İsrail parlamentində böhran – Hökuməti kimin quracağı sual altındadırbackend

İsrail parlamentində böhran - Hökuməti kimin quracağı sual altındadır

İsraildə keçirilən parlament seçkilərində səslərin 89,8 faizi hesablanıb. İlkin nəticələrə əsasən, Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi blok Knessetdə 53, Qadi Eyzenkotun rəhbərlik etdiyi blok isə 48 yer qazanmağa yaxındır.

KONKRET.az “Times of Israel”ə istinadla xəbər verir ki, bu barədə İsrail Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Nəşr yazır ki, 120 yerlik Knessetdə hökumət qurmaq üçün ən azı 61 mandat tələb olunur. Beləliklə, hazırkı nəticələrə əsasən, hər iki blok parlament çoxluğunu təmin etməkdən uzaqdır.

Seçkilərin diqqətçəkən nəticələrindən biri isə ərəb partiyalarının uğuru olub. Ərəb əsilli seçicilərin fəal iştirakı fonunda “Birləşmiş Siyahı” və “Raam” partiyalarının ümumilikdə 19 mandat qazanacağı gözlənilir. Bu, ərəb partiyaları üçün rekord göstəricidir. Onların əvvəlki ən yüksək nəticəsi 15 mandat olub.

Məlumata görə, partiyalar üzrə bölgüdə Netanyahunun “Likud” partiyası 26 yerlə ilk sıradadır. Eyzenkotun “Yaşar” partiyasının isə 21 mandat qazanacağı gözlənilir. Naftali Bennetin “Birlikdə” partiyası və “Birləşmiş Siyahı” hərəyə 12 yerə sahib ola bilər. Solçu “Demokratlar” partiyası da 8 mandat qazanıb.

Həmçinin ifrat sağçı “Otsma Yehudit”, ultra-ortodoks “Şas” və “Birləşmiş Tövrat Yəhudiliyi”, eləcə də “Raam” və Aviqdor Libermanın “İsrail Evimiz” partiyalarının hər birinin 7 mandat əldə edəcəyi gözlənilir. Maliyyə naziri Betsalel Smotriçin rəhbərlik etdiyi “Dini Sionizm” partiyasının isə 6 yer qazanacağı bildirilir.

Bildirilib ki, hazırkı bölgüyə əsasən, Netanyahunun blokuna daxil olan partiyalar birlikdə 53 mandat əldə edir. Bu, mövcud parlamentdəki 68 mandatla müqayisədə ciddi geriləmədir. Eyzenkotun bloku isə 48 yerlə çoxluq üçün tələb olunan həddən 13 mandat geri qalır.

Ərəb partiyalarının qazandığı 19 mandat Netanyahunun hakimiyyətdən uzaqlaşdırılmasını istəyən qüvvələrin parlament çoxluğunu təmin etməsinə imkan verə bilər. Lakin həmin blokun bir sıra üzvləri ərəb partiyaları ilə əməkdaşlığı istisna edir. Bu isə yeni hökumətin formalaşdırılmasını çətinləşdirir.

Qeyd edək ki, seçkilərin ilkin nəticələri əvvəlki rəy sorğularından və səsvermədən dərhal sonra açıqlanan exit-poll nəticələrindən fərqlənir. Həmin sorğularda Eyzenkotun bloku öndə göstərilirdi. Seçki Komissiyasının məlumatına görə, hərbçilərin, məhbusların, xaricdəki diplomatların və qeydiyyatda olduqları məntəqələrdə səs verə bilməyən digər şəxslərin bülletenləri hələ hesablanmayıb. Təxminən 430-480 min səsin nəticələrə təsir göstərə biləcəyi bildirilir.

Məlumat üçün bildirək ki, seçkilərin yekun rəsmi nəticələrinin noyabrın 4-də açıqlanacağı gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*