“Əli Əkbər Vilayəti İran diplomatiyası adından üzr istəyib” – Tehranı bağışlamaq olarmı?backend

“Əli Əkbər Vilayəti İran diplomatiyası adından üzr istəyib” – Tehranı bağışlamaq olarmı?

Son zamanlar İran və Azərbaycan arasında artan gərginlik fonunda rəsmi Tehranın düşmən Ermənistana hər cür dəstək verməsi və regional layihələrin həyata keçirilməsinə süni əngəl yaratması proseslərin pik həddə çatması ilə nəticələndi. Bu isə qarşılıqlı ittihamlarla müşaiyət olunan tənqid və hətta bəzi hallarda təhqir ritorikasının ayaq açmasına şərait yaratdı. Təbii ki, proseslərin bu həddə çatmasında günahkar tərəf İran olsa da, rəsmi Tehran bunu boynundan atmağa və Azərbaycanı ittiham etməyə cəhd göstərirdi. Lakin İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri, keçmiş xarici işlər naziri Əli Əkbər Vilayətinin son açıqlamaları mövcud vəziyyətin dəyişəcəyinə ümidləri artırdı.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Tofiq Abbasovun sözlərinə görə, Əli Əkbər Vilayəti son dərəcə güclü bir diplomatdır. Dünyanın siyasi elitası arasında onun xüsusi yeri var: “Qərb diplomatiya məktəbi də bu şəxsin fikri ilə həmişə hesablaşır. Əgər Ali Rəhbərin nümayəndəsi mövcud prosesə qatılaraq belə bir açıqlama verirsə, deməli Əli Əkbər Vilayəti İran diplomatiyası adından üzr istəyir. Onun açıqlamaları dolayısı ilə həm də səhv edən tərəfin addımı kimi dəyərləndirilə bilər. Əlbəttə ki, İranda siyasi elitanın milli məsələlər zəminində özünün həssas bir yanaşması mövcuddur. İstənilən çoxmillətli dövlətlər bu cür məsələlrlə bağlı ehtiyyatlı davranırlar. Əgər Əli Əkbər Vilayəti bu prosesə qatılıbsa və üzrxahlıq edilirsə, deməli İran dolayısı ilə həm səhvə yol verdiyini anlayır, həm də üzr istəyir. İslam Respublikasında bir çox siyasi institutların fəaliyyət göstərdiyini, onların həm daxili, həm xaric siyasətlə, həm də dipomatik məsələlərlə məşğul olduğunu nəzərə alsaq, o zaman Əli Əkbər Vilayətinin bu açıqlamasının İranın diplomatik sahədə ağır artileriyası kimi tanınan şəxs tərəfindən edilməsini müsbət hal kimi dəyərləndirə bilərik. Çünki Vilayəti mövcud prosesə qatılaraq bu cür açıqlamalar etməklə ölkədəki digər institutların səhvə yol verdiklərini etiraf edir və bunu da radan qaldırmaq istədiklərini vurğulayır”.

Tofiq Abbasov: Azərbaycan hər zaman işlək mexanizmləri ortaya qoyur - "İki  sahil"

Tofiq Abbasov əlavə edib ki, Vilayətinin səmimiyyətinə inanmaq olar: “Çünki bu şəxs ciddi bir siyasətçi kimi tanınır. Uzun müddət İranın xarici işlər naziri işləyib. Rəfsəncani dövründə İranın diplomatiyası İran-İraq müharibəsindən sonra dünya siyasətinə qayıtmaq üçün çox ciddi cəhdlər edirdi. Eləcə də 1992-ci ildə İranın Ermənistanla-Azərbaycan arasında vasitəçilik missiyası İslam Respublikasının özünün diplomatik balansını bir qədər zənginləşdirmək istəyinə hesablanmışdı. Amma xarici qüvvələr İranın bu məsələlərdə divident qazanmasını istəmirdilər. Digər tərəfdən Əli Əkbər Vilayəti Xameneinin dəftərxanasında xarici məsələlər üzrə müşavirdir və çox az məqamlarda gözə görünür və ya açıqlama verir. Mövcud vəziyyətlə bağlı belə bir açıqlama veribsə, deməli bunu üzrxahlıq kimi qəbul etmək olar”.

Politoloq əlavə edib ki, bizim dipolmatiyamızın son hadisələrdəki davranışında heç bir səhv tapmaq mümkün deyil: “Prezident İham Əliyev elə bir siyasi kurs yürüdür ki, ona qərəzli yanaşsaq belə heç bir səhv olmadığını görə bilərik. O cümlədən İranla bağlı məsələlərdə də səhvi biz yox, Tehran edib. Orada daxili qüvvələr arasında gərginliyin olduğunu və bir-birilərinin acığına iş görüldüyünü bilirik. Burada Azərbaycanın gözü kölgəli addımı yoxdur və qətiyyən ola bilməz. Nə baş veribsə, o, Azərbaycanın yox, İranın günahı ucbatından yaşanıb”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*