Rusiyanın Novorossiysk şəhərində iyulun 3-də bütün yanacaqdoldurma məntəqələrində benzin tükənib.
KONKRET.az xəbər verir ki, bu barədə şəhər administrasiyasının Bələdiyyə İdarəetmə Mərkəzi (MÇU) rəsmi açıqlama yayıb.
Məlumata görə, hazırda şəhərdəki bütün yanacaqdoldurma məntəqələrində benzin mövcud deyil. Yerli hakimiyyət orqanları yanacaq vəziyyətini izləmək üçün onlayn xəritə istifadəyə verib. Həmin xəritədə şəhər üzrə bütün məntəqələrdə benzinin olmadığı, yalnız dizel yanacağının qaldığı göstərilib.
Rusiyanın “93.ru” nəşri yazır ki, sərbəst satışda benzin yoxdur. Bununla belə, müəssisələrin əməkdaşlarına təqdim etdiyi xüsusi yanacaq kartları vasitəsilə bəzi sürücülər hələ də avtomobillərini yanacaqla təmin edə bilirlər.
Novorossiyskdə yanacaq çatışmazlığı iyunun 10-dan başlayıb. İyulun əvvəlindən etibarən vəziyyət daha da kəskinləşib. Şəhər sakinləri benzinin qaldığı azsaylı məntəqələrdə saatlarla növbədə gözləməyə məcbur olublar.
Yerli sakinlərin sözlərinə görə, yanacaq böhranı şəhər həyatına ciddi təsir göstərib. İctimai nəqliyyatda kondisionerlər işləmir, taksi xidmətlərinin qiymətləri artıb, küçələrdə avtomobillərin sayı isə nəzərəçarpacaq dərəcədə azalıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
