Qış aylarında dağlıq ərazilərdə yerləşən kəndlərlə əlaqələrin çətinləşməsi, yolların bağlanması və nəqliyyat imkanlarının məhdudlaşması ucqar yaşayış məntəqələrinin əsas problemlərindən biri olaraq qalır. Bununla yanaşı, iş imkanlarının məhdudluğu, sosial və iqtisadi şəraitin yetərincə əlverişli olmaması da əhalinin dağ kəndlərini tərk edərək düzən ərazilərə və şəhərlərə köçməsinə səbəb olur.
Bəs dağ kəndlərinin boşalmasının qarşısını almaq və burada yaşayan insanların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib ki, kəndlərin problemlərinə yanaşarkən onların yerləşdiyi ərazinin coğrafi və sosial xüsusiyyətləri nəzərə alınmalıdır.

Onun sözlərinə görə, xüsusilə dağ kəndləri üçün fərqli və məqsədyönlü yanaşmaya ehtiyac var:
“Bütün bölgələrin və kəndlərin spesifik, fərqli vəziyyətləri nəzərə alınmalıdır. Onların içərisində dağ kəndləri də var. Azərbaycanda bu problem mövcuddur. Əslində, digər dağlıq ölkələrdə də oxşar vəziyyət müşahidə olunur. Əhali dağlarda əvvəlki kimi qalmır, tədricən düzən ərazilərə və şəhərlərə köçərək məskunlaşır. Bu isə kəndlərin boşalması baxımından ciddi problemdir”.
Akif Nağı qeyd edib ki, qış aylarında yolların və nəqliyyat əlaqələrinin kəsilməsi vəziyyəti daha da çətinləşdirir. Lakin onun fikrincə, dağ kəndlərinin boşalmasının əsas səbəblərindən biri məşğulluq imkanlarının məhdud olmasıdır.
“Qış vaxtı əlaqələr kəsilir. Amma əsas məsələ işin, məşğulluğun olmaması ilə bağlıdır. İnsanların orada qalması üçün şərait yaradılmalıdır. Güzəştli şərtlər tətbiq olunmalı, həmin ərazilərdə yaşayan insanlara müəyyən imkanlar verilməlidir ki, təsərrüfatlarını qura bilsinlər. Əkin-biçinlə, heyvandarlıqla məşğul olsunlar”.
Partiya sədri hesab edir ki, ucqar dağ kəndlərində çalışan insanların əməkhaqqının artırılması da həmin ərazilərdə məskunlaşmanın qorunmasına mühüm stimul verə bilər.
“Ən azı əvvəllər təyinat məsələsi var idi. Məzunlar, müəllimlər, həkimlər müəyyən bölgələrə, rayonlara, ucqar kəndlərə göndərilirdi və iki-üç il orada işləməli olurdular. Bu, ehtiyacdan irəli gəlirdi və düzgün yanaşma idi. Buna oxşar bir sistem düşünmək olar. Amma əsas məsələ məcburiyyət olmamalıdır. İnsanları maraqlandırmaq, onlar üçün əlverişli şərait yaratmaq lazımdır”, – deyə Akif Nağı vurğulayıb.
O bildirib ki, bütün çətinliklərə baxmayaraq, ucqar dağ kəndlərində həyat tamamilə dayanmayıb. İnsanlar mövcud imkanları hesabına təsərrüfatlarını davam etdirirlər:
“Ucqar yerlərimizdə həyat dayanmır. İnsanlar öz ehtiyaclarını görürlər. Heyvandarlıqla məşğul olanlar öz təsərrüfatlarını davam etdirirlər. Amma problemlər var. Əsas məsələ odur ki, həmin ərazilər boş qalmasın, insanlarımız dağ kəndlərini tərk etməsin və kəndlərimiz insansız qalmasın”.
Beləliklə, dağ kəndlərinin qorunması yalnız qış aylarında yolların açıq saxlanılması ilə məhdudlaşmamalıdır. Bu ərazilərdə əhalinin saxlanılması üçün məşğulluq imkanlarının artırılması, əməkhaqlarının yüksəldilməsi, güzəştli iqtisadi mexanizmlərin tətbiqi, kənd təsərrüfatına dəstəyin gücləndirilməsi və sosial infrastrukturun inkişaf etdirilməsi vacibdir.
Əks halda, yol və nəqliyyat problemi ilə başlayan çətinliklər zamanla əhalinin köçünə, kəndlərin boşalmasına və bəzi ucqar yaşayış məntəqələrinin tədricən öz sosial həyatını itirməsinə gətirib çıxara bilər.
Aynurə İsmayıl
KONKRET.az
