Bazarlarda göbələk mövsümünün başlaması ilə bu məhsula tələbat artır. Lakin göbələk alarkən diqqətsizlik istehlakçıların sağlamlığı üçün ciddi təhlükə yaradır. Xüsusilə köhnəlmiş, düzgün saxlanılmamış və ya zəhərli növlərlə qarışdırılmış göbələklərin istehlakı ağır zəhərlənmələrə, hətta ölüm hallarına səbəb ola bilər.
Bəs alıcılar göbələyin təzə və keyfiyyətli olduğunu hansı əlamətlərə əsasən müəyyən edə bilərlər? Zəhərli göbələklərdən qorunmaq üçün nələrə diqqət yetirilməlidir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan qida texnoloqu Ağa Salamov bildirib ki, təzə göbələk ilk növbədə rəngi, bərkliyi, qoxusu və quruluşu ilə seçilir.

Onun sözlərinə görə, təzə göbələyin rəngi təbii, açıq və şəffaf ağ olur, toxuması isə bərkliyini qoruyur. Göbələyin təzəliyini müəyyənləşdirmək üçün orqanoleptik analizdən, yəni görmə, qoxulama, toxunma və digər hiss orqanlarından istifadə etmək mümkündür:
“Göbələyi qırdıqda xırt-xırt səsinin gəlməsi onun təzə olmasına işarədir. Köhnə göbələklərdə isə bu xüsusiyyət müşahidə edilmir. Belə məhsulların rəngi qaralır, yumşalır, şirəsini buraxır. Bundan başqa, köhnəlmiş göbələklərdə kəskin kif qoxusu hiss olunur. Bu cür məhsullardan uzaq durmaq məsləhətdir”.
Qida texnoloqu istehlakçıları xüsusilə kəndlərdən və rayonlardan gətirilən yabanı göbələklərin turşularını alarkən diqqətli olmağa çağırıb. O, qeyd edib ki, göbələk yığan şəxslər bəzən yeməli şampinyonu zəhərli göbələk növləri ilə səhv sala bilirlər.
“Xüsusilə solğun əzvay kimi tanınan zəhərli göbələyin yeməli növlərlə qarışdırılması ciddi təhlükə yaradır. Hətta bir-iki zəhərli göbələyin ümumi məhsula qarışması belə ağır nəticələrə səbəb olur.
Solğun əzvay güclü toksinlər daşıyır və onun qəbulu ağır zəhərlənmə, hətta ölümlə nəticələnə bilər”.
Mütəxəssis istehlakçılara mənşəyi və növü dəqiq bilinməyən yabanı göbələklərdən, eləcə də belə göbələklərdən hazırlanmış turşulardan uzaq durmağı tövsiyə edib. Onun fikrincə, gündəlik qidalanmada mənşəyi məlum olan, mədəniləşdirilmiş və nəzarətdən keçmiş şampinyon kimi göbələklərə üstünlük verilməsi daha məqsədəuyğundur.
Aynurə İsmayıl
KONKRET.az
