Cəbhədə vəziyyət: Ermənilər daha çox itki verir – AÇIQLAMAbackend

Cəbhədə vəziyyət: Ermənilər daha çox itki verir - AÇIQLAMA

Tərlan Eyvazov: “Cəbhədə son zamanlar artan təxribatlar fonunda erməni ordusu daha artıq itki verir”

Bir neçə müddətdir ki, cəbhə xəttində erməni təxribatının ardı-arası kəsilmir. Düşmən tərəfi ilə qarşıdurmada Azərbaycan ordusu şəhid versə də, erməni hərbi qüvvələrinin itkiləri qat-qat artıq olur. Bunu həm erməni mətbuatı, həm də ictimaiyyəti təsdiqləyir. Düşmən ordusundakı pərakəndəlik və özbaşınalıq da Ermənistan tərəfinin itkilərinin artıq olmasında mühüm rol oynayır.

Cəbhə xəttində son zamanlar düşmən təxribatının artmasına münasibət bildirən “Qorqud” Araşdırmalar Mərkəzinin sədri, ehtiyatda olan zabit Tərlan Eyvazov KONKRET.az -a maraqlı mətləbləri açıqlayıb. Ekspert bildirib ki, cəbhədə son zamanlar artan təxribatlar fonunda erməni ordusu öz layiqli cavabını alır:” Belə ki, Ermənistan ordusu qat-qat artıq itkiyə məruz qalır. Qeyd edim ki, Azərbaycan və Ermənistan rəhbərlərinin görüşlərindən sonra düşmən adətən bu cür təxribatlara əl atır. Bu təxribatların görüşlərin pozulmasına yönəldiyi gün kimi aydındır”.

Tərlan Eyvazov qeyd edib ki, Azərbaycandan fərqli olaraq, erməni cəmiyyəti yeknəsək deyil: “Ermənistan və Qarabağ klanı arasında olduqca böyük ziddiyyətlər mövcuddur. Bu ziddiyyətlərin dərinliyi çox böyükdür. Paşinyan isə sələflərindən fərqli olaraq özünü daha çox diqqətcil göstərməyə çalışır. Ona görə də müxtəlif ziddiyyətli bəyanatlar səsləndirir. Bütün bunlara rəğmən xüsusən müxalifətdə olan Qarabağ klanının Paşinyanı qəbul etmədiyi açıq-aşkar görünür. Hər vəchlə onu vurmağa, eləcə də Minsk qrupu və münaqişənin həllində mühüm rol oynayan dövlətlər arasında gözdən salmağa çalışırlar. Buna görə də cəbhə xəttində belə təxribatlar törədilir”.

Ehtiyatda olan zabitin sözlərinə görə, Ermənistan cəmiyyətində müxtəlif maraqlı qruplar, terrorçu qüvvələr mövcuddur: “Bütün bunlar isə düşmən ölkədəki qeyri-sabitliyin göstəricisidir. Erməni ordusunun, təhlükəsizlik qüvvələrinin iri ranqlı məmur və zabitlərinin istefa verməsi onu göstərir ki, düşmən ölkədə vəziyyət çox qarışıqdır. Xüsusən də erməni ordusunda intihar hallarının artması və pərakəndəliyin hökm sürməsi, bizim kəşfiyyat məlumatlarımız və Ermənistandakı qeyri-hökumət təşkilatlarının hesabatlarında öz əksini tapır. Qarabağa göndərilən erməni əsgərlərin hamısının aztəminatlı ailələrdən olması  cəmiyyətdə böyük narazılıq yaradır. Üstəlik düşmən ölkədə demoqrafik vəziyyətin acınacaqlı olması iqtisadi vəziyyətin çətinliyindən xəbər verir. Bütün bunlar Paşinyan hakimiyyətindən narazılıqlara gətirib çıxarır. Hətta Paşinyanın şou xatirinə öz övladını ön cəbhəyə göndərməsi də, narazılıqları azaltmır. Orduda korrupsiya hallarının mövcudluğu, Paşinyanın təcrübəsizliyi və cəmiyyətə rəhbərlik edə bilməməsi, siyasi iradəsinin olmaması bütövlükdə Ermənistanda və onun ordusunda acınacaqlı vəziyyətin yaranmasına səbəb olub. Paşinyanın siyasətçi olmadığı Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə də özünü açıq-aydın göstərdi. Bütün bunlar isə Ermənistanın idarəolunmaz hala gəldiyini və orduda intiharlardan tutmuş, iqtisadi vəziyyətə qədər  hər şeyin bərbad olduğunu deməyə əsas verir”.

Müşviq Tofiqoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*