“Ermənistan Azərbaycanla sülh prosesini başa çatdırmaq üzrədir” – Arsenyanbackend

"Ermənistan Azərbaycanla sülh prosesini başa çatdırmaq üzrədir" - Arsenyan

“Paşinyan işarə etdi ki, İrəvan Bakı ilə sülhə hazırdır”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim partiyadan olan deputatı Qurgen Arsenyan mediaya müsahibəsində deyib.

İrəvan Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında gözlənilən görüşə nikbin baxır, həll olunmamış məsələlərin ətraflı nəzərdən keçirilməsini gözləyir.

“Ermənistan tərəfi nikbindir və konstruktiv dialoq və işə ümid edir. Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, o, müəyyən şərtlər daxilində Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Necə ki, ölkələr MDB yaradanda bir-birinin ərazi bütövlüyünü tanıyıb. Ermənistan hökuməti bununla da İrəvanın danışıqlara hazır olması siqnalını verir.

Həmçinin, mən ərazi bütövlüyünün qarşılıqlı tanınmasını dəstəkləyirəm. Mən bir daha Ermənistanın Baş nazirinə, siyasi komandamıza dəstəyimi bildirirəm.

Biz Ermənistanın qonşusu Azərbaycanla sülh prosesini, eləcə də Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesini başa çatdırmaq əzmindəyik.

Biz istəyirik ki, beynəlxalq tərəfdaşlarımız və qarşı tərəfimiz, xüsusən də Azərbaycan bizim sözlərimizi ciddi qəbul etsin. Biz sülh müqaviləsi bağlamaq üçün səmimiyyətlə çalışırıq. Bu, danışıqlar prosesinin təməl daşıdır.

Bir-birimizə qarşı bütün iddiaları aradan qaldırmaq üçün addım atırıq. Beləliklə, biz danışıqlar prosesinə təkan veririk.

Ümid edirik ki, bizim addımımız həm Moskvada, həm də Bakıda layiqincə qiymətləndiriləcək. Biz Rusiyanın siyasi iradəsini və səylərini yüksək qiymətləndiririk”, – deyə Arsenyan bildirib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*