Pandemiya dövründən sonra uzun müddətdir bağlı qalan Azərbaycanın quru sərhədləri ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Xüsusilə, Bakı–Tbilisi qatar reysinin bərpası ictimaiyyətdə müəyyən gözləntilər formalaşdırsa da, Türkiyə ilə quru sərhədlərinin hələ də açılmaması suallar doğurur. Bir tərəfdən sərhədlərin bağlı qalmasının iqtisadi və sosial təsirləri müzakirə olunur, digər tərəfdən isə karantin rejiminin davam etdirilməsinin nə dərəcədə əsaslı olduğu gündəmə gəlir.
Bəs Azərbaycan–Türkiyə arasında quru sərhədlərinin yaxın zamanda açılması nə qədər real görünür?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiyanın sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı bildirib ki, bu məsələdə hansısa ölkəni fərqləndirmək düzgün yanaşma deyil:

“Türkiyə Azərbaycana qardaş ölkədir. Ümumiyyətlə, “niyə bu ölkə ilə açılmır, digəri ilə açılır?” kimi düşüncələri artıq kənara qoymalıyıq. Azərbaycanda quru sərhədlər problemi birdəfəlik həll olunmalıdır.
Gürcüstanla bağlı atılan addım, sadəcə Tiflis qatarının fəaliyyətə başlamasıdır. Bu, quru sərhədlərin tam açılması demək deyil. Belə olacaqsa, heç açılmaması daha yaxşıdır. Çünki qiymətlərə baxdıqda görürük ki, 6 il əvvəlki dövrlə müqayisədə təxminən 237 faiz artım var”.
Cavanşir Abbaslı hesab edir ki, Türkiyə ilə quru sərhədlərinin açılması məsələsi də artıq gündəmə gətirilməlidir:
“Azərbaycan nadir ölkələrdən biridir ki, pandemiya əsas gətirilərək quru sərhədlər hələ də bağlı saxlanılır. Hesab edirəm ki, koronavirusla bağlı karantin rejiminin müddətinin uzadılması məsələsi iyun ayından sonra tamamilə aradan qaldırılmalıdır. Artıq növbəti dəfə uzadılmasına ehtiyac yoxdur”.
Aynurə İsmayıl
KONKRET.az
