…Bu peşəni Azərbaycana böyük maarifçi-demokrat Həsən bəy Zərdabi gətirib.
Onun “Əkinçi”sini diqqətlə oxuyanda 145 il (!) geriyə baxıb zamanın ab-havasını, məmləkətin halını, millətin vəziyyətini və dünyanın gərdişini təsəvvürə gətirmək, Həsən bəyin xalq naminə fədakarlığını görmək olur.
…Dünyanın ən gözəl peşələrindən biri olan jurnalistikanı Azərbaycana gətirəndə Həsən Bəy Zərdabi millətin gələcəyini düşünürdü. Və bu düşüncələr içində qəzetində yazırdı: “…Gələcəkdə bizim tərəqqi etmək tarixini yazan indiki zəmanəyə baxanda məəttəl qalacaqdır ki, nə yazsın. Həqiqət, bizim əsbablar nəki yüz, bəlkə min il bundan əqdəm olandan tərəqqi etməyib… Çünki bizim zəmanə tərəqqi zamanıdır və tərəqqi etməyən tayfa günü-gündən tənəzzül edib axırda puç olacaq…”
Milləti o ağır vəziyyətlərdən çıxartmağın yolunu həm də mətbuatın açdığı işıqlı maarif yolunda görürdü. Həsən bəy Məlikov (1842-1907) Azərbaycanın qədim Şirvan bölgəsindəki Zərdab kəndində anadan olub. Soy-kökü etibarilə bəy nəslindəndir. Çarın dəftərxanası tərəfindən verilən “peçata” əsasən, yaxud özü tərəfindən öz adına qoşduğiu quru “bəy” kəlməsi ilə yox, şəcərə etibarilə əsil-nəcabətli bəy oğlu bəydir. Qafqazın mərkəzi şəhərləri Şamaxıda və Tiflis gimnaziyasında təhsil alıb. Sonra Москваda universitet bitirib. Damarlarından axan gen imkanlarının daha geniş açılmasında, bir şəxsiyyət kimi yetişməsində Rusiya mədəni mühitinin müstəsna rolu olub. Zatən millətinə bağlı olduğundan yad mühit Həsən bəyi xalqdan ayırmayıb, əksinə daha çox millətinə bağlanmasına səbəb olub. Dövrün məşhur publisistləri А.Hеrtsen və A.Çernışevskinin yaradıcılığından bəhrələnib, humanizm fəlsəfəsinin elmi əsaslarını mənimsəyib. Həm Moskvanın, həm də Peterburqun mütərəqqi baxışlı, mübariz ruhlu, təmiz əqidəli gəncləri ilə müzakirələrdə iştirak edib… Bütün bunlar isə, əlbəttə imperiya əyalətindən gələn istedadlı gəncin paytaxtdan əyalətə baxışına təsir edir, dünyagörüşünü formalaşdırırdı.
Adam öz nəslinin malı-mülkü hesabına ömrü boyu qayğısız-minnətsiz yaşamaq, şad-xürrəm kef çəkmək imkanına malik olduğu halda, millətçilik bəlasına mübtəla olub, tək bircə “xalqın gələcəyi naminə” ifadəsinə görə özünü ömürlük məhrumiyyətlərə düçar etmişdir. Nadan təhqirlərinə dözmüş, mədəniyyəti müqabilində cahil həqarətləri ilə üzləşmiş, ruhundan dürr süzülürkən, özgələrdən həcv, istehza, hərzəvü-hədyan eşitmiş, anmcaq yenə də “xalqının gələcəyi naminə” əzmlə yolunu davam etdirmişdir! Təbii, hər şey o qədər də bəsit deyil. Görünür, bu dünyada insanın özündən asılı olan və olmayan nələrsə var. Xüsusən dahilərin getdiyi əzablı yolları onlara Tanrı göstərir. Və bütün seçilmişlər kimi Həsən bəy də başqa cür yaşaya bilməzdi. Bu yol onun üçün göylərdə hazırlanıb alın yazısına çevrilmiş tale yolu idi, missiyası, həyatının mənası idi. Və o, məmləkətin ilk jurnalisti olaraq bu ağır missiyanı şərəflə daşıdı…
1875-ci illə müqayisədə bu gün fantastik dərəcədə inkişaf etmiş şimali Azərbaycanda həm də “Əkinçi”nin səpdiyi elm, təhsil, mədəniyyət toxumlarının izləri var. Xoş niyyətlə, halal zəhmətlə əkilən o toxumlar zaman-zaman cücərib öz bəhrəsini verib. Vahiməli xurafat qaranlığında tək-tənha işaran “Əkinçi”ni indi gur işıq seli – yüzlərlə mətbu orqan – qəzet, jurnal, radio, televiziya, informasiya agentliyi, internet saytı əvəz edir. Vaxtilə qəzetə kömək etməsi üçün bircə nəfər savadlı adam tapmayan və yana-yana “bu qəzetin kəsirini görəndə gülməyin, siz ağlayın ki, bizim bircə qəzet də çıxartmağa adamımız yoxdur” – deyən Həsən bəyin yurdunda indi əksinə, bir nəfər savadsız adam tapmaq çətindir. Mətbuat aləmində isə minlərlə peşəkar jurnalist – qəzetçi, redaktor, müxbir, reportyor çalışır, ulu “Əkinçi”miz Həsən bəy Zərdabinin çörəyini yeyir…
Bir dəfə yazmışdım, bir də yazım. Yaradıcılığına, yaşayışına baxanda çox vüqarlı insan, qürurlu şəxsiyyət kimi gördüyümüz zadəgan H.B.Zərdabinin sonralar, sovet dönəmində yaradılmış bədii obrazı rəsm və heykəllərdə tam başqa cür təsvir edilib. Onun portret rəsmlərində adam sanki bədbəxt bir cütçü, kotan arxasında əzilib-büzülən rəncbər, günahkar kimi pozada təsvirini görürük. Sifətində qürur əlaməti yox, vüqarlı baxışları yox, əldən düşmüş bədbin bir qoca simanı görürük. Bilirsinizmi niyə? Çünki xalqların taleyinə “xalqlar türməsi” sayılan Çarizmdən daha ağır zərbələr vurmuş “qırmızı” imperiyanın ideoloji prinsipləri belə idi. Çarizm yağmurundan çıxıb “aclar və qullar” yağışına düşən ölkədə daş heykəllərimiz kimi, daşlaşan tarix yaddaşımıza da belə təhrifli “damğalar” çox vurulub. Süni “sosialist mədəniyyəti” qurularkən “bəy”lik “proletarlaşdırılıb”. Yaradılan bütün ədəbiyyat, incəsənət, o cümlədən, təsviri sənət və monumental heykəltəraşlıq yapılarına bu “ustanovka” verilib. Yalnız bolşeviklər qalib ədası ilə başlarını dik tutaraq bəşəriyyəti “irəli” çağıra bilərdilər: Lenin, Stalin, S.M.Kirov, F.Dzerjinski, S.Şaumyan, A.Caparidze, M.Əzizbəyov… Xalqın əsil böyük oğulları – Azərbaycan mədəniyyətinin klassikləri isə həmişə başıaşağı kölə vəziyyətində, bədbin, ac-susuz, gözləri yol çəkən, xəcalətli bir görkəmdə “oturub” susmalı idilər: Nizami, Füzuli, Natəvan, M.F.Axundzadə, H.B.Zərdabi, M.Ə.Sabir… Halbuki bu mütəfəkkirlərin hər biri ən çətin zamanlarda belə qürurunu itirməyib, vüqarla yaşayıb-yaradıb, xalqını tərəqqi dünyasına səsləyib və həmişə şəstlə dayanaraq hətta tiranlar qarşısında belə baş əyməyiblər…
Hələ 1873-cü ildə Bakı gimnaziyasında tələbələri ilə birlikdə “Sərgüzəşti vəziri-xani Lənkəran” komediyasını hazırlamaqla Azərbaycanda ilk Milli Teatrın əsasını qoyan Həsən bəy Zərdabi az sonra Azərbaycanda başqa bir gözəl peşənin – jurnalistikanın da müjdəçisi oldu. “Nə qədər biz avamıq, bizi aldadacaqlar” – deyən Həsən bəy məhz xalqın arasından bu avamlığı “rədd etmək” üçün mədəniyyət yaymağı vacib sayırdı – Teatr mədəniyyəti, Qəzet mədəniyyəti, Elm, Bilik, Kitab, Oxu mədəniyyəti… “Qəzetin muradı xalqın gözünü açmaqdır” – deyə maarifçilik missiyasını yerinə yetirən bəy bu dünyaya gəlmişdi ki, yeni, çağdaş mədəniyyət dəyərlərini yurda gətirsin. Və gətirdi də.
“İctimai həyatı zəif inkişaf etmiş” xalqlar üçün dövri mətbuatın ən gözəl tribuna olduğunu bilən gənc Həsən bəyin arzusu Avropadan geri qalan XIX əsr Azərbaycanında milli oyanışa məhz qəzet işinə başlamağı zəruri saydı. “Bəs qəzeti necə çıxardım? Pul yox, yazıçı yoldaş yox, çapxana yox, hürufat yox, əmələ yox, bir-iki yüzdən artıq oxuyan da olmayacaq. Dövlət tərəfindən izin almaq da ki bir böyük bəladır.” Bu cür vəziyyətin ağırlıq dərəcəsini bugünkü qəzetçilər yaxşı təsəvvür edə bilərlər. Çar senzurası qəzetin nəşrinə izn verəndə yazıların ancaq məişət məsələlərinə aid olmasını əmr etmişdi. “Siyasi görüşlərlə yaxud müasir həyat quruluşunu müzakirə etmək cəhdləri ilə” doldurulmamalıdır. Dolayısı ilə, əhalinin inkişafı barədə fikirlərə yer verilməməmlidir. Yəni kütlə nə qədər avam olsa, hökumət bir o qədər rahat yatar…
Qəzetinin nəşrinə belə məhdudlaşdırıcı şərtlərlə izn almasına baxmayaraq, dünya mətbuatının mütərəqqi təmayüllərindən xəbərdar olan H.B.Zərdabi əsil demokratiya tribunası açmışdı, ilk Azərbaycan qəzetini ictimai-siyasi, fəlsəfi, bədii, elmi, iqtisadi, pedaqoji fikirin aynasına çevirmişdi. Əslində, əks təqdirdə heç qəzet buraxmağın mənası da yox idi… Təbii ki Həsən bəy çar senzorundan ağıllı idi və o, senzorun “tələblərinə uyğun” yalnız “Əkinçi” adında “adi bir məişət qəzeti” buraxmağa razılaşmışdı. Ancaq çox böyük fəhm və tədbirlə ölkə həyatına parlaq ayna tutdu. Axı, “qəzet dərviş kimi nağıl deyə bilməz, borcudur işləri ayna kimi xalqa göstərsin, xalq xəbərdar olub əlacını bulsun”.
Nə üçün məhz “Əkinçi”?! Baxın, Həsən bəyin dərin biliyinə diqqət edin: “Mədəniyyət” anlayışı latın mənşəli “Culture” sözündən dönmədir. Antik dövrlərdə “Culture”nin ilkin hərfi mənası “torpağı becərmək”, “emal (yəni, şum) etmək”, “torpağı arıtlayıb (təmizləyib) yararlı hala salmaq”, əkin-biçinə hazırlamaq, “becərmək” anlamında olubdur. Qədim yaranışında bu söz insan əməyi ilə aparılan dəyişiklikləri ifadə etmək, əkin yerlərinin, torpaq sahələrinin və s. şumlanıb sahmana salındığını bildirmək üçün işlədilirdi. Bu gün də “Aqrokultura” (“əkin mədəniyyəti”) sözü olaraq mövcuddur. Zaman keçdikcə “culture” (“kültür”- “kultura”) sözünün məna və məzmun tutumu daha da genişlənib. O həm də mənəvi fəaliyyət sahələrini əhatə etməyə başladı. Elmə maddi və mənəvi Mədəniyyət anlayışları daxil oldu. Beləcə insan əlinin, zehninin, qəlbinin iştirakı ilə yaradılan bütün dəyərlər “Culture” – “Kültür” – “Kultura” – “Mədəniyyət” əlaməti kimi qəbul olunmağa başlayıb… Yeri, göyü, külli-aləmi yaradan uca Tanrıdırsa, Yer üzündəki Mədəniyyət əlamətlərini, mədəni dəyərləri yaradan İnsandır. Mədəniyyətsiz Yer planeti kainatdakı adi fəza cismindən fərqlənməzdi. Milyon illər boyu insanların yaratdığı maddi və mənəvi dəyərlər, tapıntılar, kəşflər, dəyərlər toplusundan ibarət Mədəniyyət bu gün artıq o çox geniş tutumlu və əhatəli anlayışa çevrilib. Mədəni inkişaf dedikdə mövcud olan bütün dəyərlər sistemi, bütün yaradıcılıq sahələri, bütün elm, texnika, iqtisadiyyat, istehsalat, idarəetmə, səhiyyə, təhsil, ticarət, tikinti, yol, su, işıq, xidmət, təchizat… nəzərdə tutulur. İnsanı vəhşilikdən ayıran məhz onun mədəni qazanclarıdır. İnsan varsa Mədəniyyət var, Mədəniyyət yoxdursa, İnsan da yoxdur…
Mükəmməl təhsil alan Həsən bəy Avropa qapılarından gələn elm, mədəniyyət axını ilə, o cümlədən, haqqında danışdığımız kulturoloji anlayışlarla tanış idi. Qəzet açmağa icazə verənlərdən “siyasi görüşləri yaxud müasir həyat quruluşunu müzakirə etməmək” barədə göstəriş alan Həsən bəy üçün “Əkinçi” adı vəziyyətdən çıxış yolu, can atdığı maarifçilik, vətənçilik, xalqçılıq fəaliyyətinin gizlin açar sözü, rəmzi kodu idi. O məhz bu kodlaşdırılmış söz altında istəklərini həyata keçirəcək, ayıq-sayıq senzorların nəzarətini yayındıraraq millətə xidmət göstərəcəkdi. Onun “Əkinçi”si məmləkətdə çuğundur becərmək, meşə salmaq, təbiəti qorumaq kimi ziraət məsləhətləri ilə yanaşı, xalq arasında Mədəniyyət toxumu səpməklə də məşğul olacaqdı.
Budur, qarşımızdakı topluda 22 iyul 1875-ci ildə 1-ci №-si çapdan çıxan “Əkinçi” ilə 29 sentyabr 1877-ci ildəki sonuncu 20-ci № arasında dərc olunan 56 sayın hamısını vərəqləyirik. Qəzetdəki Daxiliyyə, Elm xəbərləri, Təzə xəbərlər, Elanlar, Məktubat, Əkin və ziraət xəbərləri bölmələri ilə tanışlıq dərhal göstərir ki, kəmiyyət etibarı ilə ən az sayda yazılar məhz əkin və ziraət xəbərləridir. Ən çox isə elm, texnika, təbabət, texnologiya, incəsənət, ədəbiyyat, etika, davranış və s. mövzularda maarifləndirici, bilgiverici materiallardır.
Böyük həyəcanla qəzetində “Qonşu getdi, biz qaldıq, haray ellər, ay ellər…”, – deyə çağırış yayan H.B.Zərdabi inkişaf yollarında əsasən qabaqcıl Avropa təcrübəsindən bəhrələnməyi vacib sayırdı və “milli-dini özgürlük” bəhanəsi altında yeniləşmə əlamətlərinin qarşısını kəsməyə çalışan gerizəkalıları kəskin tənqid atəşinə tuturdu. Dünyagörüşü etibarilə Avropa meylli olan H.B.Zərdabi çağdaş dövrlə səsləşməyən köhnə fikirlərin, mədəni geriliyin təzahürlərini aradan qaldırmağa çağırırdı. Xalqın həyatındakı, məişətindəki mənfilikləri tənqid – xalqa olan böyük sevgidən irəli gəlirdi. Qəzet səhifələrində satirik istehza janrının imkanlarına müraciət edən H.B.Zərdabi də hər bir inkarı – estetik ideal naminə edirdi. O, gülüşə layiq olan şeylərə gülməklə daha işıqlı niyyətlərin, daha gözəl arzuların “carçılığını” edirdi. Sonralar bu üslubda dahiyanə satiralar yazan Mirzə Ələkbət Sabir də eyni amalla yaşayan böyük şəxsiyyətlərdən idi. Yaradıcının inkar amalı nəyisə dağıdıb, yox edib, əvəzində yenisini, müasirini və daha mütərəqqisini qurmaq istəyindən irəli gəlir.
Həsən bəy öz millətinin “ayaqlar altında qalmaması” üçün elmə, texnikaya ciddi fikir verməsini istəyirdi. “…Bizim ilə zindəganlıq cəngi edən millətlər elm təhsil edirlər. Ona binaən gərək biz də elm təhsil edək… yoxsa dövlət və xoşgüzəranlıq onların əlinə gedəcəkdir və bizlər mürur ilə zindəganlıq cəngində məğlub olub tələf olacayıq…” “Əkinçinin tarixi əhəmiyyətini qiymətləndirmək üçün belə bir həqiqəti nəzərə almaq lazımdır ki, о zamankı dövrdə Azərbaycan türkcəsində ümumiyyətlə yazı çap еtdirmək müşkül bir məsələ idi: pul yox, mətbəə yox, senzuradan icazə yox, hətta oxucu da yox… Gəl yaz, yarat, qəzet çıxart… Cəsarətlə demək olar ki, Azərbaycan “Əkinçi”si nəinki Qafqazda, nəinki Rusiyada, hətta Avropa miqyasında bənzəri olmayan böyük bir Mədəniyyət mücadiləsi aparmışdır.
Elmdən, təhsildən qaçmaqla qeyri millətlər qarşısında “məğlub olub tələf olacağıq” deyən ədib milli mentalitetin islahı vacib xüsusiyyətlərini də önə çəkirdi: “Bizlər Allahdan buyuruq, ağzıma quyruq deyib dururuq.” Vəziyyəti düzəltmək üçün çıxış yolunu maarifçilik fəaliyyətində görən Həsən bəy öz qəzetini təmənnasız olaraq əhalinin savadlanmasına, elm, bilik əldə etməsinə yönəltmişdi. O, “xalqın qəzet oxumağa adət etməsi” üçün “Əkinçi”nin tirajının bir hissəsini hətta küçə və meydanlarda, bazarlarda pulsuz paylatdırırdı.
Bu gün biz mənfur erməni yalanlarından cana doyduğumuz və bu ağ yalanları uyduran adamların tərs düşüncə tərzinə, ifrat iftiraçılıq məharətinə mat qaldığımız bir zamanda “Əkinçi”dən öyrənirik ki, erməni teatrının bu oyunları tarixin lap dərinliklərindən üzü bəri gəlir. Türk dünyasına qarşı düşmənçilik kompaniyasını onlar bu gün başlatmayıb, yüz illərdir davam etdirirlər. Yəni 2020-ci ilin ermənisi elə 1820-cü ilin ermənisidir: “… “Mşak” qəzeti həmişə yazır ki, ermənilər Osmanlı dövlətinin zülmündən qaçıb Rusiya vilayətlərinə köçür və bir dəfə yazıb ki, filan günü bir böyük dəstə ermən başıaçıq, ayaqyalın Gümrü qalasına gəlib. İndi Gümrü qalasından ermənilərin qeyri qəzetlərinə yazırlar ki, bu xəbərin heç bir əsli yoxdur və indiyəcən Gümrüyə bircə erməni də gəlməyib.”
Düşmənlərin mütəşəkkilliyi qarşısında birliyimizin zəruri olduğunu göstərmək məqsədilə H.B.Zərdabi belə bir müqayisə aparır: “Badkubənin sudebni pristavı erməni Sukyasov 100 man. padşah pulunu özünə məsrəf edib. Erməni camaatı o pulu yığdı verdi, qurtardı. Bizim müsəlmanlar isə belə işlərə 5 qəpik də verməz…” Çünki: “…Pul ver sözü heç kəsə xoş gəlməz. Amma insanda insaf da gərək olsun. 10-15 nökər, ya at, ya tula, ya quş saxlayan, Qafqazda qeyri tayfaları xristian etməkdən ötrü bina olan icmaya ildə 500 manat verən – onun beşdən bir hissəsini öz dilində qəzet çap olunmağa məsrəf etsə məgər günah olar?.. Ey müsəlmanlar, vaxt keçməmiş fikrinizi birləşməyə verin ki, dağınıq millət çox tez puç olur…”
Bəli, ilk Azərbaycan qəzeti öz oxucuları üçün ciddi ideyalar carçısı idi. Böyük Mədəniyyət Əkinçisi Həsən bəy Zərdabi uşağa dünyanı tanıdırmış kimi sanki əfsanəvi, əlçatmaz olaylardan söz açırdı: “Avropa məmləkətlərində kitabxanalar var ki, hər kəs gedib lazım olan kitabı orada oxuya bilir.” Müasir kitabxanalardan çıxmış bu günün mədəni, savadlı oxucusuna tam sadəlövhlük kimi görünən bu xəbər eyni zamanda məmləkətimizin 145 il öncəki zavallı halını ortaya qoyur.
Həyatın bütün sahələri haqqında xalqa məlumat çatdıran Həsən bəy səhiyyəyə xüsusi fikir verirdi. İnsanın sağlam həyat tərzi üçün zəruri olan tibbi gigiyena biliklərini yaymağa çalışırdı. Bu gün bütün dünyada zəruri tələbata çevrilən sanitariya-gigiyena qaydalarını Həsən bəy Zərdabi 1875-ci ildə sadə dillə camaata anladır, bədənə qulluğun vacibliyini, tez-tez yuyunmağın, dərini təmiz saxlamağın zəruriliyini qeyd edirdı: “İnsanın dərisində ufaq deşiklər var ki, onlardan tər rədd olur… Bədəndən tər ilə qeyri şeylər də rədd olur və bu şeylər dərinin deşiklərini tutduğuna 1-2 həftədə bir hamama gedib bədəni isti su və sabun ilə yumaq lazımdır ki, o deşiklər təmiz olsun…”
Başqa bir nömrədə Həsən bəy sağlamlıq mövzusunda söhbəti davam etdirərək: “İndi də çox yemək və içməyin bədənə zərər eləməyindən danışacağıq…” – deyirdi. Əslində əsrlər boyu çox yeməyin şücaət olduğunu güman edən, bir oturuma bir qoyunu, bir qazan aşı yeyib, üstündən bir tuluq “abu-zəmzəm” içməyindən fəxrlə bəhs edən övladların şüuru üçün bu mövzu az qala inqilabi mahiyyətliydi: “Necə yəni çox yemək-içmək olmaz?!”
…Beləcə geniş Mədəniyyət tarlasında “Əkinçi”lik işi ilə məşğul olan Həsən bəy Zərdabi Azərbaycanda yeni düşüncə normaları əkib-becərir, müasir dünya mədəniyyətinin toxumlarını səpirdi. “Əgər bir kişi elmi, ədəbi, tərbiyə ilə mədəniyyəti bir tərəfə qoyub pul qazanmağı ondan yaxşı tutursa, ol kişidə millətpərvərlik olurmu?!” –deyə xalqa xitab edirdi.
Ölkəmizdə bir çox ilklərə imza atmış Həsən bəy Zərdabinin tarixi xidmətlərindən biri də ədəbi-bədii publisistikada yeni cığır açması, orijinal yazı tərzi kəşf etməsi idi. O, XX əsrin əvvəllərində gur səslə “çatıltı-patıltı” salaraq cahillərin gicgah tükündən dartıb şüurları qəflət yuxusundan oyadan məşhur “mollanəsrəddinçilər” məktəbinə xas üslubun ilk rüşeymlərini yaradır, yeni ədəbi məktəbin ilk toxumlarını səpirdi. Hələ çox sonralar məşhurlaşacaq bədii-publisistik priyomun cücərtilərini biz “Əkinçi” tarlasında müşahidə edirik. Qəzetin 1876-cı il 25 iyul tarixli sayında belə bir redaksiya qeydi var:
“Bir şəxs bizə bir bayatı göndərmişdi ki, belə başlanırdı:
Qonşu getdi, biz qaldıq, haray ellər, ay ellər
Yaman günə biz qaldıq, haray ellər, ay ellər
Onu çap etmək mümkün olmadı…”
Budur, Həsən bəy guya sərvaxt senzorun “qorxusundan” qəzetin ünvanına gələn ictimai “təhlükəli” bir məktubu dərc edə bilmədiyini deyir. Halbuki həmin məktubun mayasındakı inqilabi-dirçəldici çağırış artıq çap edilmişdir! Və bu iki sətrlik sözlərlə ədəbi-mədəni mühitdə dərin iz buraxan şırımlar açılmışdır.
Yaxud qaranlıq mühitdəki tənhalığına işarə ilə Həsən bəy yaşadığı ağrılı fikirləri qələmə alırdı. Sonralar “…Sözünü o kəslərə de ki sənə qulaq asmırlar!” – tipli məşhur üsluba çevrilərək Azərbaycan publisistikasının klassik nümunələrini yaradacaq bu ədəbi priyom da Həsən bəyin kəşflərindən idi: “Hər kəsi çağırıram – gəlmir, göstərirəm – görmür, deyirəm – qanmır. Axırda gördüm ki, onları haraylayıb çağırmaqdan, onlara deməkdən başqa bir qeyri əlac yoxdur. Ola bilməz ki mənim sözümü eşidənlərdən heç biri qanan olmasın. Necə ki bir bulağın suyunun altına nə qədər bərk daş qoysan, bir neçə ildən sonra su tökülməkdən o bərk daş mürur ilə əriyib deşilir, habelə söz də, ələlxüsus doğru söz… Heç olmaz ki doğru söz yerdə qalsın…”
“Əkinçi”də dərc olunan məktublardan birində qəzetin az oxunmasının səbəbi belə aydınlaşdırılırdı: “…Bizim kənd əhlində taxsır yoxdur… onlar hazırdır əli qabara-qabara , üzü tərləyə-tərləyə 3 manat cəm edib “Əkinçi” gətirtsin. Amma çifayda kənd əhli poşt adını eşitməyib və qəzet gətirtməyin qaydasını bilmir…” Dahi Həsən bəyin “Əkinçi”sinin səhifələrindən Mirzə Cəlilin dahiyanə “Poçt qutusu”na transfer edən bu motiv Azərbaycan ədəbiyyatına nəinki poçt qutusunu tanıyan, heç “poştun” adını belə eşitməmiş Novruzəli obrazını bəxş edəcəkdi.
Bu sayaq oxşarlıqlar, bənzər motivlər xalq işi uğrunda mübarizədə bütün ziyalılarımızın əqidə və amal birliyini, əməllərinin bütövlüyünü və ardıcıllığını göstərir.
…Böyük Mədəniyyət “Əkinçi”si Həsən bəy Zərdabinin keçirdiyi hisslər hətta uzaqdan-uzağa, yüz əlli illik zaman məsafəsindən belə həssas ürəkləri yandırıb-yaxır. Və dünyanın ən gözəl peşələrindən birinə yiyələnmiş Azərbaycan jurnalistlərinin qəlbindən bu gün böyük bir alğış ucalır: Ruhun şad olsun, Ustad!
Akif ƏLİ,
Əməkdar jurnalist,
Fəlsəfə doktoru,
Yazıçı-publisist.