Əfqanıstanda hakimiyyət bölüşdürülüb: Narkotiklərin qanunsuz dövriyyəsinə bu şəxs NƏZARƏT EDİRbackend

Əfqanıstanda hakimiyyət bölüşdürülüb: Narkotiklərin qanunsuz dövriyyəsinə bu şəxs NƏZARƏT EDİR

BMT-nin Monitorinq Qrupu “Taliban”ın fəaliyyəti ilə bağlı hesabatında bildirib ki, Əfqanıstanda hakimiyyət Qəndəhar və Kabil rəsmiləri arasında bölüşdürülüb.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Qəndəhar qrupu hərəkatın lideri Hibətullah Axundzadə tərəfindən idarə olunur.

Hibətullah Axundzadə

Hökumətin bu qanadı dünya birliyinin tələblərinə münasibətdə daha mühafizəkar və barışmaz hesab olunur.

Paytaxt blokunun əsas fiqurları isə daxili işlər naziri Siracuddin Haqqani, müdafiə naziri Molla Məhəmməd Yaqub Öməri və kəşfiyyat rəhbəri Abdul-Haq Vassiqdir.

Siracuddin Haqqani

Kabillilər özlərini praqmatik kimi göstərməyə çalışır, beynəlxalq səviyyədə tanınmağa və iqtisadi dəstəyə can atırlar.

Ekspertlər onu da vurğulayırlar ki, daxili işlər naziri Haqqani ilə hazırda Əfqanıstan baş nazirinin birinci müavini vəzifəsini icra edən, “Taliban” hərəkatının yaradıcılarından biri Molla Baradar arasında ciddi fikir ayrılıqları var.

Belə ki, bu məmurlar maliyyə axınlarına və dəhlizlərə nəzarət uğrunda yarışırlar.

Molla Baradar

Xüsusilə daxili işlər nazirinin TAPI qaz kəmərinin (Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan) tikintisinə tam nəzarət etmək niyyətində olduğu barədə məlumatlar var.

Eyni zamanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə nəzarət üçün də gərgin mübarizə aparılır.

Belə ki, narkotik istehsalına qoyulan rəsmi qadağaya baxmayaraq, bu qanunsuz ticarət “Taliban” üçün ciddi gəlir mənbəyidir.

Yeri gəlmişkən, xaşxaş tarlalarının dağıdılması səbəbindən narkotiklərin qiyməti qalxıb, Əfqanıstanda metamfetamin istehsalı artıb.

Hesabat müəllifləri qeyd edir ki, hazırda Mərkəzi Asiyadan keçməklə Avropa və ABŞ-a narkotik vasitələrin qanunsuz dövriyyəsinə nəzarəti daxili işlər naziri Haqqaninin qrupu həyata keçirir.

Ekspertlər Əfqanıstan iqtisadiyyatında baş verən bir sıra dəyişiklikləri də diqqətə çatdırıblar. 

Belə ki, Əfqanıstanda:

✔️ vergi sistemi genişləndirilib;

✔️ mədən və kənd təsərrüfatından vergi yığımının səmərəliliyi artırılıb;

✔️ transsərhəd ticarət sahəsində idarəetmə təkmilləşdirilib, korrupsiya səviyyəsi azaldılıb;

✔️ elektrik enerjisi, qaz və yanacağın idxalı üzrə borcları ödənilib.

Ekspertlərin fikrincə, bu ilin fevral ayında inflyasiya 3,5% azalıb, məzənnə və qiymət artımı isə sabitləşib. Bununla belə, məhsulların dəyəri hələ də “Taliban”ın Əfqanıstanda hakimiyyəti ələ keçirdiyi 2021-ci ilin avqustundan xeyli yüksəkdir.

Qeyd olunub ki, “Taliban” bir sıra vədləri (xüsusən də qadınların hüquq və azadlıqlarının təmin edilməsi) yerinə yetirmir. Ölkədə terror məsələsi də xüsusilə aktualdır.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*