Bu da Rusiya sülhməramlı(?) hərbi kontingentinin varlığına rəğmən Ermənistanın hələ də Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxladığını təsdiqləyir…
“Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək insidentlərin qarşısını almaq məqsədilə səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”.
KONKRET.az xəbər verir ki, bu cümlə Rusiya Müdafiə Nazirliyinin rəsmi saytının “Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingenti” bölməsindəki dünən – avqustun 20-ə olan məlumatdandır.
11 noyabr 2020-ci ildən, yəni Rusiya hərbi kontingentinin rəsmən sülhməramlı adıyla torpaqlarımızda yerləşdirilməsindən bəri verilən gündəlik məlumatların, demək olar ki, hamısının sonuncu cümləsi eyni qaydada təkrarlanır.
Bu isə o deməkdir ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Azərbaycanın Yuxarı Qarabağ, eləcə də Laçın rayonunun “dəhliz” kimi istifadə edilən ərazisindəki istər Ermənistan ordusu, istərsə də “Artsax müdafiə ordusu” kimi təqdim edilən bütün erməni silahlı qüvvələrinə birbaşa nəzarət edir. Nəzarət edə bilmədiyi halda oradakı Rusiya hərbi komandanlığı həmin qurumla mütəmadi əlaqə saxlamazdı. Bu da Rusiya sülhməramlı(?) hərbi kontingentinin varlığına rəğmən Ermənistanın hələ də Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxladığını təsdiqləyir.
Son 10 ayda Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı tez-tez Qarabağ və Şərqi Zəngəzurda baş verən insidentlərə “aydınlıq” gətirir. Məsələn, avqustun 19-da Ermənistan silahlı qüvvələri Baş Qərargah rəisinin müavini, general-mayor Edvard Asryan Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikası Şuşa rayonunun Salatınkənd(yaxud Sarıbaba) kəndindən çıxarılması ilə bağlı məlumatları təkzib etdi. Və istər Azərbaycan MN, istərsə də Rusiya sülhməramlı(?) hərbi kontingentinin komandanlığı buna heç bir münasibət bildirmədi…
