Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
KONKRET.az bildirir ki, “AnewZ”un etibarlı mənbədən əldə etdiyi məlumata görə, zəng Vaşinqton Sülh Zirvəsinin bir illiyi münasibətilə Prezident Donald Trampın təşəbbüsü ilə reallaşıb. 40 dəqiqədən çox davam edən telefon danışığının səmimi və dostluq mühitində keçdiyi bildirilir.
Liderlər Vaşinqton sammitinin bir illiyi münasibətilə məmnunluqlarını ifadə ediblər. Qeyd olunub ki, Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamə və sülh sazişinin paraflanması regionda münaqişəyə son qoyub və sülhü bərqərar edib.
Prezident İlham Əliyev sammitə ev sahibliyinə və sülh prosesinə dəstəyinə görə Donald Trampa təşəkkür edib. ABŞ Prezidenti də öz növbəsində İlham Əliyevin sülhün əldə olunmasındakı rolunu yüksək qiymətləndirib.
Söhbət zamanı ötən bir ildə regionda sülhün qorunduğu və heç bir insidentin baş vermədiyi vurğulanıb. Tərəflər Azərbaycanın Ermənistana neft məhsulları ixrac etməsini, tranzit daşımaların başlamasını və ticarət əlaqələrinin bərpasını müsbət addımlar kimi dəyərləndiriblər.
Dövlət başçıları TRIPP layihəsinin regional nəqliyyat bağlantıları baxımından əhəmiyyətini diqqətə çatdırıblar. İlham Əliyev Azərbaycan ərazisində nəqliyyat infrastrukturunun yekunlaşmaq üzrə olduğunu bildirib, Ermənistanda da müvafiq işlərin tezliklə başlayacağına ümid ifadə olunub.
Telefon danışığında ikitərəfli əlaqələr də nəzərdən keçirilib. Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq sənədinin imzalanması tarixi hadisə kimi qiymətləndirilib. Bu sənədin münasibətləri keyfiyyətcə yeni, strateji səviyyəyə qaldırdığı və regionda sabitliyə töhfə verdiyi vurğulanıb.
Dövlətimizin başçısı G20 sammitinə dəvətə görə Donald Trampa minnətdarlığını bildirib.
Sonda Azərbaycan-ABŞ strateji tərəfdaşlığının bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
