Ermənilərə “od qoyan” BƏYANAT: “Soçi görüşündə Putin və Rusiyanın zəifliyini hamı gördü” – Qalustyanbackend

Ermənilərə “od qoyan” BƏYANAT: “Soçi görüşündə Putin və Rusiyanın zəifliyini hamı gördü” - Qalustyan

“Qara dəniz kurortunda (Soçi) keçirilən görüş ona görə faydalı oldu ki, bunun sayəsində Putin və Rusiyanın zəifliyi nəhayət hamıya göründü”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni analitik Hraçya Qalustyan yazdığı məqalədə bildirib.

Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Soçi görüşünün nəticələrini müxtəlif cür qiymətləndirmək mümkündür və lazımdır. Ən azından Nikol Paşinyan, Vladimir Putin və İlham Əliyevin birgə bəyanatını oxuyanda ağıla başqa fikirlər gəlmir. O, BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınmasından bəhs edir. Bakıda hamı bunu böyük qələbə kimi qiymətləndirdi. Axı, “Artsax”, onun müstəqilliyi, “Artsax” xalqının təhlükəsizliyinin təminatları və statusu haqqında heç bir söz yox idi.  Üstəlik, hətta Rusiya sülhməramlılarının missiyasına aid olan hissədə də “Artsax” coğrafi baxımdan belə qeyd olunmadı. Əvəzində “onun ( sülhməramlı missiyanın) yerləşdirildiyi yerdə” ifadəsi işlədildi. Bundan başqa, üçtərəfli bəyanatın mətnində Azərbaycan qoşunlarının Ermənistanın içərilərindən çıxarılması barədə heç bir qeyd yoxdur. Erməni əsirlərin qaytarılması ilə bağlı heç bir əsaslı razılaşmalar da mövcud deyil. Yəni Azərbaycan tərəfdən heç bir güzəşt edilməyib” – erməni analitik yazır.

Daha sonra müəllif fikirlərini məyus şəkildə bu cür davam etdirir: “İlham Əliyev hətta “Qarabağ münaqişəsi tarixdir, o, 2 il əvvəl həll olunub və burada müzakirə ediləcək heç nə yoxdur!” ifadəsini də səsləndirib. Əliyev bu fikirləri Vladimir Putinlə görüşdə deyib. Rusiya prezidenti isə rəhbərlik etdiyi ölkənin strateji müttəfiqinə qarşı səsləndirilən bu ifadə qarşısında aciz qalıb. Ümumiyyətlə, ilk baxışdan Soçi görüşünün nəticələrini məyusedici hesab etməyə əsas var. Amma reallıqda heç də belə deyil. Çünki bu görüş sayəsində nəhayət Putin və Rusiyanın zəifliyi hamıya göründü. Əslində, Rusiya dövlətinin başçısı məhz indi Türkiyə prezidenti Ərdoğan tərəfindən xüsusi olaraq alçaldıldı” – Qalustyan bildirib.

“Putin və Rusiyanı hələ də Qərb üçün idarə edən elita indinin yox, keçmişin fiqurlarıdır. Əslində buna görə də Ukrayna prezidenti Volodimir Zelenski Putinlə danışıqlara getməyəcəyini bildirib. Və məhz bu prizmadan Soçi görüşün nəticələrini qiymətləndirmək lazımdır. Bu, Ermənistanla yanaşı həm də Rusiyanın zəifliyini nümayiş etdirdi. Ermənistan tezliklə həm ölkənin, həm də “Artsax”ın təhlükəsizliyini və müstəqilliyini təmin etmək imkanı verəcək demokratik dövlətlər ailəsinə qoşulmağa məhkumdur” – deyə Qalustyan daxili auditoriyanın təsəllisinə hesablanan yazısını tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*