Erməniəsilli amerikalı qumarbaz Den Bilzeryan ABŞ-ın Florida ştatının altıncı seçki dairəsində keçirilən ilkin seçkilərdə (praymeriz) məğlub olub.
KONKRET.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, praymerizin qalibi 2025-ci ildən Konqresdə Floridanı təmsil edən “respublikaçı”, yəhudiəsilli Rendi Fayn olub.
Məlumata görə, seçicilərin 56,8%-i Fayna, 17,9%-i isə Bilzeryana səs verib.
Ümumilikdə, seçki kampaniyası siyasi debatlardan daha çox, misli görünməmiş ksenofobiya və qarşılıqlı ittihamlarla yadda qalıb. Radikal və qalmaqallı bəyanatları ilə tanınan namizədlərin qarşıdurması ictimai müzakirələrə səbəb olub.
Belə ki, sərt və təxribatçı ritorikası ilə tanınan Rendi Fayn kampaniyanın gedişində və sosial şəbəkələrdə açıq şəkildə islamofob çıxışlar edib. O, həmçinin Qəzza sektoru ilə bağlı radikal çağırışlarla yadda qalıb.

Rendi Fayn
ABŞ-da qumarbaz və “Playboy” ulduzu kimi tanınan Bilzeryan isə öz kampaniyasını aşkar antisemitizm üzərində qurub. O, açıq şəkildə Holokost soyqırımını inkar edib və hazırkı dövrdə problemlərin əksəriyyətinin yəhudilərdən qaynaqlandığını bəyan edib. Bilzeryan həmçinin rəqibini dəfələrlə dini və milli zəmində təhqir edib.
Bununla belə, mətbuata yönəlmiş səs-küylü çıxışlar və sosial şəbəkələrdəki milyonlarla izləyici kütləsi belə Bilzeryanı xilas etməyib.
ABŞ mətbuatı isə bu seçkiləri “ABŞ tarixinin ən pis praymerizi” adlandırıb.
Məlumat üçün bildirək ki, influenser kimi tanınan milyonçu Bilzeryan “Instagram”da çılpaq qızlarla olan fotoları və videoları ilə məşhurdur. Onun instaqramda 30 milyona, “X”də isə 2 milyona yaxın izləyicisi var.
D.Bilzeryan 2018-ci ildə Ermənistan vətəndaşlığı alıb. Daha sonra həmin vaxt işğal altında olan Azərbaycan torpaqlarına gələrək burada müxtəlif silahlarla hədəflərə atəş açıb. Faktla bağlı Azərbaycan Baş Prokurorluğunda cinayət işi açılıb. Cinayət Məcəlləsinin 228.3 (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 318.2-ci (mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, “İnterpol” xətti üzrə beynəlxalq axtarışa verilib.
