Erməni cütlüklərin “silaha sarılma” təbliğatı – Şərhbackend

Erməni cütlüklərin “silaha sarılma” təbliğatı - Şərh

44 günlük müharibə regionda yeni reallıqlar yaratsa da, erməni ictimaiyyəti hələ də köhnə və revanşist duyğularla bəslənməkdədir. Xüsusilə yeni ailə quran gənclərin əllərində silah şəkil çəkdirməsi, bunu sanki örnək addımmış kimi təbliğ etməsi regionda sülhə, xalqların əmin-amanlıqla yaşamaq arzularına vurulan böyük zərbədir. Yeni ailə quran gənclər müharibəni deyil, sülhü tərənnüm etməlidir.

KONKRET.az xəbər verir ki, bu sözləri axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli son günlər sosial şəbəkələrdə yeni evlənən erməni cütlüklərin əllərində silahla şəkil çəkdirməsi və bunu qürurla paylaşması haqda danışarkən deyib.

Politoloq qeyd edib ki, erməni cəmiyyətində nifrət nəsildən-nəslə ötürülür:

“Sosial şəbəkələrdə toy edən erməni gənclərinin əldə silahla şəkil çəkdirməsi, bunu paylaşmasının başqa bir adı ola bilməz. Daha pisi isə həmin şəkillərin erməni ictimaiyyətində bəyənilməsi və rəğbət görməsidir.

Bu gün Azərbaycan cəmiyyətində də düşmənə nifrət, qəzəb, intiqam hissləri var. Lakin ermənilərdən fərqli olaraq bu hissləri gənc ailələrin və ya uşaqların timsalında açıq-aşkar göstərmirik. Əksinə, regionda sülhün bərqərar olması, münasibətlərin bərpası üçün müsbət addımlar atırıq.

Erməni xalqı anlamalıdır ki, Qarabağ Azərbaycanın ayrılmaz tarixi torpağıdır. Bundan başqa Azərbaycan, Ermənistan qonşu xalqlardır. Əbədi müharibə, kin-küdurətin heç bir ölkəyə, xalqa faydası yoxdur. Xüsusilə də erməni xalqına.

Müharibə etmək üçün hər zaman Azərbaycanın güclü qüvvəsi və qəhrəman xalqı var. Qarabağda yaşayan ermənilər isə tez bir zamanda anlamalıdır ki, mənsub olduqları ölkə Azərbaycandır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*