Ermənistan mediasını yenə “ulartı” bürüyüb. İki daşnakçının Ermənistana, bir erməninin də Qarabağa buraxılmaması erməniləri “coşdurub”.
Əsassız, sübutsuz kim nə istəyir və nə fikirləşir yazır, ağı qaraya, qaranı ağa qatır.
KONKRET.az xəbər verir ki, belə fikirlərdən birini də bu gün “Rodina” müxalifət partiyasının şura üzvü Arsen Babayan özünün “Facebook” səhifəsində bildirib.
O, bundan sonra ermənilərin Ermənistana və Qarabağa daxil olmaq hüququ məsələsinin “Azərbaycanda həll olunduğunu” yazıb və Ermənistanı Azərbaycan hökumətinin nümayəndəliyi adlandırıb.
“Vətəndaşların Ermənistan və Qarabağa giriş hüququ məsələsi Azərbaycanda həll olunduğu bir faktdır.
Hollandiyanın “Hay Dat” Erməni Milli Komitəsinin sədri Masis Abramyan “persona non qrata” elan edilib. Müstəqil Ermənistanın ilk xarici işlər naziri Raffi Ovannisyanın Qarabağa girişi qadağan edilib. Nikol Paşinyan başda olmaqla Azərbaycan hökumətinin Ermənistan nümayəndəliyi Ermənistanı idarə etməkdə davam edir”, – deyə Babayan sərsəmləyib.
Xatırladaq ki, bu günkü xəbərlərə görə, iki erməni Ermənistana, biri isə Qarabağa buraxılmayıb. Bu da ermənilər arasında böyük ajiotaj yaradıb.
Ermənistan hökuməti Raffi Ovannisyanın Qarabağa girişinin qadağan olunması ilə əlaqəsinin olmadığını bildirib.
“Ermənistanın Raffi Ovannisyanın ölkəyə giriş qadağası ilə heç bir əlaqəsi yoxdur. Rusiya sülhməramlılarının keçid məntəqəsinə girişi qadağan edilib. Bunun səbəbini onlardan öyrənə bilərsiniz”, – deyə hökumət rəsmisi cavab verib.
Xuraman Etibarlı,
KONKRET.az