Son dövrlərdə sosial şəbəkələrdə süni intellekt (AI) texnologiyalarından istifadə etməklə vəfat etmiş şəxslərin görüntülərinin və səslərinin bərpa edilməsi, onların guya danışdırılması və müxtəlif hadisələri nəql etməsi halları geniş yayılıb. Belə videolar milyonlarla baxış toplasa da, onların hüquqi və etik tərəfləri ciddi müzakirə mövzusudur.
KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən “Ekspert-SM LTD” MMC-nin hüquqşünası Afaq Əliyeva qeyd edib ki, Azərbaycan Respublikasının qanunvericiliyində süni intellekt vasitəsilə vəfat etmiş şəxslərin rəqəmsal şəkildə canlandırılmasını birbaşa tənzimləyən xüsusi norma hazırda mövcud deyil.
Onun sözlərinə görə, belə halların qiymətləndirilməsi zamanı bir sıra hüquqi prinsiplər tətbiq edilə bilər: “İlk növbədə, Azərbaycan Respublikası Konstitusiyası hər bir şəxsin şərəf və ləyaqətinin qorunmasını təmin edir. Şəxs vəfat etdikdən sonra onun hüquq subyekti kimi statusu başa çatsa da, onun xatirəsinin, nüfuzunun və ailə üzvlərinin hüquqlarının qorunması hüquqi əhəmiyyətini saxlayır. Süni intellekt vasitəsilə hazırlanmış görüntü və ya səs yazısı vəfat etmiş şəxsin şəxsiyyətini, simasını və ya səsini real şəkildə təqlid edirsə, həmin materialın onun yaxın qohumlarının razılığı olmadan yayılması mübahisəli hüquqi vəziyyət yarada bilər. Belə hallarda mərhumun həyat yoldaşı, valideynləri, övladları və digər yaxın ailə üzvləri hesab edə bilərlər ki, həmin paylaşım mərhumun xatirəsini təhqir edir və ya onların şəxsi və ailə həyatına mənfi təsir göstərir. Bu zaman onlar mülki hüquq qaydasında öz hüquqlarının müdafiəsini tələb edə bilərlər. Əgər AI videosunda mərhuma məxsus fotoşəkillər, videolar və ya səs yazılarından istifadə olunursa, həmin materialların müəllif hüquqları və əlaqəli hüquqlar da nəzərə alınmalıdır. Bu materiallardan icazəsiz istifadə bəzi hallarda müəllif hüquqlarının pozulmasına səbəb ola bilər. Bundan əlavə, süni intellekt vasitəsilə hazırlanmış video tamaşaçıda onun real görüntü olduğu təəssüratı yaradırsa və cəmiyyətə yanlış məlumat ötürürsə, bu, dezinformasiya və ictimai maraqlar baxımından da hüquqi qiymətləndirilə bilər”.
Hüquqşünas bildirib ki, bir sıra ölkələr artıq bu sahədə xüsusi hüquqi mexanizmlər formalaşdırmağa başlayıb: “Məsələn, ABŞ-nin bəzi ştatlarında insanın səsinin və simasının rəqəmsal surətdə istifadəsi (“right of publicity”) qanunla qorunur və müəyyən hallarda bu hüquqlar ölümündən sonra da davam edir. Avropa ölkələrində isə şəxsi məlumatların qorunması, şəxsiyyət hüquqları və etik standartlar belə texnologiyaların tətbiqinə ciddi məhdudiyyətlər qoyur. Hazırda Azərbaycan qanunvericiliyində vəfat etmiş şəxslərin süni intellekt vasitəsilə canlandırılmasını birbaşa qadağan edən xüsusi norma yoxdur. Lakin bu, belə hərəkətlərin tam sərbəst olduğu anlamına gəlmir. Əgər AI vasitəsilə hazırlanmış material mərhumun xatirəsini ləkələyir, onun adına həqiqətə uyğun olmayan fikirləri aid edir, yaxın qohumların hüquq və mənafelərinə toxunur və ya müəllif hüquqlarını pozursa, həmin hərəkətlər mövcud mülki qanunvericilik və digər hüquqi normalar çərçivəsində mübahisələndirilə bilər. Texnologiyanın sürətli inkişafı nəzərə alınmaqla, gələcəkdə bu sahənin ayrıca hüquqi tənzimlənməsi və süni intellektdən istifadəyə dair daha konkret qaydaların qəbul olunacağı gözlənilir”.
