Elçibəy Bakını tərk etməzdən əvvəl kimlərlə məsləhətləşib? – Dəmirəl elə adlar çəkdi ki…backend

Elçibəy Bakını tərk etməzdən əvvəl kimlərlə məsləhətləşib? – Dəmirəl elə adlar çəkdi ki…

Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəlin illər əvvəl jurnalist Vahid Mustafayevə verdiyi müsahibədə səsləndirdiyi fikirlər və həmin dövrə dair açıqlamalar Azərbaycan siyasi tarixinin mühüm mərhələlərindən birinə yenidən diqqət çəkib. S.Dəmirəlin sözlərinə görə, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəy Ordubad rayonunun Kələki kəndinə getməzdən əvvəl idarəçiliyin o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Heydər Əliyevə həvalə olunmasının məqsədəuyğunluğu ilə bağlı Türkiyə tərəfinin də rəyini öyrənib və bu addımla bağlı razılıq əldə olunub.

Eyni zamanda, Dəmirəl Bakının həmin dövrdə ciddi siyasi böhran və təhlükəsizlik çətinlikləri ilə üzləşdiyini, bu vəziyyətdən çıxış üçün əsas fiqur kimi Heydər Əliyevin ön plana çıxdığını bildirib. Onun iddiasına görə, bu proseslər zamanı ABŞ ilə də məsləhətləşmələr aparılıb və Türkiyə rəhbərliyi də vəziyyətdən çıxış üçün Heydər Əliyevin liderliyini daha uyğun hesab edib.

Həmin dövrün real siyasi və təhlükəsizlik vəziyyəti, eləcə də bu qərarların regiondakı güc balansına təsiri isə bu gün də müzakirə olunan əsas məsələlərdən biri olaraq qalır.

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, ümummilli lider Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı Azərbaycan xalqının iradəsi və tələbi nəticəsində baş tutub:

“Azərbaycan xalqının Ulu Öndərə olan inamı və onu milli lider kimi görməsi bu prosesin reallaşmasını təmin edib. Xalqın dəvəti və israrlı çağırışları nəticəsində Heydər Əliyev vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalan, çətin vəziyyətdə olan Azərbaycana qayıdaraq ölkəni xilas edib. Məsələnin əsas mahiyyəti bundan ibarətdir. Hansısa xarici ölkədə verilən rəylər isə yalnız təfərrüatdır və ciddi arqument kimi qəbul edilməməlidir.

Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə xalq artıq onu lider kimi qəbul etmişdi. Dövlətin xilasında yeganə effektiv siyasi lider olduğunu da yaxşı anlayırdı. Nəticə etibarilə xalqın gözləntiləri özünü doğrultdu. Ulu Öndər iyunun 15-də hakimiyyətə gəldi və Azərbaycan parlamentinə sədr seçildikdən dərhal sonra 1993-cü ilin oktyabrında keçirilən seçkilərdə xalqın 90 faizdən çoxunun dəstəyini qazandı. Belə olan halda, xarici dairələrin müxtəlif iddiaları, gizli müzakirələr və ya məsləhətləşmələr əhəmiyyət daşımır. Azərbaycan xalqı qürur hissi keçirir ki, vaxtında düzgün qərar verib”.

Xatırladaq ki, 1993-cü il 4 iyun tarixində Gəncə şəhərində hərbi qiyam baş verib. 709 saylı hərbi hissənin komandiri Surət Hüseynov dövlətə qarşı çıxıb. Nəticədə Azərbaycanda ictimai-siyasi və hərbi vəziyyət daha da gərginləş. Yaranmış hakimiyyət boşluğu nəticəsində prezident Əbülfəz Elçibəy Heydər Əliyevi Bakıya dəvət edib. Ona hakimiyyətdə yüksək vəzifə tutmasını təklif edib. 1993-cü il 15 iyun tarixində Heydər Əliyev Milli Məclisə sədr seçilib. İyunun 17-dən 18-nə keçən gecə Əbülfəz Elçibəy Bakını tərk edərək təyyarə ilə Naxçıvana uçub. O, doğulduğu Kələki kəndinə gedib. Bundan sonra ölkədə referendum keçirilib, Ə.Elçibəyin prezident səlahiyyətinə son qoyulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*