Qarabağ separatçılarının liderlərindən biri, əli yüzlərlə azərbaycanlının qanına batan Samvel Babayan antiterror əməliyyatından sonra Ermənistana qaçmağı bacarıb. Cinayətkarlar siyahısında adı birincilərdən olan Babayanı Ermənistanda da isti qarşılamayıblar. Onu məğlubiyyətdə günahlandırırlar və hesab edirlər ki, ermənilərin Qarabağı tərk etməsində bu cinayətkar ünsürün xüsusi əməyi var.
Samvel Babayanla uzun müddət bir yerdə separatçılıqla məşğul olan bəzi hərbçilər də bu qulduru ittiham edir. İşğal olunan ərazilərdə şəhər və kəndlərin dağıdılmasında birbaşa rol oynayan Babayanı həm də narkotik plantasiyalarına görə ittiham edən Qarabağ erməniləri onun cəzalanmasını tələb edirlər.
“Bu məğlubiyyətin əsasını Samvel Babayan kimi adamlar qoyub və o, öz yalanları ilə indiki nəsli manipulyasiya etməyə, aldatmağa çalışır. Amma bu cinayətkarın səyləri heç bir nəticə verməyəcək. Qarabağın bütün prezidentlərinin Qarabağa qarşı törətdikləri cinayətlərin əsasını Samvel Babayan özü qoyub” – bunu Vahan Badasyan adlı erməni hərbçi bildirib. O qeyd edib ki, Samvel Babayan etdiyi vəhşiliklərə görə cəzasız qaldığını unutmasın. “Onun özünə erməni deməyə haqqı yoxdur, o satqındır. Babayan əsl erməni kişilərini necə qarət etdiyini, əzdiyini, öldürdüyünü yadına salsın. Samvel Babayan talançı və saxtakardır. Hektarlarla narkotik plantasiyalarından milyonlarla dollar qazanıb. Bütün erməniləri narkotik aludəçisinə çevirmək niyyətindəydi. Bununla belə Babayan hakimiyyətə gəlmək istəyirdi. Niyyətinə çata bilməyəndə isə qışqırmağa başladı. Samvel Babayan bildirir ki, döyüşüb, hətta həbsxanada da yatıb. O, həbsxanaya Qarabağ uğrunda döyüşdüyünə görə deyil, Ermənistan Respublikasının prezidentinə qarşı uğursuz sui-qəsd təşkil etdiyi üçün düşüb”, – deyə Vahan Badasyan bildirib.
Vəli Həsənov,
KONKRET.az
