Cordano Brunonun elmin ilk şəhidi kimi təqdim olunan kanonik hekayəsi ciddi dərəcədə sadələşdirilib. Cordano Bruno alim deyildi, dini mistik idi. O, dominikan ordenindən qaçaraq Avropada 16 il davam edən səfər və köç həyatına başladı. Bu müddət ərzində demək olar ki, bütün kilsələr tərəfindən rədd edildi – həm katoliklərlə, həm kalvinistlərlə, həm də lüteranlarla münaqişə yaşadı.
Bəli, o, Kopernikin təlimini qəbul etmişdi. Lakin Bruno alim deyildi: nə təcrübələr aparırdı, nə də hesablamalar edirdi. Hətta riyaziyyata hörmətsiz yanaşırdı. Onun kopernikçi Günəşi sehrli, qədim Misirin ilahi işıq simvolu idi. Çoxsaylı dünyalar ideyasına isə metafizika və dini magiya vasitəsilə gəlib çıxmışdı: əgər Tanrı sonsuzdursa, deməli, Kainat da sonsuz olmalıdır.
Bruno Misir dinini ciddi qəbul edir, onu həqiqi və xristianlıqdan üstün din hesab edirdi. O, xristianlığı islah etmək deyil, qədim sehrli dini – təbiətdə ilahi olanın ilahiləşdirilməsini, Günəş kultunu və canlandırıcı magiyanı bərpa etmək istəyirdi.
O, ümumiyyətlə, mistikaya böyük maraq göstərirdi. “De magia naturali” (“Təbii magiya haqqında”) traktatında magiyanın doqquz növünün mövcudluğundan yazırdı. Bunların arasında müdriklərin magiyası və kimyəvi-alximiya magiyasından tutmuş okkult, demonik, nekromantik və dağıdıcı-zərərverici magiyaya qədər müxtəlif növlər sadalanırdı.
Cordano Bruno haqqında çoxsaylı donoslar – ittiham xarakterli məlumatlar – günümüzə qədər gəlib çatıb. Onlarda Brununun İsanın göstərdiyi möcüzələrin saxta olduğunu və onun sehrbaz olduğunu iddia etdiyi, cəhənnəmin mövcud olmadığını və heç kimin əbədi əzaba məhkum edilmədiyini, zaman keçdikcə hətta demonlar da daxil olmaqla hamının xilas olacağını söylədiyi qeyd olunur.
Həmçinin onun Qabilin dürüst insan olduğunu və qardaşı Habili öldürməkdə haqlı olduğunu, çünki Habilin zalım və heyvanlara işgəncə verən biri olduğunu dediyi bildirilir. Bruno Musa haqqında da onun sehrbaz olduğunu, Sinay dağında Tanrı ilə danışdığını söyləməklə yalan danışdığını iddia edirdi. Onun fikrincə, Musanın yəhudi xalqına verdiyi qanunları da özü uydurmuşdu. Bütün peyğəmbərləri isə hiyləgər, yalançı və fırıldaqçı adlandırırdı və onların buna görə layiq olduqları rüsvayçı şəkildə edam edildiklərini deyirdi.
Bruno yeddi il inkvizisiyanın araşdırması altında qaldı. Bu müddət ərzində gah özünün bidətçi hesab olunan fikirlərindən imtina edir, gah da həmin imtinalarını geri götürürdü. Onu ilahiyyat və magiyaya görə mühakimə etdilər, astronomiyaya görə yox.
Kopernikin nəzəriyyəsi hələ kilsə tərəfindən qadağan edilməmişdi. Bu, yalnız 16 il sonra, Qaliley işi zamanı baş verəcəkdi. Buna görə də Brunonun çoxsaylı məskunlaşmış dünyaların mövcudluğu ideyasına görə edam edildiyi barədə geniş yayılmış təsəvvür tarixi baxımdan dəqiq deyil.
17 fevral 1600-cü ildə Bruno Romada, Kampo-dei-Fiori meydanında diri-diri yandırıldı. Bu cəza rəsmi dildə yumşaq şəkildə “qan tökmədən cəza” adlandırılırdı. Edamdan əvvəl onun ağzına “dil üçün yüyən” taxılmışdı ki, bidətçi çıxışları ilə toplaşan insanları çaşdırmasın. Bruno parlaq natiq idi, çox səyahət etmiş, açıq mühazirələr oxumuş və müxtəlif elmi-fəlsəfi disputlarda iştirak etmişdi. Kilsə isə risk etmək istəmirdi.
Bununla belə, Cordano Bruno özünə abidə qoyulmasına layiq idi. O, haqlı olduğu üçün ölmədi – Misirə aid yanlış təsəvvürlər Roma miflərindən heç də yaxşı deyil. Bruno öz fikirlərini yanlış olsa belə, açıq şəkildə ifadə etmək və ölüm təhlükəsi qarşısında onlardan imtina etməmək azadlığı uğrunda öldü.
Əlavə edim ki, kilsə Bruno ilə bağlı mövqeyini heç vaxt rəsmi şəkildə dəyişməyib və onu reabilitasiya etməyib. Bu, 1992-ci ildə Papa II İohann Pavelin ehtiyatlı şəkildə bəraət qazandırdığı Qaliley hadisəsindən fərqlənir.
Müəllif: Dmitri Çernışov
Hazırladı: Ağagül Mürsəlov,
KONKRET.az
