Erməni politoloq və keçmiş deputat Arman Abovyan hakim “Mülki Müqavilə” Partiyasını və Baş nazir Nikol Paşinyanı kəskin tənqid edib.
KONKRET.az xəbər verir ki, Abovyan özünün Telegram kanalında yaydığı geniş analitik yazıda Ermənistan parlamentinin legitim olmadığını iddia edib.
Onun sözlərinə görə, yeni formalaşan parlament həm hüquqi, həm də siyasi baxımdan xalqın iradəsini əks etdirmir. Politoloq seçkilər zamanı “Çiçəklənən Ermənistan” Partiyasının səslərinin mənimsənildiyini iddia edərək parlamentin məhz bu səbəbdən qeyri-legitim olduğunu bildirib.
Abovyan hakimiyyəti seçki kampaniyasını qorxu, təzyiq, inzibati resurslardan istifadə və qanun pozuntuları üzərində qurmaqda ittiham edib. O hesab edir ki, seçki nəticələrinin saxtalaşdırılması Ermənistanın siyasi sisteminə ciddi zərbə vurub.
Politoloq parlamentdə təmsil olunan “Ermənistan” və “Güclü Ermənistan” bloklarının çıxışlarını yüksək qiymətləndirərək onların “Çiçəklənən Ermənistan” Partiyasının səslərinin oğurlanması məsələsini gündəmdə saxladıqlarını vurğulayıb.
Abovyanın fikrincə, yaxın dövrdə Paşinyan hakimiyyəti ölkənin ağır problemlərini həll etmək əvəzinə cəmiyyəti süni siyasi qarşıdurmalara və qalmaqallara sürükləyəcək. O bildirib ki, legitimliyini itirən hakimiyyət bunu güc və təzyiq vasitəsilə kompensasiya etməyə çalışır.
Politoloq hesab edir ki, parlament müxalifəti artıq yalnız emosional çıxışlarla kifayətlənməməli, həm parlament daxilində, həm də onun xaricində sistemli fəaliyyət göstərməlidir. Onun sözlərinə görə, əks halda Ermənistan Konstitusiyasının, dövlətçiliyinin və suveren ərazilərinin təhlükə altına düşməsi riski artır.
Abovyan ən sərt ittihamını isə xarici siyasətlə bağlı səsləndirib. O iddia edib ki, Paşinyan hakimiyyəti Ermənistanın deyil, “Bakı və Ankaranın maraqlarına cavab verən siyasi tapşırıqları” yerinə yetirir. Politoloqun fikrincə, delimitasiya və demarkasiya adı altında Ermənistanın suveren ərazilərinin Türkiyə-Azərbaycan tandeminin nəzarətinə verilməsi cəhdləri davam edir.
Yazının sonunda Abovyan parlament müxalifətinə xəbərdarlıq edib. O bildirib ki, cəmiyyət artıq bəyanatlar deyil, real nəticələr gözləyir. Onun sözlərinə görə, müxalifət üzərinə götürdüyü məsuliyyətə uyğun davranmasa, yüz minlərlə seçicinin etimadını itirə bilər.
Rəsmiyyə Şərifova,
KONKRET.az
