Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) və Baş Prokurorluq Ofisi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov barəsində hərbi cinayətlər faktı üzrə cinayət işi başladıb.
KONKRET.az xəbər verir ki, bu barədə SBU məlumat yayıb.
Bildirilib ki, istintaq materiallarına əsasən, Gerasimov bu il iyulun 2-də Kiyev və ətraf ərazilərə, eləcə də Ukraynanın mülki infrastrukturuna qarşı həyata keçirilən kütləvi raket və aviasiya zərbələrinin təşkilində və planlaşdırılmasında iştirak edib.
SBU-nun məlumatına görə, Rusiya Ukraynanın paytaxtı və digər şəhərlərinə əsasən X seriyalı qanadlı raketlər, “Kinjal”, “Kalibr”, “İsgəndər”, “Sirkon” raketləri, həmçinin “Şahed” və “Geran” tipli uzaqmənzilli zərbə pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirir.
Qeyd olunub ki, Gerasimovun göstərişi ilə tabeliyində olan Rusiya hərbi birləşmələri bombardmançı təyyarələr, raketdaşıyan gəmilər və operativ-taktiki raket komplekslərindən istifadə etməklə Ukraynaya hava zərbələrini planlaşdırır və icra edir.
SBU bəyan edib ki, mülki obyektlərin kütləvi atəşə tutulması 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyalarına əlavə I Protokolun 51 və 52-ci maddələrinin pozulması hesab olunur.
Xatırladaq ki, iyulun 2-də Rusiyanın Kiyevə endirdiyi kütləvi gecə hücumu nəticəsində şəhərdə 20-dən çox yaşayış binasına ziyan dəyib. Son məlumata görə, hücum zamanı həlak olanların sayı 30 nəfərə çatıb. Xilasedicilər dağıntılar altından daha üç nəfərin cəsədini çıxarıblar.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Kiyevdə üç fərqli ərazidə axtarış-xilasetmə əməliyyatları davam edir. Onun sözlərinə görə, dağıntıların böyük hissəsi təmizlənsə də, 10 nəfərlə hələ də əlaqə yaratmaq mümkün olmayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
