəm ki, həmin nəticəni İranda da görəcəyik. Çünki bəllidir ki, İranda əsas məqsəd nüvə silahı və ballistik raketlərin istehsalı üçün nəzərdə tutulan texnologiyanı sıradan çıxarmaq idi. Artıq buna nail olunub. Amma idarəetmə sisteminin dəyişməsi əsas şərtlərdən biri deyildi. Praktiki olaraq, qismən bu da dəyişib. Əsas məsələ gələcəkdə ABŞ tərəfindən idarə oluna biləcək sistemin formalaşdırılmasıdır. Bunu isə zaman göstərəcək. Lakin gərginliyini tam bitəcəyini demək, inandırıcı deyil”.
Qeyd edək ki, ABŞ və İran arasında Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəs razılaşması əldə olunub. Həm ABŞ Prezidenti Donald Tramp, həm də İranın xarici işlər naziri Abbas Əraqçi razılaşmanı təsdiqləyib.
