“Sertifikatlaşdırma prosesi artıq məktəbəqədər təhsil sahəsini də əhatə edəcək”.
KONKRET.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov media üçün brifinqdə deyib.
Bildirib ki, bu il ilk dəfə olaraq məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyət, tərbiyəçilər və metodistlər də bu prosesə cəlb olunacaq:
“Bu kateqoriyaya aid olanların sayı təxminən 12 min nəfərdir və sertifikatlaşdırmanın oktyabr-noyabr aylarında keçirilməsi planlaşdırılır. Dəqiq tarixlər barədə namizədlərə əvvəlcədən məlumat veriləcək”.
Bildirib ki, ümumi təhsil üzrə sertifikatlaşdırma imtahanlarının isə 2026-cı ildə iyunun 17-dən 25-dək keçirilməsi planlaşdırılır. Bu mərhələdə tarix, təsviri incəsənət, fiziki tərbiyə və musiqi fənn müəllimləri iştirak edəcəklər. İmtahanların yeri və vaxtı ilə bağlı ətraflı məlumat hər bir namizədin şəxsi kabinetinə əvvəlcədən göndəriləcək.
Vurğulayıb ki, bu ildən etibarən direktor olmaq istəyən namizədlər üçün yalnız ali təhsil və pedaqoji staj deyil, həm də ixtisas üzrə yüksək nəticə göstərmək əsas tələblərdən biri kimi müəyyən edilib.
E. Bağırov qeyd edib ki, artıq bu qaydalar əsasında ilkin müsabiqə və müsahibələr təşkil olunub, uğur qazanan namizədlərin nəticələri emal edilib və yaxın zamanda yekun qərarlar onlara təqdim olunacaq./milliaz
