İnsan ömrü qəribə bir sərmayədir. Biz bu dünyaya nə pulla, nə də vəzifə ilə gəlirik. Bizə verilən ən böyük sərvət zamandır. Amma qəribədir ki, insanların çoxu məhz bu sərvətin qədrini ən az bilənlərdir. Pulunu itirəndə narahat olur, əşyası itib-batanda günlərlə axtarır, işini itirəndə yeni fürsətlər axtarmağa başlayır. Lakin ömrünün aylarla, bəzən illərlə dəyərsiz insanlara sərf olunmasını adi bir hal kimi qəbul edir.
Halbuki zaman həyatın özüdür. İtirilmiş pul yenidən qazanıla bilər, itirilmiş nüfuz bərpa olunar, hətta dağılan arzular belə yenidən qurula bilər. Amma dünən yaşanmış bir saatı, ötüb keçmiş bir günü, boşa verilmiş bir ili heç bir qüvvə geri qaytara bilməz. Təqvimdən qoparılan hər vərəq, əslində, ömrümüzdən qopan bir parçadır.
Məhz buna görə də həyatda ən böyük israf maddi deyil, mənəvi israfdır. Bu isə vaxtımızı bizi inkişaf etdirməyən, ruhumuzu zənginləşdirməyən, əksinə, enerjimizi tükədən insanlara sərf etməkdir.
Elə insanlar var ki, onların həyatımızdakı yeri yalnız vaxtımızı almaqdan ibarətdir. Onlar hər görüşdə ümidimizi azaldır, hər söhbətdə mənfi düşüncələr aşılayır, hər münasibətdə bizi bir qədər də yorurlar. Belə insanlar insanın cibindən pul oğurlamırlar, ömründən zaman oğurlayırlar. Və bu, ən ağır oğurluqdur. Çünki oğurlanan pul geri qaytarıla bilər, oğurlanan zaman isə heç vaxt.
Müasir insanın ən böyük problemi də məhz budur. Biz çox vaxt münasibətlərin sayına, sosial çevrənin genişliyinə, tanışların çoxluğuna önəm veririk. Halbuki həyatın keyfiyyətini insanın ətrafındakı adamların sayı deyil, onların dəyəri müəyyən edir. Bəzən bir səmimi dost onlarla formal tanışdan daha qiymətli olur. Bəzən bir müdrik insanla keçirilən bir saat, mənasız söhbətlərlə ötən illərdən daha çox öyrədir.
İnsan kimlə oturub-durursa, zamanla ona bənzəməyə başlayır. Düşüncələr yoluxucu olduğu kimi, ümidsizlik də, nikbinlik də yoluxucudur. Əgər ətrafımızda bizi daim ruhdan salan, məqsədlərimizə istehza ilə yanaşan, uğurlarımıza sevinməyən insanlar varsa, gec-tez onların baxış bucağı bizim də həyatımıza sirayət edəcək. Əksinə, mütaliə edən, öyrənən, çalışan, inkişaf edən insanlarla ünsiyyət bizi də böyüdəcək, düşüncələrimizi zənginləşdirəcək və həyata baxışımızı dəyişəcək.
Həyatın ən ağıllı yatırımı bank hesabına qoyulan pul deyil, doğru insanlara ayrılan zamandır. Çünki həmin sərmayənin gəliri illər sonra daha savadlı düşüncə, daha möhkəm xarakter, daha sağlam münasibətlər və daha xoşbəxt həyat kimi geri qayıdır.
Ona görə də insan bəzən cibini deyil, ətrafını yoxlamalıdır. Kimlər ömrünüzə dəyər qatır? Kimlər isə sadəcə vaxtınızı alır? Bu sualın cavabı həyatın keyfiyyətini müəyyən edən ən vacib meyardır.
Unutmayaq ki, ömür sonsuz deyil. Hər gün bizə verilən iyirmi dörd saat əslində həyatımızın iyirmi dörd saat azalması deməkdir. Ona görə də bu əvəzsiz sərmayəni dəyərsiz münasibətlərə xərcləmək özümüzə qarşı edilən ən böyük haqsızlıqdır.
Zamanı qorumaq təkcə saatı qorumaq deyil. Zamanı qorumaq həyatını qorumaqdır. Həyatı qorumağın yolu isə səni kiçildən deyil, böyüdən, ruhunu yorandan deyil, zənginləşdirən, məqsədlərindən uzaqlaşdıran deyil, onlara yaxınlaşdıran insanları seçməkdən keçir. Çünki insanın əsl sərvəti bank hesabında deyil, ömrünü kimlərlə bölüşməsində gizlidir.
Natiq Səlim,
KONKRET.az
