Ermənilər nə hava çalsalar Fransa oynayacaq: “Puluna minnət” – ƏTRAFLIbackend

Ermənilər nə hava çalsalar Fransa oynayacaq: “Puluna minnət” - ƏTRAFLI

Qafar Cəbiyev, tarix elmləri doktoru, professor, əməkdar jurnalist

Yəqin ki, diqqətli oxucular hələ də unutmayıblar ki, mərhum millət vəkili, professor Şamil Qurbanov Fransanın sabiq prezidenti Jak Şirakın Qarabağ probleminə münasibətdəki antiazərbaycan mövqeyindən bəhs edərkən “Şirak qudurub” deyəndə, çoxları onu qınadı. Əfsuslar olsun ki, Şirakdan sonra hakimiyyət başına gələn Sarkozi və Makron Şirakdan daha artıq ermənipərəst qərar və davranışları ilə az qala bütün mütərəqqi dünyanı təəccübləndirməkdə davam etdilər. Bununla da, onlar Fransa kimi qüdrətli və kifayət qədər zəngin demokratik ənənələrə malik bir dövlətin nüfuzuna və imicinə növbəti, həm də daha ağır zərbə vurmuş oldular.

Qarabağ münaqişəsini sülh yolu ilə tənzimləmək missiyasını öz üzərinə götürmüş həmsədr dövlət olaraq Fransanın ötən illər ərzində açıq-aşkar sərgilədiyi qatı antiazərbaycan və ifrat ermənipərəst mövqe əslində Fransa rəsmilərinin əllərinin erməni diasporunun cibində olduğunun bariz göstəricisi kimi dəyərləndirilə bilər. Məhz bu səbəbdən də xalq arasında deyildiyi kimi “puluna minnət” ermənilər nə hava çalsalar Fransa rəsmiləri də həmin havaya oynamaq zorundadılar.

Təsəvvür edin, Makron deyir ki, “ermənilər Fransa tarixinin bir hissəsidir və onun fəxridir… Ermənistan bizim üçün çox əzizdir. Ermənilər Fransa tarixini yaradıblar (Onda, görəsən, fransız xalqı harada imiş?!), biz demək olar ki, yarımhəmyerlilərik. Ermənilər bizim tariximizin bir hissəsi və fəxr predmetidir”. Bu sözləri Makronun sanki onu prezident eləyən fransız xalqından daha çox ermənilər qarşısında öhdəliyi olduğundan xəbər verir. Görün, o, dünya mədəniyyətinə çox mühüm töhfələr vermiş bir xalqı kimlərin quyruğuna bağlayır?!

Dağlıq Qarabağ məsələsinə dair danışıqlarda Fransa həmsədr ölkə olmasına baxmayaraq hər zaman qatı ermənipərəst mövqe sərgilədi. Bunu Azərbaycanda da, Azərbaycandan kənarda da hər kəs çox yaxşı bilir. İkinci Qarabağ müharibəsinin gedişi dövründə başda prezident Makron olmaqla Fransa rəsmlərinin münaqişənin tənzimlənməsinə xidmət etməli olan həmsədr ölkəyə əsla yaraşmayan aşkar ermənipərəst mövqeydən çıxış etməsi də hər kəsin yaxşı yadındadır. Müəzəffər Azərbaycan ordusunun zəfər yürüşünün qarşısını almaq naminə Makron və onun əsabələri nələr etmədi?! O, ABŞ-ı, NATO-nu, Almaniya və Rusiyanı tərəf kimi konfliktə qoşmaq üçün nələr etmədi?! Sanki müharibə Fransa ərazisində, yaxud da onun prefektlərindən birinin ərazisində gedirdi. Qardaş Türkiyəni, Azərbaycanın böyük dostu sayın cümhur başqanı Rəcəb Tayib Ərdoğanı haqsız olaraq şantaj etdilər. Amma Azərbaycan Fransanın hər cür cəhd və çabalarına baxmayaraq müharibəni zəfər anınadək uğurla davam etdirdi.

Hərbi əməliyyatların dayandırılmasına dair Azərbaycan-Rusiya-Ermənistan rəhbərlərinin imzaladıqları 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra da Fransa rəsmləri öz çirkin antiazərbaycan mövqelərindən geri çəkilmədilər. Üçtərəfli bəyanat nəticəsində Qarabağda yaranmış vəziyyəti dəyişmək məqsədi ilə yenidən Minsk qrupunu proseslərə qoşmaq çağırışlarına başladılar. 30 il ərzində işğal altında saxlanılan əraziləri viranəyə çevirənləri himayə edənlər guya Qarabağda erməni-xristian mədəni irs nümunələrinin təhlükə altında qaldığına dair iftira və yalanlar yaymağa başladılar.

Əfsuslar olsun ki, Makron başda olmaqla Fransa rəsmiləri bütün bunlarla da kifayətlənməyərək antiazərbaycan təbliğatını getdikcə daha artıq alovlandırmaqda davam etdilər. Makron və digər Fransa rəsmiləri Ermənistanı hər vəhlə regiona sülh gətirmiş olan 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərindən yayındırmağa şirnikləndirirlər.

Son vaxtlar onların sosial şəbəkələrin erməni seqmentində, “Teleqram” kanallarında və fransız telekanallarında davamlı olaraq verdikləri müsahibə və şərhlər artıq Fransa rəhbərlərinin Azərbaycana münasibətdə qırmızı xətti keçdiyindən xəbər verir. Fransa prezidenti az qala bütün çıxış və müsahibələrində birmənalı olaraq Ermənistanı müdafiə edəcəklərini bildirir.

O, “Ermənistanın guya regionda tolerantlıq və sülh uğrunda mübarizə apardığını”, “Qarabağın mübahisəli ərazi olduğunu”, “Dağlıq Qarabağın” Ermənistanın ürəyi olduğu üçün ermənilərin yanında olduğunu” təkrar-təkrar dilə gətirir. Makronun 44 günlük zəfər müharibəmizi “dəhşətli müharibə” adlandırıması və Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini “işğal” faktoru kimi dəyərləndirməsi isə onun artıq özünə və sözünə nəzarət etmək halında olmadığının, daha doğrusu regionda baş verməkdə olan yeni reallıqları həzm edə bilməyərək isterik vəziyyətə düşdüyündən xəbər verir.

Makron hakimiyyətə gələndən bəri Parisin küçə və meydanlarında etiraz nümayişlərinə çıxan, barrikadalar quran yüz minlərlə fransızın qayğı və problemlərinə göz yuman Fransa senatının sanki bütün işi-gücü erməni diasporunun sifarişlərini yerinə yetirməkdən ibarətdir. O senat ki, indi də “Ermənistana qarşı cinayətlər və əsassız təcavüz” iddiası adı altında noyabrın 15-də səsvermə keçirəcəyi və Azərbaycana qarşı sanksiyalar tətbiq edəcəyi ilə bizi hədələyir. Bu az imiş ki, hələ Avropa İttifaqı ölkələrini də Azərbaycana qarşı neft və qaz embarqosu qoymağa təhrik edir. Atalar bu yerdə deyiblər ki, “ it əl çəkir, motal əl çəkmir”! Zənnimcə, bu cür qeyri-sağlam mövqe hər şeydən öncə bir dövlət olaraq Fransa Respublikası adına qara ləkədir.

Xəstə təxəyyüllü ermənilər uzun illərdir ki, “böyük ermənistan” xülyası ilə yaşayırlar. Erməni kilsəsi və diasporu zavallı erməni xalqını bu yalançı mifi reallığa çevirmək naminə zəlil edib. Qarabağ münaqişəsinin davam etdiyi dönəmdə, xüsusən də II Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi böyük zəfərdən sonrakı dövrdə Makron və onun komandasının sərgilədiyi qatı antiazərbaycan mövqeyi göstərdi ki, zavallı erməni xalqını “böyük ermənistan” mifi ilə zəhərlən, onu dəli-divanə edərək zəlil günə salan həm də Fransa dövlətidir.

Başda Fransa prezidenti E.Makron olmaqla, demək olar ki, bütün Fransa rəsmiləri həm daxildə, həm də beynəlxalq platformalarda ən çirkin vasitə və üsullardan istifadə etməklə sanki ermənilərdən daha artıq erməni olduqlarını sübut etməyə çalışırlar. Sanki bu adamlar Fransada qeydiyyatda olan siyasi partiyaların deyil, daşnaksütun partiyasının üzvüləridir. Görünür, erməni kilsəsi, erməni diasporu və onların təsiri altında olan zavallı ermənilər də “böyük ermənistan” deyəndə elə Sarkozinin, Makronun, Marin Le Penin Fransasını nəzərdə tuturlar. Hə, bax bu ermənilərin uzun illərdir ki, yuxularında gördüyü “böyük ermənistan” mifindən daha çox həqiqətə bənzəyir.

Ola bilsin köhnə əyyamda dünyanın ən iri müstəmləkəçi dövlətlərindən olan, zaman keçdikcə müstəmləkələri bir-birinin ardınca əldən çıxan, son illərdə isə səriştəsiz rəhbərlərin qeyri-peşəkar fəaliyyəti ucbatından Avropa və dünyada siyasi nüfuzunu və demokratik imicini sürətlə itirməkdə olan Fransanın özü də nəhayət, heç olmazsa “böyük ermənistan” olmağı da özünə divident hesab edir. Görünür, prezident Makron “ermənilər Fransa tarixinin bir hissəsidir” deyəndə həm də Ermənistanın Fransanın bir hissəsi olduğunu demək istəyirmiş. Bu isə o deməkdir ki, artıq Fransada da Ermənistanın müstəqil dövlət deyil, oyuncaq bir dövlət olduğunu bilir və türk qardaşlarımız ifadə etdiyi kimi onu istədikləri formada qullanırlar.

Fikrimizcə bu yerdə Ermənistanı və zavallı erməniləri qullananlar siyahısında illər öncə liderləri Fransada “dərs” alan, hazırlanılaraq İrana göndərilən və neçə illərdir ki, bu ölkənin başında duran radikal molla rejimni də qeyd etmək yerinə düşərdi. Özləri bilən yaxşıdır, qoy, Rusiya da, Fransa da,lap elə İran da nə qədər istəyirlər qullansınlar! Uzun illər ərzində başları daşdan-daşa dəyən, fəqət qəflət yuxusundan ayılmayaraq daşnakların, kilsə və diasporun fitinə gedən ermənilərə hələ bu da azdır!

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*