Dünyanın “5-ci GÖZÜ” – Qlobal proseslərə təsir edən İTTİFAQ güclənirbackend

Dünyanın "5-ci GÖZÜ" - Qlobal proseslərə təsir edən İTTİFAQ güclənir

Yeni Zelandiya ABŞ, İngiltərə, Kanada və Avstraliya kimi ölkələrlə daha yaxından təmas quracaq.

KONKRET.az xəbər verir ki, türk siyasi ekspert Zəki Talustan Gültən “dünyanın beşinci gözü”ndən danışıb.

Analitik Yeni Zelandiyanın xarici işlər naziri Uinston Petersin açıqlamasına diqqət yetirərək vurğulayıb ki, “Görünür, qlobal proseslərində nəzərdən qaçan bu ölkə dünya sistemində öz yerini tutacaq Beş Göz ittifaqını gücləndirmək niyyətindədir:

“Qeyd edək ki, bu ölkələrin əsas birgə cəhətlərindən biri İkinci Dünya Müharibəsindən bəri kəşfiyyat məlumatlarını paylaşmasıdır. Təhlükəsizlik tərəfdaşları ilə daha sıx əməkdaşlıq vəd edən Yeni Zelnadiyanın xarici siyasət idarəsinə rəhbərlik edən şəxsin belə bir mesajı əslində nəyə xidmət edir?”.

Məsələ burasındadır ki, Beş Göz ittifaqı Çinə qarşı olan hərbi-siyasi blok kimi də qəbul edilir. Qeyd edək ki, Çin və Solomon Adaları arasında 2022-ci ildə təhlükəsizlik sazişi imzalandıqdan sonra Yeni Zelandiya Pekinə qarşı daha da aqressivləşib.

Məlumdur ki, Yeni Zelandiyanın hərbi texnika və kadr çatışmazlığı ilə bağlı ciddi problemləri var. Çinlə mübarizə aparmaq üçün bu sahələr inkişaf etdirilməlidir. Beş Göz İttifaqı sözügedən məsələdə Yeni Zelandiyaya xüsusi yardım paketini nəzərdən keçirir. Xatırladaq ki, ölkənin 9 donanma gəmisindən üçü kadr çatışmazlığı səbəbindən hələ ki, istifadəsizdir.

Odur ki, ölkənin qarşısında duran geostrateji öhdəlikləri yerinə yetirmək üçün daha effektiv fəaliyyətə imkan verəcək resurslar yaradılmalıdır.

Beş Göz İttifaqı çərçivəsində Asiya ölkələri ilə, eləcə də Hindistanla daha güclü əlaqələr qurmaq planları mövcuddur.

Görünən odur ki, ABŞ Çinə qarşı daha güclü, effektiv mübarizə üsulu seçdiyini düşünür. Beş Göz İttifaqına Hindistanı cəlb etmək regionda amansız mübarizəni yeni mərhələyə gətirəcək.

Çinə qarşı daha aydın mövqe sərgilənməsi təkcə Pekinlə olan qeyri-müəyyən münasibətlərə görə deyil. ABŞ və Kanada ittifaq ölkələrinə qırmızı xətlə bildirib ki, bu ölkələrin Çinlə bağlı təhlükəsizlik məsələləri getdikcə aktuallaşır. Xüsusilə, Çinin Cənubi Sakit Okeanda artan nüfuzu Yeni Zelandiyanı regional təhlükəsizlik strategiyasını nəzərdən keçirməyə və təhlükəsizlik tərəfdaşları ilə daha sıx əməkdaşlıq etməyə vadar edir.

Ona görə də Yeni Zelandiya hərbi potensialını artırmağa ciddi cəhdlə çalışır.

Beş Göz İttifaqının təkcə Qərbə deyil, həm də Şərqi və Cənub-Şərqi Asiyaya doğru genişləndirmək səyi ortadadır. Bu, iqtisadi əməkdaşlıq, mədəni mübadilə və təhlükəsizlik məsələləri üzrə daha geniş qarşılıqlı fəaliyyəti nəzərdə tutur.

Yeni Zelandiyanın təhlükəsizlik strategiyası və xarici siyasətindəki bu dəyişikliklər göstərir ki, ölkə beynəlxalq arenada öz rolunu və qarşılıqlı fəaliyyətini yenidən dəyərləndirir. Vellinqton həm Qərb, həm də Şərqlə güclü əlaqələr qurmaqla qlobal proseslərə daha effektiv müdaxilə etməyi hədəfləyə bilər. Nəticə etibarı ilə Yeni Zelandiyanın təhlükəsizlik və xarici siyasətində baş verən bu dəyişikliklər ölkənin geostrateji mövqeyini və regional dinamikaya yanaşmasını formalaşdıracaq mühüm amillərdir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*