Dövlət qəzetləri bağlanacaq… – Şit və bayağı mediaya SONbackend

Dövlət qəzetləri bağlanacaq... - Şit və bayağı mediaya SON

Zaman dayanmır. Cəmiyyətin hərəkətverici qüvvəsi olan çağırışlar, tələblər günbəgün yox, saatbasaat yenilənir. Artıq köhnə stereotiplər əl vermir. Ona görə cəmiyyətimizdə bəzi sahələrə təkcə yanaşma deyil, həm də baxışlar dəyişməlidir. Məsələn, 100 il qabaq deyilirdi ki, ”qəzet həm təbliğatçı, həm təşviqatçı, həm də təşkilatçıdır”. 50 il bundan öncə isə qəzetlərə ideoloji rupor və informasiya mənbəyi kimi baxılırdı. Lakin bu günümüzdə qəzetlərin yerini müəyyən etmək mümkün deyil. Çoxları qəzetlərə sadəcə makulatura yığını kimi, çox az insansa dolanışıq yeri kimi baxır. Bu da təsadüfi deyil. Çünki dövr dəyişib. Yeni informasiya vasitələri meydana çıxıb. Və bu iformasiya vasitələri ilə rəqabətdə qəzetlər nəinki uduzur, heç yeri də görünmür. Bu gün sıradan bir vaynerin, blogerin və hətta tiktokerin izləyicisi istənilən qəzetin oxucusundan yüz dəfələrlə çoxdur. Nəzərə alaq ki, indiki informasiya ötürücüləri bir, ən çox isə iki nəfərdən ibarət olur. Lakin ixtiyari qəzetin 15-20, bəzilərininsə hətta 40-50 əməkdaşı var. Di gəl ki, kəmiyyət keyfiyyətə uduzur. Çünki istənilən operativ məlumatı qəzet ertəsi gün oxucuya çatdıra bilir. Vayner, bloger və tiktoker isə anındaca hadisəni və yaxud informasiyanı izləyicisinə təqdim edir. Təbii ki, burda peşəkarlıqdan söhbət getmir. Söhbət  operativlikdən gedir. Bir sözlə, bu gün qəzetlər informasiya ötürücüsü kimi lazımsız bir materiyadır. Bu, məsələnin bir tərəfi…

Məsələnin digər ağrılı tərəfi odur ki, indiki yazılı mətbuat köhnə stereotiplərdən qətiyyən uzaqlaşmayıb. Məsələn, ixtiyari şəxs “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” qəzetlərini götürüb 50 il bundan qabaqkı “Kommunist”, “Sovet kəndi” “Azərbaycan gəncləri” qəzetləri ilə müqayisə etsə, görə bilər ki, tamamilə bir-birinin təkrarıdır. O zaman həmin qəzetlərin səhifələrini sağıcıların, çobanların, fəhlələrin və digər sosial təbəqələrin adından verilən yazılar bəzəyirdisə, indiki qəzetlərin səhifələrində isə icra hakimiyyəti başçılarının, deputatların, bəzənsə nazirlərin adından təşkil edilmiş məqalələr yer alıb. Mahiyyət eynidir. Heç nə dəyişməyib.  Tək bir fərq var. O zamankı qəzetlər heç olmasa arada-sırada sosial-iqtisadi problemlərdən yazırdı. İndiki qəzetlərin əksəri isə ancaq “bəy tərifi” ilə məşğuldur. Filan nazir belə etdi, bəhmən icra başçısı elə getdi… Guya bunların işi ancaq məmurları tərifləməkdir. Ölkənin və cəmiyyətin üzləşdiyi problemlərin sanki bu qəzetdə işləyənlərə heç bir aidiyyatı yoxdur…

Təbii ki, şit, bayağı və real həyatdan uzaq təsvirlər qəzet oxucusunu çoxdan iyrəndirib. İndi ictimai yerlərdə əlində qəzet tutan (oxuyan yox haaaa) adam görmək sadəcə möcüzədir. Yazını hazırlayarkən bəzi qəzetlərin elektron variantına göz gəzdirdik. Rastlaşdığımız mənzərə sadəcə bizi heyrətləndirdi. Qəzetlərin paylaşdığı xəbərləri ən yaxşı 10-15 adam oxuyub. Bu isə sadəcə jurnalistika adına ləkədir.

  • Məsələnin başqa bir tərəfinə də diqqət etmək yerinə düşər. Belə ki, bəzi qəzetlər haranınsa orqanıdır. Orqanınsa vəzifəsi odur ki, təsisçinin fəaliyyəti barədə oxucuya dolğun məlumat çatdırsın. Bu mənada “Azərbaycan” qəzeti Milli Məclisin rəsmi saytına belə rəqabətdə uduzur. Saytda daha çox məlumat var, nəinki “Azərbaycan” qəzetində. “Xalq qəzeti”, “Respublika” qəzetləri də həmçinin. Prezident Administrasiyasının, Nazirlər Kabinetinin rəsmi saytları var. Və vətəndaşlar istədikləri məlumatı bu saytlardan rahatlıqla və ətraflı şəkildə ala bilirlərsə, onda rəsmi qəzetlər nəyə lazımdır?

Nə etməli?

Klassik sualınsa konkret cavabı var. Qəzet lazımdır. Amma bizim cəmiyyətimizdə olduğu kimi yox. Bir balaca zəhmətə qatlaşsaq, çox gözəl qəzet nümunələri yarada bilərik. Bunun üçün qonşu Türkiyə və Rus mətbuatına diqqət etsək, kifayətdir. Bu ölkələrdə qəzetlər informatorluqdan çıxıb yalnız maarifçilik və əyləncə ənənələrini yaşadırlar. Bu qəzetlər bu günün və keçmişin əlamətdar hadisələri ilə bağlı tarixi faktlara əsaslanan iri həcmli yazılar dərc edirlər. Və yaxud hansısa sənət adamı haqqında ilginc faktlarla bağlı hazırlanan məqalələr istənilən adamın diqqətini asanlıqla cəlb edir. Eləcə də sağlamlıqla bağlı məsləhətlər qəzetlərdə çox gözəl oxunur.

Bu gün dünyada, eləcə də ölkəmizdə qəzeti informasiya üçün deyil, daha çox vaxt keçirmək üçün alırlar. Di gəl ki, bizim qəzetlərdə vaxtı səmərəli keçirmək üçün heç nə yoxdur. Bir qəzeti bir dəfə alan ikinci dəfə qəzet köşkünə yanaşmır.

Əziz həmkarlar, sizcə daha bəs deyilmi? Bəlkə sürətlə dəyişən həyatımız kimi, ölkəmiz kimi qəzetlərimizi də dəyişək?..

KONKRET.az-ın Analitik qrupu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*