Karib dənizində yerləşən Haiti uzun illər dünyanın ən yoxsul və siyasi baxımdan qeyri-sabit ölkələrindən biri olub. Lakin bu kiçik dövlətin tarixində elə bir dövr var ki, həmin illər təkcə siyasi repressiyalarla deyil, həm də mistik inancların hakimiyyətin qorunması üçün istifadə edilməsi ilə yadda qalıb. Ölkəni 29 il idarə edən Düvalye ailəsi vudu dini, fövqəltəbii qüvvələrə inam və amansız təhlükəsizlik qüvvələri vasitəsilə milyonlarla insanı qorxu altında saxlayıb. Bu rejimin qurucusu isə tarixə “Papa Dok” adı ilə düşən Fransua Düvalye olub.
1907-ci il aprelin 14-də Port-o-Prensdə anadan olan Fransua Düvalye ixtisasca həkim olub. O, tibb təhsili aldıqdan sonra səhiyyə sahəsində çalışıb, xüsusilə kənd yerlərində yayılan yoluxucu xəstəliklərlə mübarizə proqramlarında iştirak edib. Bu fəaliyyət ona ölkənin ucqar bölgələrində tanınmaq imkanı verib. Düvalye təkcə tibb sahəsi ilə maraqlanmayıb. O, Haiti xalqının Afrika köklərini, milli adət-ənənələrini və vudu dinini araşdıran intellektual çevrələrə də qoşulub. Sonralar bu biliklər onun siyasi strategiyasının mühüm hissəsinə çevrilib.

1957-ci ildə ölkədə keçirilən prezident seçkilərində Fransua Düvalye qalib gəlib. Həmin vaxt o, özünü yoxsul kənd əhalisinin müdafiəçisi, milli ənənələrin tərəfdarı və ölkədə sabitlik yarada biləcək siyasətçi kimi təqdim edib. Lakin hakimiyyətə gəldikdən sonra onun siyasəti tamamilə fərqli istiqamət alıb. Düvalye ordunun təsirini azaltmağa, özünə sadiq silahlı qüvvələr yaratmağa və siyasi rəqiblərini sıradan çıxarmağa başlayıb. 1964-cü ildə o, konstitusiyaya dəyişiklik edərək özünü ömürlük prezident elan edib. Bundan sonra ölkədə şəxsi hakimiyyət rejimi daha da sərtləşib.
“Tonton Makutlar” – qorxunun əsas qüvvəsi
Düvalyenin hakimiyyətinin əsas dayaqlarından biri “Tonton Makutlar” adlanan silahlı dəstə olub. Bu təşkilat 1959-cu ildə formalaşdırılıb, 1962-ci ildə isə “Milli təhlükəsizliyin könüllüləri adı ilə rəsmiləşdirilib. “Tonton Makut” ifadəsi Haiti kreol folklorundakı qorxulu obrazlardan birinə əsaslanıb. Əfsanələrə görə, bu personaj gecələr küçələrdə dolaşaraq dəcəl uşaqları kisəsinə qoyub aparıb. Beləliklə, onun adı uşaqları qorxutmaq üçün işlədilən bir ifadəyə çevrilib.

Düvalye bu obrazı öz hakimiyyətinin repressiv mexanizminin adına çevirib. Silahlı dəstənin üzvləri ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərərək əhalini izləyib, müxalifləri təqib edib, insanları həbs edib və qətlə yetiriblər. Onlar çox vaxt müntəzəm hərbi geyim əvəzinə adi paltarlarda, qara eynəklərlə və silahlarla küçələrdə dolaşıblar. Bu görünüş də onların cəmiyyət arasında yaratdığı qorxu atmosferini gücləndirib. Müxtəlif tarixi araşdırmalarda Düvalyenin hakimiyyəti dövründə “Tonton Makutlar”ın on minlərlə insanın ölümünə görə məsuliyyət daşıdığı bildirilir. Bəzi hesablamalara görə, onların qurbanlarının sayı 30 mini ötüb.
Fransua Düvalyenin digər siyasətçilərdən fərqlənən cəhətlərindən biri vudu dinindən hakimiyyət vasitəsi kimi istifadə etməsi olub. O, özünü sadəcə dövlət başçısı kimi deyil, xalqın dini inancları ilə bağlı xüsusi nüfuza malik şəxs kimi təqdim edib. Qara geyimləri, papağı və tünd eynəkləri ilə vudu mifologiyasındakı bəzi obrazları xatırladan görünüş yaradıb. Diktatorun özünü vudu ruhları ilə əlaqələndirdiyi barədə də məlumatlar yayılıb. Onun xüsusilə ölülər dünyası ilə əlaqələndirilən Baron Samedi obrazından istifadə etdiyi iddia olunub.

Con Kennedini “öldürən” cadugər
Düvalye haqqında ən məşhur əhvalatlardan biri ABŞ prezidenti Con Kennedi ilə bağlı olub. Britaniyalı tarixçi Aleks fon Tünzelmannın əsərində qeyd edilən məlumata görə, Kennedinin 1963-cü ildə öldürülməsindən sonra Haiti diktatoru hadisəni özünün mistik gücü ilə əlaqələndirib. İddiaya əsasən, o, ABŞ prezidentini simvolizə edən kuklaya 2222 dəfə iynə batırdığını söyləyib.
Düvalyenin yaratdığı qorxu mühiti o qədər güclü olub ki, onun tərəfdarları haqqında fövqəltəbii güclərə malik olduqları, ölüləri zombiyə çevirə bildikləri barədə şayiələr də yayılıb. Bu məlumatların bir hissəsi rejimin özü tərəfindən təşviq edilərək əhalinin psixoloji cəhətdən nəzarətdə saxlanılmasına xidmət edib. O, insanlardan qan alıb və Haitini qorxu altında saxlamaq üçün sehrbazlar ordusu yaradıb. Yerli sakinlər donor qanı verməyə məcbur ediliblər. Toplanan qan daha sonra ABŞ-yə satılıb: ayda iki dəfə Vaşinqtona 2,5 min litrədək qan göndərilib. Lakin bu satışdan əldə olunan pullar da diktatorun cibinə gedib.

Bütün sehrbazlıqlarına baxmayaraq, 1971-ci il aprelin 21-də Fransua Düvalye vəfat edib. Ancaq onun qurduğu sistem dağılmayıb. Diktator ölümündən əvvəl hakimiyyəti oğlu Jan-Klod Düvalyeyə ötürüb. Həmin vaxt onun cəmi 19 yaşı olub. “Beybi Dok” ləqəbi ilə tanınan Jan-Klod atasının ölümündən sonra ömürlük prezident elan edilib.
1980-ci illərin ortalarında iqtisadi böhran, yoxsulluq və narazılıq Haitidə kütləvi etirazlara səbəb olub. 1986-cı il fevralın 7-də Jan-Klod Düvalye hakimiyyətdən uzaqlaşdırılıb və ailəsi ilə birlikdə Fransaya qaçıb. Bununla da 29 il davam edən Düvalye hakimiyyətinə son qoyulub.\\musavat.com
