Dünən ölkədə elə bir hadisə baş verdi ki, mediada bu, hələ bir müddət müzakirə mövzusu olacaq. Söhbət Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun vəzifədən kənarlaşdırılmasından gedir. Belə ki, ölkədə uzunmüddətli fəaliyyəti dövründə ideoloji sahənin inkişafı istiqamətində heç bir əməli addımlar atmayan Ə.Həsənovun faəliyyəti bundan sonra da konkret faktlarla araşdırılacaq. Bu kontekstdə onun qohumbazlığı da silsilə yazılara səbəb olacaq.
Sözsüz ki, Əli Həsənovun mətbuat və televiziya sahəsində heç bir təcrübəsi olmayan yaxınlarının, xüsusən də oğlu – “Xəzər” Televiziyasının rəhbəri Şamxal Həsənovun və qardaşı oğlu – İctimai Televiziyanın (İTV) baş direktor müavini Elçin Həsənovun hansı prinsiplərlə bu vəzifələri tutmaları araşdırılmalıdır.
KONKRET.az-a adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumata görə, Elçin Həsənov bu yaxınlarda işindən azad olunsa da, əmisinin köməyilə vəzifəsinə qaytarılıbmış.
Mənbəmiz deyir ki, onun kurasiya etdiyi Elm və Təhsil Departamentinin yaradıcılıq işinə “töhfəsi” də ümumi işə mane olmaqdan, saxladığı əlaltıları sayəsində dedi-qodu yaratmaqla işgüzar muhiti pozmaqdan ibarət olub. Elçin Həsənovun bu il Dövlət İdarəçilik Akademiyasına “qəbul olunduğu” da deyilir.
Xatırladaq ki, E.Həsənov 2012-ci ildə Odlar Yurdu Universitetinin hüquq fakültəsini bitirib, 2011-ci ildən “İdman Azərbaycan” kanalında müxtəlif vəzifələrdə işləyib. 2015-cı ildə “İdman Azərbaycan” kanalının direktor müavini vəzifəsinə təyin olunub. 2017-ci il mayın 4-dən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktor müavinidir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.