Xəbər verdiyimiz kimi, tanınmış prodüser, Xəzər Televiziyasının aparıcısı Tarix Əliyev (Tolik) İkinci Qarabağ Müharibəsində yaralanan əsgərimizi təhqir edib. Belə ki, Tarix Əliyev instagramda hərbçimizlə canlı yayımda bağlantı yaradıb və ona kömək əlini uzatmaq istədiyini bildirib. Sonra Tolik canlıda bir qədər uzağa gedərək, eşitmə qabiliyyətini itirən əsgərə qarşı “Kül təpənə…” kimi xoşagəlməz ifadələr də işlədib.
Tarix Əliyevin qazini təhqir etməsi ilə bağlı fikirlərini KONKRET.az-la bölüşən “Ayna” nəşrinin baş redaktoru Elçin Şıxlı qeyd edib ki, “sosial şəbəkədə olsam da, Tolikdən xəbərim yoxdur. Mən elə şeylərə baxmıram. Düşünürəm ki, hansısa Tolikin nəsə deməsini müzakirə etməklə onu əslində məşhurlaşdırırıq. Sadəcə Tolikə iş verən insanlar bunu nəzərə alsınlar. Onun kimilərini və ümumiyyətlə, yoldan keçənləri efirə çıxarmasınlar. Biz onu bu qədər müzakirə etdikcə, Tolik kimiləri gəlib cəmiyyətin qəhrəmanı olur. Çünki qara piar da piar hesab olunur. Bizim o qədər işimiz var, oturub Toliki müzakirə edirik… Amma qaziyə o cür ifadə işlətmək də olmaz”.
Elçin Şıxlı əlavə edib ki, “Əli Həsənovun zamanında əlində qələm tutmağı bacarmayan, iki cümləni bir-birinə calayıb fikir ifadə edə bilməyənlər “Əməkdar jurnalist” adına layiq görüldülər. Ona görə də insan hər şeydən iyrənir. Əli Həsənov Azərbaycan mediasını məhv etdi. Ümumiyyətlə, insanlar öz yerində olmayanda arxasınca özü kimi “bezdarnı” məxluqları gətirib çıxarırlar”.
Natiq Səlim,
KONKRET.az
