Dünyanın yadından çıxan Donbas -“Le Figaro”nun “CƏHƏNNƏMDƏN REPORTAJI”backend

Dünyanın yadından çıxan Donbas -“Le Figaro”nun “CƏHƏNNƏMDƏN REPORTAJI

Rusiya ordusunun dəstəklədiyi rusiyayönlü qüvvələrin nəzarətində olan Donetsk və Luqansk vilayətlərində mülki əhali bu torpaqları Rusiyaya verməkdən imtina edən Ukrayna ordusunun davamlı atəşi altında yaşayır.

Ukrayna sakinləri (daha doğrusu, Rusiyaya atəş açmayanlar) səkkiz ildir ki, Kiyev hakimiyyəti tərəfindən “terrorçu” hesab edilən bu zonada fasiləsiz artilleriya toplarının atəşi altında yaşamaq məcburiyyətindədirlər. Qorlovka sakinləri 2015-ci ildə olduğu kimi, Donbasda müharibə başlayandan sonra top atəşindən xilas olmaq üçün zirzəmilərdə gizlənirlər. 200 mindən çox əhalisi olan şəhərin mənzərəsi çox kədərlidir: xarabalıqlar; divarları çökmüş evlər; pəncərələri sınmış binalar; mərmilərlə deşilmiş divarlar. Xaraba qalmış şəhərin yaxınlığında minalarla dolu Nikolayevka tarlaları var.

Biz heç bir canlı insanla rastlaşmadan bu tutqun mənzərədə hərəkət edirik. Bəzən yol kənarında siluetlər peyda olur: sərgərdan həyatlarını davam etdirmək üçün nəsə tapmağa çalışan ruhlar. Boşa gedən əmək… Mağazalar bağlanıb. Cavanların bir qismi qaçıb, bir qismi də cəbhəyə gedib. Bu yerlərdə yalnız qocalar qalıb. Hər gün günahsız yerə yaralanan və ya ölənlərin statistikasında artım qeyd olunur.

“Qorxu heç vaxt keçmir”

Altmış yaşlarında, yerdə oturan keçmiş fəhlə pıçıltı ilə deyir: “Yaşlı qadın qonşum öz evində öldü. Daxmasına raket düşdü”. Artıq bir neçə gündür ki, qadın və uşaqların gizləndiyi sığınacaqlarda yatdığını söyləyir. O, aclığını yatırtmağın yeganə yolu kimi tez-tez su içir. Onun sözlərinə görə, mənzili tamamilə dağılıb.

9 yaşlı Andrey həyəcanla danışır: “Dəhşətli səs-küyü eşidən kimi qorxu yaranır ki, “yenə də atəşə tutdular”. Bu qorxu heç vaxt keçmir”. Onun nigaran baxışı sərgərdandır: nigaranlıqla göyə baxır, sonra baxışlarını yerə endirir, ehtiyatla bizə baxır. Qorlovkaya və onun faciəvi reallığına qayıdır.

Şəhərdə hər şey sındırılır, dağıdılır: məktəblər, parklar, evlər. Su çatmır, elektrik enerjisi vaxtaşırı kəsilir. Müntəzəm olaraq minaatanların hücumları eşidilir. Hələ məhv edilməmiş son canlını məhv etmək, bir vaxtlar burada qaynayan həyatdan qalan kiçik şeyləri öldürmək istəyirmiş kimi gülləbaran edirlər. Bizə dağıntılar altında qalan iki müəllimin meyitini göstərirlər.

Son günlər ehtiyatları fəlakətli səviyyədə tükənən xəstəxanada həddindən çox yaralı var. 2014-cü ilə qədər burada işləyən həkimlərin əksəriyyəti qalıb və mövcud vəsaitlə dolanmağı öyrəniblər. Onlardan biri ah çəkir: “Qohumlarımızdan biri bura gələndə elə olur ki, o, bizimlə yaşamaq belə istəmir. Çünki heç kimin normal mənzili, yemək yeməyə imkanı yoxdur”.

Xaos hər yerdədir

Donetsk ətrafında da eyni xaosdur. Bazar ertəsi, fevralın 28-də şəhər Ukrayna Silahlı Qüvvələri tərəfindən növbəti atəşə məruz qalıb. Bir binaya ziyan dəyib. Küçələr boşdur, insanlar bir neçə gün əvvəl təxliyə edilib. Yorulmuş insanlar “yat!” əmri ilə gizlənirlər. Bu qayda ilə mərmidən bir qədər uzaqlaşmağa ümid edirlər.

Bütün bunlara görə, qəzəblənən hərbi yaşda olan kişilər hamısı səfərbərlik məntəqələrinə gediblər. Onların vətənpərvərlikləri heyranedicidir. Gənc əsgərdən niyə cəbhəyə getdiyini soruşduqda, ürəkdən belə cavab verdi: “Əzizlərimiz faşistlərdən qorumaq üçün”. Burada hamı yekdil fikirdədir ki, müharibə “Ukrayna işğalçısına” qarşı aparılır. Hamı yekdilliklə “Amerika imperiyasının Avropada artan təsirini” pisləyir. Hamı NATO və Zelenskini tənqid edir. Əsgərlər silahlarını buraxmadan fəxrlə şəkil çəkdirirlər.

Otel işçilərindən biri gileylənir ki, “2012-ci ildə Futbol üzrə Dünya Kuboku burada keçirilən zaman Avropadakı insanlar Donetsk haqqında eşidiblər. Bura gələnlər gedib hamıya gözəl yerlər, çimərliklər, istirahət yerləri, xizək kurortları haqqında danışdı. Ancaq Donbasın bu gün necə yaşadığını və bunun niyə baş verdiyini burada heç kim bilmir!”.

Bu adam acı bir şəkildə bizə tarix və geosiyasət haqqında bütöv bir dərs verir. Xatırladır ki, “Qərbi Ukrayna əsasən keçmiş Polşa ərazilərindən ibarətdir, tam katolikləşib. Şərqi Ukrayna isə tarixən rus və pravoslav olub. Bir vaxtlar Kiyev Rusun ürəyi idi. Görünür, Qərb bu məlumatı nəzərə almaq istəmir”.

Müharibəni lənətləyən sakinlərin bu vətəndaş müharibəsi başlayandan sonra yaşayış yeri sığınacaqlar olub. Bəzən sığınacaqlar da onları ölümün pəncəsindən ala bilmir. Burada xarabalıqlarla yanaşı xarabalıqları oyun meydançasına çevirmiş uşaqlarla da rastlaşırıq. Solğun üzlər, quru və boz dəri, şiddətli öskürək. Psixoloji iztirabların nəticələri hər yerdə hiss olunur. Burada gülüş qeybə çəkilib. Hamı qorxur ki, ən pisi hələ qarşıdadır.

Anne-Laure Beaune, “Le Figaro”, Fransa.

Tərcümə etdi: Surxay Atakişiyev,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*