Hazırda Bakıda dövlətə məxsus “BakuBus” marşrut avtobuslarında 5 yaşa qədər uşaqlar üçün gediş haqqı tələb olunmur. Bəzi özəl daşıyıcı şirkətlərdə isə bu hədd 6-7 yaş arasında dəyişir. Bir çox ekspertlər isə bu yaş həddinin 10 yaşa qaldırılmasını təklif edirlər. Bəs görəsən bu təklif nə dərəcədə realdır? Dünya təcrübəsində bu məsələ necə tənzimlənir?
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, dünya təcrübəsində bu məsələni hansısa qadağalarla yox, təşviqlə tənzimləyirlər: “Dövlət özəl şirkətlərə uşaq daşımalarına və biletlərinə görə əlavə dotasiya verir. Nəticə etibarilə şirkətlər itirmirlər. Sərnişini oturacaqlı yerdə daşıyırlarsa və məsafə eynidirsə, bu zaman şirkətlər üçün uşaqların yaşının hansı səviyyədə olması fərq etmir. Çünki eyni xərclər çəkilir. Ona görə də, bu məsələni qadağalarla və dövlətin sərt qaydaları ilə deyil, təşviqlə həll etmək lazımdır”.

Natiq Cəfərli əlavə edib ki, bu məsələdə müxtəlif ölkələrin təcrübələri mövcuddur: “Bəzi ölkələrdə 10 yaşa, digərlərində 12 yaşa qədər uşaqlar üçün yarı bilet qiymətlərinin ödənişi tətbiq olunur. Azərbaycanda da bəlli yaş həddi müəyyənləşdirilməlidir. Satılan biletlərin hamısı rəsmiləşdirilməlidir. Bu məsələdə də problemlər mövcuddur. Belə ki, biletlərin hamısı rəsmi qaydada satılmır. Nəticə etibarilə də uşaqlara satılan biletlərin yerləri üçün həmin şirkətlərə müəyyən güzəştlər təklif olunmalıdır. Yəni burada yükü şirkətlər deyil, dövlət öz üzərinə götürməlidir”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
