Bəzən soyuq insanı ölümlə üz-üzə qoyur, bəzən isə onun beynini qoruyaraq həyata qayıtması üçün möcüzəvi bir fürsət yaradır. Anna Baqenholmun hekayəsi tibb tarixinin ən heyrətamiz hadisələrindən biridir.
1999-cu il mayın 20-də Norveçin şimalında, Narvik şəhəri yaxınlığında qeyri-adi və faciəvi bir hadisə baş verdi.
29 yaşlı tibb tələbəsi Anna Baqenholm xizək sürərkən buz təbəqəsinin kənarına ilişdi və bir anda gözdən itdi. Əvvəlcə buzun çatlama səsi eşidildi. Ardınca Anna suya düşdü və buzlu suyun altında qaldı.
O, başı aşağı vəziyyətdə, donmuş çayın buz təbəqəsi ilə dibi arasında sıxılıb qalmışdı. Güclü su axını onu buzun altına çəkmişdi. Dostları buz səthini sındıraraq Annanı xilas etməyə çalışsalar da, su onu daha irəli aparmışdı.
Anna hələ sağ idi. O, təşviş içində çıxış yolu axtarır, nəfəs almaq üçün başını buzun altından çıxarmağa çalışırdı. Lakin hər cəhdi uğursuzluqla nəticələnirdi. Nəhayət, qarşısına kiçik bir fürsət çıxdı.
Buzun altında balaca hava boşluğu vardı. Bu boşluq yalnız burnunu və ağzını sudan kənarda saxlamağa imkan verirdi. Anna çayın dibindəki daşlardan yapışaraq nəfəs almağa çalışırdı. Ətrafı zülmət qaranlıq idi. O, soyuq suyun içində, buzun altında, köməyin nə vaxt gələcəyini bilmədən mübarizə aparırdı. Dəqiqələr keçirdi.
Təxminən 40 dəqiqə ərzində nəfəs almaq və sağ qalmaq uğrunda mübarizə apardı. Lakin getdikcə gücü tükəndi. Bədəni soyuğun təsirinə tab gətirə bilmədi. Bir müddət sonra ürəyi dayandı. Anna artıq nəfəs almırdı. Qan dövranı dayanmışdı. Amma xilasedicilər hələ ona çatmamışdılar. Bədən temperaturu 13,7 dərəcəyə düşmüşdü
Anna buzun altından çıxarılanda təxminən 80 dəqiqə soyuq suda qalmışdı. Onun nəbzi yox idi, nəfəs almırdı və bədən temperaturu həyat üçün son dərəcə təhlükəli həddə – 13,7°C-yə qədər enmişdi.
Bu, insanın sağ qalması baxımından qeydə alınmış ən aşağı bədən temperaturlarından biri idi.
Dərisi bozarmış, bəbəkləri hərəkətsiz qalmışdı. İlk baxışdan onun sağ qalacağına ümid etmək çətin görünürdü. Lakin Norveçin Tromso şəhərindəki Universitet Xəstəxanasının həkimləri mübarizəni dayandırmadılar.
Onlar Anna üçün son dərəcə çətin bir qərar verməli idilər: bədənini ehtiyatla isidərək ürək fəaliyyətini bərpa etməyə çalışmaq. Dərin hipotermiya (bədən temperaturunun kəskin aşağı düşməsi) zamanı orqanizmin fəaliyyəti ciddi şəkildə zəifləyir. Ürək döyüntüləri yavaşıya, nəfəs dayanmış kimi görünə və qan dövranı tamamilə kəsilə bilər.
Ancaq belə hallarda bədənin həddindən artıq soyuması səbəbindən ürəyi dayanan insanı dərhal ümidsiz hesab etmək olmaz. Xüsusilə buzlu suya düşmə nəticəsində yaranan dərin hipotermiyada bəzi xəstələr, uzunmüddətli reanimasiyadan sonra belə, həyata qaytarıla bilirlər. Anna üçün də bu şans mövcud idi.
Ürək yenidən döyünməyə başladı
Həkimlər Annanı ürək-ağciyər aparatına qoşdular. Bu aparat qanın dövranını və oksigenlə təmin olunmasını dəstəkləyir, eyni zamanda qanın tədricən isidilməsinə imkan verir. Onun bədən temperaturu ehtiyatla yüksəldilirdi. Həkimlər hər mərhələdə həyati göstəriciləri izləyir, ürəyin yenidən fəaliyyətə başlamasını gözləyirdilər.
Saatlar keçirdi. Və nəhayət, gözlənilən hadisə baş verdi: Annanın ürəyi yenidən döyünməyə başladı. Bu, onun həyata qayıtması yolunda ilk böyük qələbə idi. Sonrakı günlərdə vəziyyəti tədricən yaxşılaşdı. Bir müddət sonra gözlərini açdı, daha sonra danışmağa başladı. Ən heyrətamiz məqam isə beyninin vəziyyəti ilə bağlı idi.
Uzun müddət oksigensiz qalmasına baxmayaraq, Anna beynində ciddi, geri dönməz zədələr olmadan sağaldı. Onun yaddaşı və idrak qabiliyyətləri böyük ölçüdə qorunub saxlanmışdı. Soyuğun təsirindən əllərində və ayaqlarında zədələr yaransa da, o, həyatını davam etdirmək üçün mübarizəni dayandırmadı. Xəstə kimi daxil olduğu xəstəxanaya həkim kimi qayıtdı
Anna Baqenholmun hekayəsi burada bitmədi. O, tibbi təhsilini başa vurdu və sonradan radioloq həkim kimi fəaliyyət göstərməyə başladı. Beləliklə, vaxtilə həyatının xilas edildiyi xəstəxana ilə onun əlaqəsi tamamilə yeni məna qazandı.
Bir vaxtlar həmin xəstəxananın həkimləri onun həyatını xilas etmək üçün mübarizə aparmışdılar. İllər sonra isə Anna özü insanların sağlamlığına xidmət edən həkim kimi çalışırdı.
Onun hadisəsi tibbi ədəbiyyatda geniş müzakirə olundu və ağır hipotermiya zamanı reanimasiya yanaşmalarının öyrənilməsi baxımından mühüm əhəmiyyət qazandı. Bəs Anna necə oldu ki, bu qədər uzun müddət buzlu suda qaldıqdan sonra beynində ciddi zədələr yaranmadan sağ qala bildi?
Əsas izahlardan biri bədənin kəskin soyuması ilə bağlıdır. Temperatur aşağı düşdükcə beynin və digər orqanların oksigenə olan tələbatı azalır. Bu, bəzi hallarda qan dövranı dayandıqdan sonra belə hüceyrələrin zədələnmə sürətini ləngidə bilər. Lakin bu, soyuğun insanı mütləq qoruduğu demək deyil. Dərin hipotermiya həyati təhlükə yaradır və belə vəziyyətdən sağ çıxmaq bir sıra amillərdən — soyumanın sürətindən, bədənin temperaturundan, oksigensiz qalma müddətindən və vaxtında göstərilən tibbi yardımdan asılıdır.
Ölümün astanasından həyata qayıdış
Anna Baqenholm təxminən 40 dəqiqə buzun altında nəfəs almaq uğrunda mübarizə apardı, bədəni kritik dərəcədə soyudu, ürəyi dayandı və o, təxminən 80 dəqiqə buzlu suyun altında qaldıqdan sonra xilas edildi. Buna baxmayaraq, müasir tibbin imkanları və həkimlərin inadkar mübarizəsi sayəsində həyata qayıtdı.
Onun hekayəsi bir daha göstərdi ki, xüsusilə ağır hipotermiya hallarında insanın həyatını xilas etmək üçün ümid gözləniləndən daha uzun müddət davam edə bilər.
Rəsmiyyə Şərifova,
KONKRET.az
