Ali Məhkəmənin sədri Ramiz Rzayev artıq tutdugu postdan ayrıldı. Amma onun kimi yaşı çox olan bəzi məmurlar var ki, hələ də kreslodan əl çəkmək istəmir. Bəs görəsən Ramiz Rzayevdən sonra növbə kimlərə çatacaq? Ümumiyyətlə hansı yaşlı məmurların vaxtı çoxdan yetişib?
Mövzunu KONKRET.az-a şərh edən Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, yaşla bağlı vəzifədən ayrılmaq əslində ajoitaj yaratmamalıdır: “Adi protokol və prosedur qaydasıdır və qanunda təsbit olunub. Hər bir vəzifəyə görə maksimum neçə yaşa qədər vəzifədə işləmək müddəti təyin edilib. Normal hüquqi dövlətlərdə bu məsələlər avtomatik sürətdə həyata keçirilir. Yəni biz Ramiz Rzayevin vəzifədən getməsini gözümüzdə böyütməməliyik. Onsuz da tutduğu postu tərk etməli idi. Hamı bilməlidir ki, müəyyən yaş həddindən sonra vəzifəsindən gedəcək. Azərbaycanda da bu cür dövlətçilik adət-ənənəsi formalaşmalıdır ki, biz bu məsələlərdən yan keçək”.

Partiya sədri yaşlı nazirlərin və dövlətdə yüksək vəzifə tutan şəxslərin kimliyi ilə bağlı statistika aparmadığını bildirib: “Deyə bilərəm ki, ədliyyə nazirinin vəzifədə qalması məqsədəuyğun deyil. Çünki ölkədə məhkəmə-hüquq sisteminin hansı vəziyyətdə olduğunu hamımız bilirik. İşin öhdəsindən gəlib-gəlməmək önəmlidir. Hazırda çox rahat şəkildə deyə bilərik ki, Ədliyyə Nazirliyi və naziri öz işinin öhdəsindən layiqincə gələ bilmir. Biz artıq hüquqi dövlət quruculuğuna keçid etmək üçün çalışmalıyıq. Dövlət institutları formalaşmalı və ayrı-ayrı şəxslərdən asılı olmamalıdır. Partiyalar normal fəaliyyət göstərməlidir ki, dövlətçilik ənənələri formalaşsın. Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycanda bu meyarlar üzrə inkişaf olacaq”.
Müşviq Tofiqoğlu,
KONKRET.az
