“Təəssüflə qeyd etməliyik ki, bu gün erməni diplomatiyası bir dəstə dişsiz və təşəbbüssüz məmurların əlində cəmləşib”.
KONKRET.az xəbər verir ki, bu fikirlər erməni analitik Tevos Arşakyanın dərc etdiyi məqalədə yer alıb. Müəllif son illər erməni diplomatiyasının dişsizliyinə və qeyri-peşəkarlığına görə daha çox tənqid edildiyini ön plana çəkir: “Təəssüflər olsun ki, bizim Xarici İşlər Nazirliyinin İrəvanın Vazgen Sarkisyan küçəsi, 3 ünvanında yerləşən mərkəzi aparatının üzvlərini, eləcə də xaricdəki diplomatik nümayəndəliklərimizdə çalışanları Ermənistanın milli maraqlarını fədakarlıqla müdafiə edən peşəkarlar adlandıra bilmərik. Onların hamısına çox rahat iş şəraiti yaradılsa da, heç çörəklərini də qazana bilmirlər. Bunun nəticəsidir ki, xarici siyasət prioritetlərimizin həyata keçirilməsi ləng gedir, maraqlarımız təmin olunmur. Ən çox təhqiredici məqam ondan ibarətdir ki, biz artıq beynəlxalq hüququn tamhüquqlu subyekti kimi qəbul olunmuruq” – erməni analitik yazıb.

Daha sonra Tevos Arşakyan fikirlərini erməni əsirlər mövzusuna yönəldir: “Rəsmi Bakının saxladığı erməni əsirlər məsələsini, yaxud Azərbaycan ordusunun Ermənistanın içərilərinə qədər irəliləməsini götürək. Ermənistan Xarici İşlər Nazirliyi və ya müvafiq ölkələrdəki diplomatlar Bakıya təzyiq üçün BMT, Dövlət Departamenti, ATƏT, Avropa Şurası və ya Rusiya, Fransa, İngiltərə Xarici İşlər Nazirliklərinə hücum edirmi? Əlbəttə yox. Diplomatlarımız öz şəxsi maraqlarından başqa heç nə ilə maraqlanmırlar. Beynəlxalq aləmdə Ermənistanın mənafeyini qorumaq üçün heç bir səy göstərmirlər. Bir sözlə bu vəzifə onlar üçün deyil. Amma 1990-2000-ci illərdə hər şey fərqli idi. Yəni rməni diplomatlarının qalaktikası indikindən bir neçə dəfə hündür idi”.
Erməni analitik məqaləsində Mirzoyanı və onun işçilərinin simasızlığını belə təsvir edir: “Ararat Mirzoyanın əlaltıları əcnəbi həmkarlarının şillələri üçün məmnuniyyətlə digər üzlərini çevirirlər. Məsələn, erməni zabit Qurgen Marqaryanı qətlə yetirən Ramil Səfərova Macarıstan məhkəməsi ömürlük həbs cəzası versə də, o Azərbaycana ekstradisiya edildi və əfv olundu. Bundan sonra Ermənistan Macarıstanla diplomatik əlaqələri kəsdi. Və bu gün Mirzoyanın departamenti Budapeştlə diplomatik münasibətləri bərpa etmək barədə düşünür. Onlar Macarıstanın Ermənistana koronavirusa qarşı peyvəndlər verdiyini bildirirlər. Bu da münasibətlərin normallaşdırılması prosesindən danışmağa imkan verir. Bu Macarıstan bizə lazımdırmı? Doğrudanmı bu ölkə ilə heç bir əlaqəsi olmayan Ermənistan nəyisə itirir? Mən belə hesab etmirəm. Amma bizim dişsiz diplomatlarımız bunun əksini düşünürlər. Həmçinin Lavrovun (Rusiya XİN başçısı Sergey Lavrov – red) departamentindən Maşka Zaxarovanın (Mariya Zaxarova –red) qəzəbli hücumlarına susur və reaksiya vermirik. Görünür erməni diplomatlar tüpürcəyi üzlərindən daim silməyi xoşlayırlar.

“Ermənistanın beynəlxalq aləmdə ilk addımlarını atdığı vaxtları xatırlayıram. 90-cı illərin əvvəllərində Ermənistan sərhədlərinin müdafiəsi ilə paralel olaraq, diplomatlarımız beynəlxalq aləmdə ölkənin mənafeyinin qorunması üçün inanılmaz səylər göstərirdilər. Həmin illərdə Ermənistan XİN-in ardıcıl səyləri və məqsədyönlü işi sayəsində nisbətən qısa müddətdə, məhdud imkanlar şəraitində siyasi mötəbərliyimizi formalaşdırmaq və təbliğ etmək mümkün oldu. Bu gün erməni diplomatiyası dişsiz və təşəbbüssüz məmurların dəstəsindən ibarətdir. Onlar öz vətənlərinin dövlət maraqlarını belə müdafiə edə bilmirlər. Bütün erməni diplomatiyasının başında bu işdən anlayışı olmayan adam dayanırsa, müvəqqəti işçilərdən və qeyri-peşəkarlardan nə gözləmək olar?” – Arşakyan məqaləsini tamamlayıb.

Müşviq Tofiqoğlu,
KONKRET.az
