“Diqqət verib gördüm ki, insan qanıdır. Suda xeyli cəsəd vardı” – İLGİNC TARİXİ FAKTLARbackend

"Diqqət verib gördüm ki, insan qanıdır. Suda xeyli cəsəd vardı” - İLGİNC TARİXİ FAKTLAR

Mart Soyqırımı və ya Mart Hadisələri – 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Rəsmi mənbələrə əsasən soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

Rusiyadan hərtərəfli kömək alan erməni quldurları Azərbaycan və Şərqi Anadolu torpaqlarını aborigen əhalidən təmizləyərək “Böyük Ermənistan” dövləti yaratmağa cəhd göstəriblər. Bu məqsədlə həyata keçirilən soyqırımlar 1914-1919-cu illərdə bütün Azərbaycan torpaqlarını və Şərqi Anadolunu əhatə edib, yüz minlərlə dinc azərbaycanlı əhali xüsusi qəddarlıqla qətlə yetirilib. Azərbaycanın və Şərqi Anadolunun türk-müsəlman əhalisinin məhv edilməsi qabaqcadan düşünülmüş ümumi plan əsasında, həm də vahid mərkəzdən idarə olunaraq həyata keçirilirdi.

Bu baxımdan Azərbaycanın Lənkəran qəzası da erməni daşnaklarının denikinçilərlə birgə həyata keçirdiyi soyqırım aktından kənarda qalmayıb və bu ərazidə də 1918-1919-cu illərdə kütləvi qətl və qarətlər həyata keçirilib. Lənkəran mühüm strateji və ərzaq rayonu olub, Bakının arxası və ingilislərin ağalıq etdikləri Qacar iranı ilə həmsərhəd idi. Lənkəran vasitəsilə Orta Asiya və Həştərxanla əlaqə saxlamaq, Sovet Rusiyasından məsləhət və kömək almaq mümkün idi. Bu baxımdan Lənkəranın əldə saxlanması istər bolşeviklər, istərsə də onların hamilik etdiyi erməni daşnakları üçün vacib idi. Bu məqsədlə Stepan Şaumyan milli qüvvələrin – Sultan bəy Qulubəyov, Aslan Talışinski və baron Osten-Sakerin 1917-ci ildə təşkil etdiyi milli alayı və Lənkəranda olan “Dikaya diviziya”nı tərksilah etməklə, bölgəni tam şəkildə ələ keçirməyi planlaşdırırdı.

Tam şəkildə ələ keçirmək isə etnik təmizləmə siyasəti kimi başa düşülməlidir. 1917-ci il dekabrın 20-də Lənkəran qəzası üzrə Müəssislər Məclisinə seçkilərin nəticələrinə görə “Müsavat” partiyasının 53.910 səs topladığını nəzərə alsaq bu başa düşüləndir. Soyqırımın həyata keçirildiyi bütün Azərbaycan torpaqlarında olduğu kimi məqsəd həm də Azərbaycan xalqının milli-azadlıq mübarizəsini önləmək, onun mərkəzdə və əyalətlərdəki dayaqlarını zəiflətmək idi. Bu niyyətin reallaşdırılması üçün soyqırıma məruz qalan insanların etnik mənsubiyyətinə görə də fərq qoyulmadı, məhv edilməsi üçün müsəlman olması yetərli idi. Lənkəran qəzasında erməni daşnakların vəhşiliyi 1917-ci ilin iyun ayının 19-da ilk dəfə olaraq özünü biruzə vermişdi. Həmin vaxtdan başlayaraq 1918-ci ilin may ayına qədərki bir müddət ərzində denikinçi komandan Şevkunovun quldur dəstəsinə rəhbərlik edən daşnak Akopyan və ermənipərəst eser Sinayev Lənkəranda Mir Əhməd xanının birmərtəbəli evini özlərinə qərargah etmişdilər. Onlar törətdikləri vəhşiliklərə belə haqq qazandırırlar ki, guya Lənkəran qəzasını qaçaq-quldurlardan qoruyurlar. Bu məqsədlə onlar dəfələrlə şəhər və kəndləri dənizdən top atəşinə tutmuşlar.

O dövrü yerli camaat qaçhaqaç dövrü kimi yadda saxlayıb. Sakinlər əliyalın olduğundan, atışma başlayan kimi meşələrə üz tutub. Bunun qarşısını almaq üçün hərbçilərlə danışığa gedən Sütəmurdov kəndinin 13 ağsaqqalı hərbçilərlə belə bir şərt kəsiblər ki, dinc əhaliyə toxunmayacağı tədqirdə, əvəzində onlara lazım olan ərzağı veriləcəklər. Lakin bu təkliflərinə baxmayaraq quldur dəstəsi iyun ayının 19-da həmin günahsız Sütəmurdov ağsaqqallarını qolları bağlı çayın dəhnəsinə apararaq, qılıncla başlarını kəsir, bədənlərini tikə – tikə etdirirlər.

Onların hamısını dəhnədə basdırırlar. Bir neçə gündən sonra bir dəstə itin meyidlər ətrafında ulaşmasını eşidən camaat gəlib yoxlayır, bu qanlı faciəni görür. Sütəmurdovlular onların meyitlərini çıxarıb yeşiklərə dolduraraq gətirib kəndin məscidi qabağında dəfn edirlər. Həmin ağsaqqalların adlarını Sütəmurdov mollası, 88 yaşlı Mir Cavadın quranı içərisindəki qeydlərə istinadən ishaq Axundov öz əsərində qeyd edib:

1. Alim Fazil axund – molla Həmid usta Məmmədəli oğlu,

2. Hacı baba Kərbəlayı Məhəmmədqulu oğlu,

3. Əli Nağı Məşədi Əbdül Hüseyn oğlu,

4. Xəlil Məşədiəliqulu oğlu,

5. ibrahimpaşa Məşədi Mikayıl bəy oğlu Kələntərov,

6. Kərbəlayi Əkbər Məhəmməd oğlu,

7. Kərbəlayi Hüseyn Əhməd oğlu,

8.Kərbəlayi Məlik Məşədi Bağır oğlu,

9. Mirsadığ Kərbəlayi Mir Tahir oğlu,

10. Xəlil Məhəmməd Hüseyn oğlu,

11. Abdulla Məhəmməd oğlu, 12. Səfər Baba oğlu,

13. Məhəmməd Rza Məşədi Əhməd oğlu.

Denikinçilərin ermənilərin quldur dəstələri ilə birlikdə gördüyü işlər bununla yekunlaşmadı və 1918-ci ilə qədər geniş xarakter almağa başladı.

Bu barədə Lənkəran əhalisinin yaşlı nəslinin qanlı xatirələri Hacı Mirhaşım Talışlının müəllifi olduğu “1918-ci il Lənkəran faciəsi’’ adlı məqalədə geniş şəkildə öz əksini tapmışdır. Hadisə şahidlərindən Lənkəranda ilk ali təhsilli ədəbiyyat müəllimi Teymur Şahverdiyev xatirələrini belə bölüşürdü: “1918-ci ilin mart ayı idi. “Kolaz”da Sütəmurdova gedirdim. Körpü hələ çəkilməmişdi. Su qırmızıya çalırdı. Diqqət verib gördüm ki, insan qanıdır. Suda xeyli cəsəd vardı”. O illərin bir digər şahidi “Lenin” ordenli müəllim Əbülqasım Qasımov belə bir əhvalat danışırdı:(hadisə Lənkəranın Gərmətük kəndində baş vermişdir) “Heyva gül açan vaxtları (aprel-may ayları) idi. Şevkunovun quldur dəstəsi erməni daşnakları ilə birləşərək xeyli adamı qanına qəltan etmişdi. Hərbi paraxoddan şəhər top atəşinə tutulmuşdu. Lənkərana ticarət işinə gedən Məşədi Qasım, Məşədi Şirəli, Kərbəlayi Nurulla və Hacı axund dava-qırğını görüb geri qayıtmışdılar.

Bu vaxt mərmi məscidin bir tərəfini aparır. Abuzər Ağababa oğlu uşağı ilə həlak olmuşdular. Kərbəlayi Səfərəli Cabbar oğlunu buğda və düyü tayaları üstündə vurmuşdular. O, qışqırıb deyirmiş ki, məni öldürməyin, nə istəyirsinizsə, verim. Kərbəlayi Səfərəlinin yalvarışlarına əhəmiyyət verməyib evini də yandırmışdılar. Köməyinə gələn Kərbəlayi Güləliyə də aman verilməmiş, amansızcasına qətlə yetirmişdilər. Dərzi Musanın evinin ətrafında 8 nəfəri güllə ilə vurmuşdular. Uşaqlara, qadınlara belə rəhm edilməmişdi. Qaynar samavarı adamların belinə bağlayır, yeriməyə məcbur edirdilər, iki gün ərzində Gərmətükdə 7 nəfər öldürülmüşdü”. Xəzər donanmasındakı rus matrosları da qırğına cəlb olundular. Onların sərəncamında olan “Aleksandr Jander” gəmisindən Qızılağacdan Astaraya qədər sahilə yaxın yaşayış məntəqələri top atəşinə tutuldu.

Mirhaşım Talışlı həmin anları belə xatırlayır: “Gərmətük camaatı kənd ağsaqqalı Hacı Ağabalanı matroslarla danışığa göndərirlər ki, qırğını dayandırsınlar. Rus dilini yaxşı bilən Hacı Ağabala ağ parçadan bayraq qaldırıb, dənizin sahilinə gəlir. Onlar rusların məqsədlərinin nə olmasını öyrənmək istəyirdilər. Onlar öyrənmək istəyirdilər ki, niyə bu camaatı qırırlar? Onların, yəni rus-erməni birləşmələrinin rəhbəri Şevkunov deyib ki, sizin hamınız bizim düşmənimizsiniz. Biz istəyirik ki, bu yerlərdən köçəsiniz”. Lənkəran qəzasında soyqırımların daha sistemli və ardıcıl olaraq aparılması üçün bəhanə 1918-ci ilin martın 24-də şəxsi heyəti müsəlmanlardan ibarət olan “Evelina” gəmisinin Bakıda bolşevik qüvvələri tərəfindən tərksilah edilməsi oldu. Belə ki, 1918-ci il martın 17-də silahla davranışdan həlak olmuş Azərbaycan milyonçusu H.Z.Tağıyevin oğlu Məhəmməd Tağıyevin cənazəsini Lənkərandan Bakıya gətirən müsəlman diviziyasının 48 nəfərdən ibarət kiçik bir dəstəsi bolşevikləri, erməniləri təşvişə salmışdı.

Mərhumu dəfn edən müsəlman dəstəsi “Evelina” gəmisi ilə Lənkərana geri qayıtmalı idi. Əlverişli məqamın yetişdiyini görən ermənilər gizli şəkildə Rus Milli-Şurası, Xəzər motrosları, eser və menşevik partiyaları arasında guya “Evelina” ilə gedən zabitlərin Lənkəranda olan müsəlman hərbi dəstələn ilə birlikdə Muğandakı rus-molokan kəndlərini məhv etmək tapşırığı almaları barədə şayiə yaydılar. Bakıda olan bütün qeyri-müsəlman siyasi və hərbi qüvvələr “Evelina”gəmisinin tərksilah edilməsi fikrini dəstəklədilər. Gəminin körpüdən aralanmasına az qalmış silahlı bolşeviklər müsəlman dəstəsinin tərksilah olunmasını tələb etdi. Müsəlman dəstəsinin rədd cavabına tüfənglərdən və pulemyotlardan atılan atəşlə cavab verildi.

Gəmidəki silahlar bolşeviklər tərəfindən müsadirə olundu. Bununla kifayətlənməyərək Şaumyanın sərəncamı və erməni milli şurasının göstərişi ilə Lənkəranda olan “Dikaya diviziya”nı tərksilah etmək üçün erməni fəhlələrindən təşkil olunan 280 nəfərlik silahlı dəstənin mövcud olduğu bolşevik-erməni ordusunu quru yol ilə Muğana, bir qismini də dəniz yolu ilə Lənkərana göndərildi. 1918-ci ilin aprelin 12-dən başlayaraq Lənkəran qəzasına basqın edən bu quldur dəstə yolboyu azğınlıq etməklə müsəlman kəndlərini talayaraq dağıdaraq yandırmış və Lənkəran əhalisinə divan tutmuşdur. Lənkəran qəzasında 40-dan çox kənd yandırılmış, yüzlərlə günahsız insan qətlə yetirilmişdi. Erməni daşnakları evlərə girib bəzən bütün ailəni məhv edirdilər. Lənkəranın Yuxarı Nüvədi kəndində kəndin ağsaqqalarından olan Hacıbaba Əmirxan oğlunun başını kəsmişdilər. Yusikuh ocağına yaxın 2 qadını gülələmişdilər. Bu haqda kəndin qocaman sakinləri indi də xatırlamaqdadırlar.

Tiflisdə qorunan arxiv sənədlərinə əsasən (fond 67) Lənkəran şəhərində 50 dən çox cavan, qoca və qadını bir necə saat içində öldürmüşdülər. Qatillərdən biri Şıvkunovun dəstəsində olan Makuyan adlı bir erməni idi. Hamilə qadınlara, qocalara belə rəhm edilmirdi. Bir gün ərzində Gərmətük kəndində 70-dək, Mamusta kəndində 40-dək, Kərgəlan kəndində 30-dək, Sütəmurdov kəndində 20-dən çox, Girdəni kəndində 20-dək günahsız insan soyqırımın qurbanı oldu.

Mirhaşım Talışlı qeyd edir ki, erməni-rus əsgərləri Lənkəran qəzasında ən hörmətli və el arasında sayılıb seçilən ağsaqqalları ya öldürür, ya da ələ keçirib, işgəncələr verirdilər. Lənkəranda tanınan Məşədi Qasımın, Məşədi Şirəlinin, Kərbəlayı Nurullanın, Hacı Axundun, Hacı Hüseyni, Verevullu Mirməhəmməd xan Mirfərəculla bəy oğlu Talışxanov və yüzlərlə başqalarının taleyi belə, acınacaqlı olmuşdu. Şıxəkəran kəndinə hücum edən rus və erməni əsgərləri kəndi talan edərək, camaatın mal-qarasını və qiymətli ev əşyalarını ələ keçiriblər. Atışmada öldürülmüş erməninin heyfini çıxan əsgərlər bir neçə kənd sakinini diri-diri yandırıblar. Bəzilərinin qulaq və burunlarını kəsir və gözlərini çıxarıblar.

Kənd camaatı Mamusta ilə Xolmili arasındakı meşəyə çəkilib, bir neçə gün burada gizləniblər. Mamusta kəndində cavanları evlərə yığıb, od vurub yandırıblar. Hətta bir neçə mamustalı qılıncla doğranılaraq öldürülüb. Ermənilər Mamusta kəndinə od vurub yandırıblar. Qadınlar və uşaqlar isə Qoçasələ meşəsinə sığınıblar. Lənkəran şəhəri və ətraf kəndlərin əhalisi Osaküçə meşələrinə çəkilərək özlərini qorumaq üçün sığınacaq tapmışdılar. Ara sakitləşəndən sonra ev-eşiklərinə qayıtmış şəhər camaatı erməni vəhşiliyinin bir daha şahidi olmuşlar. Evlər top mərmisi ilə dağıdılmış, dükanlar qarət və talan edilmişdi. Öldürülmüş və dənizə atılmış insan cəsədləri üzərində erməni vəhşiliyinin və qəddarlığının bütün əlamətlərini görmək mümkün idi.

Arxiv mənbələrinin birində qeyd edilir ki (fond74), “Osmanlı qoşunlarının Bakını azad etməsindən bir az əvvəl Lənkərana iki min nəfərlik erməni dəstəsi gələrək yerli əhaliyə divan tutmağa başladı. Onlar müsəlman yeməkxanalarına girib oradakıları təhqir edir, yediklərinin pulunu vermir, özlərini Osmanlı türklərindən qorumaq üçün onları səngər qazmağa məcbur edirdilər, iş o yerə çatmışdı ki, erməni əsgərləri məhərrəmlik mərasimi verilən məscidlərə girib müsəlmanlara öz təziyyələrini keçirməyə mane olurdular. Müsəlman əhalisi dini ayinlərini icra etmək üçün məscidlərə yığışdıqları zaman ermənilər ora soxularaq müsəlmanları qarət edir, məscidi isə yandırmaq istəyirdilər.

Ermənilər bu bölgədə yüzlərlə ev dağıtdı və minlərlə günahsız insanın həyatına son qoydular”. 1919-cu ilin avqustunda “Molokan qiyamı” yatırılana qədər bu bölgədə erməni və rus birləşmələri tərəfindən 2 min insanın həyatına son qoyulmuşdu. Lənkəran qəzasında noyabrın 1-də müsəlman cəmiyyətinin səlahiyyətli nümayəndəsi Teymur bəy Bayraməlibəyov Bakıda olan türk ordusunun baş komandanı Nuru Paşanın qəbulunda olub. O, Avetisovun (Türk ordusunun hücumu qarşısında duruş gətirə bilməyərək ordunu başsız qoyub qaçan, türklərin qatı düşməni, Bakı cəbhəsinin keçmiş komandanı Avetisov sonralar Prişibdə öldürülmüşdü) quldur dəstəsinin özbaşınalığı haqqında ona məlumat vermiş və lənkəranlıların bu ağır vəziyyətdən qurtarmasını ondan xahiş etdilər.

Görüşdə Nuru Paşa lənkəranlıların səlahiyyətli nümayəndəsinə bildirmişdi ki, türklər sizə hərtərəfli köməklik göstərəcək və adıçəkilən dəstənin bütün özbaşınalığının qarşısı alınacaqdır. Sonda Nuru Paşa bildirmişdi ki, müsəlmanlara çatdırın ki, onlar çox da gözləməyəcəklər. Lənkəranda soyqırımların qarşısının alınması üçün 1918-ci il noyabrın 14-də görkəmli maarif xadimi Teymur bəy Bayraməlibəyov, Axund Molla Əli Tağızadə və Yusif Qəribzadə ilə birlikdə irandakı Böyük Britaniya konsulu Hevelke ilə görüşdülər. Nümayəndələr Avetisovun başçılığı altında erməni silahlı dəstələrinin Muğanda və Lənkəranda dinc əhaliyə divan tutduğuna dair sənədləri Hevelkeyə təqdim etməklə, onlar konsula ingilis ordularının Azərbaycana gəlişi ilə erməni silahlı dəstələrinin qəddarlığının arta biləcəyi ehtimalını söylədilər. Nümayəndələr ingilis konsulundan erməni silahlı dəstələrinin hərəkətlərinin qarşısını almağa diqqət yetirməyi xahiş etdilər.

Lakin bütün bunlara baxmayaraq qəzada ermənilərin dinc əhaliyə qarşı qırğınları hələ də davam edirdi. Lənkəranda ermənilərin və denikinçi qüvvələrin törətdikləri qarətlərin, qırğınların qarşısını almaq məqsədilə 1918-i il dekabrın 28-də Teymur bəy Bayraməlibəyovun başçılıq etdiyi nümayəndə heyəti Bakıda general Tomsonla görüşərək ermənilərin, “denikinçilərin qəzanı bərbad hala saldıqlarını, xüsusən azərbaycanlılara divan tutmaları haqqında ona məlumat verərək, qəzanın bu qüvvələrdən təmizlənməsini və onun Azərbaycanla yenidən birləşdirilməsi haqqında tədbirlər görülməsini xahiş etdilər”.

T.Bayraməlibəyov “Azərbaycan” qəzetinin 18 noyabr 1918-ci il tarixli 39-cu sayında yazırdı: “Dəhşətlər, biabırçılıqlar törədən və cəzasız qalan Avetisovun hər gün qan tökən quldur dəstəsi buradan getməsə, yerli əhali, xüsusilə müsəlmanlar bundan sonra öz halal dədə-baba torpaqlarında rahat yaşaya bilməzlər”. “Azərbaycan” qəzetinin “Lənkəran” sərlövhələri altında gedən məqalədə Teymur bəy Bayraməlibəyov dinc əhaliyə işgəncə verən və soyğunçuluqla məşğul olan ermənilərin simasızlığından danışaraq belə qeyd edirdi: “Yanvar ayının 22-də Hüseynəli Rzaəli oğlu bazarda Şəhab molla isgəndər oğlunun dükanında əyləşərkən erməni əsgərləri dükanı əhatəyə alıb güllə atmağa başlamışlar. Bazarda güllə səsi eşidən ürəyi vahiməli, müsəlman camaatı dükanlarını açıq qoyub qaçmağa üz qoydular. Fürsətdən istifadə edən silahlı erməni əsgərləri isə dükanları soyub aparmışlar. Erməni əsgərlərinin bu cür facianə işləri və gecələr müsəlman məhəllələrində oğurluq etmələri hələdə davam etməkdədir”. “Azərbaycan” qəzetinin 14 mart 1919-cu il tarixli nömrəsində bu dövrdəki Lənkəran qəzasının ümumi vəziyyəti şərh edilərək qeyd olunur ki, “Mart hadisələrindən sonra (1918-ci il mart soyqırımı nəzərdə tutulur.

Lənkərana bolşeviklərlə bərabər erməni daşnakları da gəldilər. Bundan sonra erməni Avetisovun başçılığı ilə daşnak hərbi hissələri müsəlman kəndlərinin axırına çıxdılar. Olmazın zülmlər, əziyyətlər verdilər. Yollar kəsildi. Əhali şikayət etməyə bir yer tapmadı. Türklər Bakıya gəldikləri zaman Muğan ətrafının bolşevikləri ilə əlaqələri kəsildi. Buradakı sərsərilər “Muğan hökuməti” adı ilə dağıdıcı bir qurum düzəltməklə, müsəlmanları soymağa və qırmağa başladılar”. “Azərbaycan” qəzetinin 18 may 1919-cu il tarixli 103-cü sayında “Lənkəranlıların fəryadı” adlı məqalədə qeyd edilir ki, “Artıq bir ildən çoxdur ki, Lənkəranın əsasən müsəlmanlardan ibarət olan əhalisi hakimiyyət uğrunda mübarizə aparanların əlində yanır. Son günlərdə hakimiyyət bolşeviklərin əlinə keçmişdir. Ərazidə həbslər və Denikinin havadarlarına qarşı təqiblər başlanmışdır.

Lənkəranda bolşeviklər partiyası ilə denikinçilər arasında böyük toqquşmalar baş verdiyindən, bazarda alış-veriş dayandırılmış, yerli tacirlərin – müsəlmanların malları yandırılmışdır”. Beləliklə, iki ilə yaxın bir müddət ərzində Lənkəran qəzasında ermənilərin törətdikləri qırğınlara 1919-cu ilin yayında – Camal Paşanın komandanlığı ilə türk ordusunun və Azərbaycan Milli Ordusunun Lənkəran qəzasına daxil olduğu vaxtdan son qoyuldu. Nəticədə qəzanın milli qüvvələrin əlinə keçməsi ilə əhali qırğından, talanlardan xilas olub və Azərbaycanın ərazi bütövlüyü bərpa edilib.

KONKRET.az-ın ARAŞDIRMA QRUPU

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*