Rusiyanın dərman firmaları həyati əhəmiyyət daşıyan dimedrol, parasetamol, qlükoza, ibuprofen kimi dərmanların istehsalını dayandıra bilər
KONRET.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.
Firmalar Sənaye və Ticarət Nazirliyinə müraciət ediblər. İstehsalının dayandırıla biləcəyi dərmanların siyahısına antihistamin vasitə olan dimedrol, ağrıkəsici ibuprofen, qızdırmanı aşağı salan parasetamol, maye qlükoza kimi dərmanlar daxildir. Dərman biznesmenlərinin bu qərarı istehsalın qeyri-rentabelliyi və preparatların icazə verilən maksimal qiymətinin çox aşağı olması ilə bağlıdır.
2019-cu ildə həyati əhəmiyyətli dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin yeni metodikası qəbul edilib. Güman edilir ki, innovativ preparatların qiyməti onların bir sıra dövlətlərdəki analoqlarının qiymətindən çox olmamalıdır. Analoqların qiyməti isə aşağı əmsalla qeydə alınacaq. Bundan əlavə, metodologiyada əksini tapmış maddəyə əsasən, yeni dərmanların qiymətləri artıq mövcud olanların qiymətini aşa bilməz.
Xatırladaq ki, adı çəkilən dərmanların əksəriyyəti yeni növ koronavirusla mübarizə zamanı qızdırma əleyhinə və ağrıkəsici kimi istifadə edilən həyati vacib preparatlardır.
sputnik.az
