Çinlə bağlı gizli sənəd YAYILDI – ABŞ-a qarşı yeni cəbhə açıla bilərbackend

Çinlə bağlı gizli sənəd YAYILDI – ABŞ-a qarşı yeni cəbhə açıla bilər

Solomon adaları ətrafında diplomatik mübarizə daha da qızışıb. O adalar ki, Sakit Okeanın xəritəsində kiçicik nöqtələrə bənzəyir. Lakin adalardan ibarət bu dövlətin gizli şəkildə Çinlə təhlükəsizlik paktı bağlamağa hazır olduğu xəbərləri fonunda onlar strateji əhəmiyyət kəsb edir. ABŞ bildirir ki, bu, adalarda Çinin hərbi bazasının yaradılmasına gətirib çıxara bilər. Pekin ittihamları rədd edib və dəfələrlə ABŞ-a Çin ətrafında hərbi ittifaqlar şəbəkəsi qurduğuna eyham vurub . Rəsmi Pekin öz arqumentlərində bildirir ki, Birləşmiş Ştatlar NATO-nu Rusiyaya doğru itələdiyi kimi Çinlə də eyni gedişləri edir.

Çin diplomatları buna misal olaraq Vaşinqtonun təzyiqi ilə qurulan, ABŞ, Yaponiya, Avstraliya və Hindistanın daxil olduğu hərbi ittifaqı, həmçinin Avstraliya, Böyük Britaniya və ABŞ-ın təmsil olunduğu hərbi paktı qeyd edirlər.

Qeyd edək ki, Solomon adaları ətrafında İkinci Dünya Müharibəsi zamanı ABŞ və Yaponiya arasında qarşıdurma olub. “New York Times” qəzetinin yazdığına görə, hazırda bu adalar uğrunda ABŞ və Çin mübarizə aparır.

  • Artıq ABŞ-a məlum olub ki, Solomon adaları və Çin okeanın bu quru ərazilərində qoşunların və döyüş gəmilərinin yerləşdirilməsi üçün saziş imzalamağa yaxındırlar.

Bununla bağlı gizli saxlanılan sənədi adalar üzrə razılaşmanın əleyhdarları açıqlayıb. Onun həqiqiliyini Avstraliya hökuməti də təsdiqləyib. Bu, hələlik yalnız müqavilə layihəsi olsa da, “ictimai asayişi” qorumaq üçün adalara Çin qoşunlarının göndərilməsini nəzərdə tutur.

Avstraliya Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri Çarlz İdl  bildirib ki, “Bu, ABŞ və onun müttəfiqlərinin dərin narahatlığına səbəb olub. Strateji rəqibin Solomon adalarında baza yaratması Avstraliya və Yeni Zelandiya üçün də təhlükəlidir. Əgər müqavilə imzalanarsa, Solomon adalarının baş naziri Saqavara Manasse müdafiə üçün Çinə müraciət etmək kimi hüquqi imkan əldə edəcək və Çinə bazanın verilməsi ona Cənubi Sakit Okeanda gəmilərin hərəkətini əngəlləməyə imkan verəcək”.

“Nezavisimaya Qazeta”ya müsahibəsində Ali İqtisadiyyat Məktəbinin Şərqşünaslıq şöbəsinin rəhbəri Andrey Karneyev isə qeyd edib ki, “Çin görür ki, gec-tez Sakit Okeanda ABŞ-a bu və ya digər formada qarşılıq verməli olacaq. Ona görə də o, bu cür razılaşmalar vasitəsilə regionda öz təhlükəsizlik sistemini qurmaq istəyir. Bunun nə ilə yekunlaşacağı isə hələ bəlli deyil – hərbi qarşılıqlı fəaliyyətmi, yoxsa çinlilər adalardan yanacaq doldurmaq üçün baza kimi istifadəmi?

Aydındır ki, Pekinin geniş planları var. Pekin öz təhlükəsizliyi üçün bütün vasitələrdən, hətta illüziyalardan da istifadə edir. Axı Çin və ABŞ arasında rəqabət səngiməyib, hələ daha da güclənir. Çinli analitiklərin Ukraynada baş verənləri araşdırarkən gəldiyi qənaət budur”.

“Financial Times” həmçinin Çinin Sakit okean siyasətini Ukrayna böhranı ilə əlaqələndirir. O yazır ki, Çin rəsmiləri Rusiyaya dəstəklərini əsaslandırmaq üçün yeni bir xəyala – hərbi bloka ehtiyac duyur.

Çin prezidenti Si Cinpin və ABŞ prezidenti Cozef Bayden martın 18-də telefon danışığında Ukraynadakı münaqişənin səbəbləri ilə bağlı ziddiyyətli fikirlər bildiriblər. O vaxtdan bəri Çin diplomatları ABŞ-ın rəhbərlik etdiyi alyansların Moskva üçün olduğu qədər Pekinə də təhlükə olduğunu sübut etmək üçün təbliğat hücumuna başlayıblar. Çin Xarici İşlər Nazirinin müavini Le Yuxeng qeyd edib ki, bu hücum dayandırılmasa, Asiya-Sakit Okean regionu uçurumun astanasında olacaq.

Fransız investisiya bankı “Natixis”in iqtisadçısı Garcia Guerrero deyir ki, ABŞ və Aİ Çini küncə sıxışdırmağa çalışarkən, Çin bu küncü genişləndirir. Yəni Rəsmi Pekin Rusiya ilə tərəfdaşlığını artırmaqda maraqlı olan inkişaf etməkdə olan ölkələrlə daha dərin əlaqələr qurmaqla tamamlayır və təsir dairəsini daha da genişləndirməyə çalışır.

  • Şanxaydan hərbi analitik Ah Ni Lexiong açıq şəkildə xəbərdarlıq edir: “Əgər biz Ukrayna böhranına lazımi təsir göstərə bilməsək, 30 ildən sonra Qərb indi Rusiya ilə necə davranırsa, bizimlə də elə davranacaq”.

Si Cinpin Böyük Britaniyanın baş naziri Boris Consonla telefon danışığında Ukrayna mövzusundan yan keçməyib. Söhbətə səbəb Çin və Böyük Britaniya arasında diplomatik münasibətlərin qurulmasının 50 illiyi olub. Çinin mövqeyini açıqlayan Si deyib ki, Çin tərəfi Ukrayna məsələsinin siyasi həllində konstruktiv rol oynamağa hazırdır. Buradan belə nəticəyə gəlmək olar ki, əgər Pekin nə vaxtsa diplomatik yolla müdaxilə etmək qərarına gəlsə, o zaman istənilən halda Qərbin tərəfində deyil.

Hazırladı: Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*