Prosesi Azərbaycan Ordusu başlatdı – Rusiya kritik qərar verə bilərbackend

Prosesi Azərbaycan Ordusu başlatdı – Rusiya kritik qərar verə bilər

Rusiyanın KTMT-dəki daimi nümayəndəsi Viktor Vasilyev deyib ki, Ermənistanın alyansda səsvermə hüququndan məhrum edilməsi barədə qərar verilə bilər. Onun sözlərinə görə, bu, iştirakçı ölkələrin ümumi razılığından asılıdır.

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, Ermənistanın KTMT-dən çıxmaq prosesi Azərbaycan Ordusunun işğal altındakı torpaqları azad etməsi ilə başladı:

“2021-2022-ci illərdə də sərhəd toqquşmaları yaşandı və Azərbaycan bu ərazidə strateji irəliləyiş etdi. Ermənistan Rusiyanı onu müdafiə etməməklə, KTMT-nin öz öhdəliklərini yerinə yetirməməklə ittiham etməyə başladı. Halbuki bu ittiham tamamilə siyasi xarakter daşıyır və Ermənistanın Rusiyanın hərbi-siyasi blokundan uzaqlaşaraq Avrointeqrasiya siyasətini təşviq etməsi üçün bəhanə rolu oynayır. Çünki Ermənistanda da ittihamın əsassız olduğunu çox gözəl bilirlər. Belə ki, 44 günlük müharibədə əməliyyatlar Azərbaycanın öz ərazisində, 2021-22-ci illərdəki toqquşmalar isə demarkasiya olunmamış sərhəddə baş verib”.

Politoloq qeyd edib ki, müharibə Ermənistan ərazisində olsaydı, KTMT mexanizmləri işə düşə bilərdi:

“Ermənistan 2024-cü ildən KTMT-də iştirakını dondurub, təşkilatın heç bir fəaliyyətinə qatılmır. Odur ki, növbəti KTMT sessiyasında Ermənistanın iştirakçı dövlət statusundan irəli gələn hüquqlarının məhdudlaşdırılmasına dair qərarın qəbul olunacağı dəqiqdir.

Rusiyanın KTMT-dəki rəsmi nümayəndəsi Vasilyev bu xəbəri verməklə yanaşı, Ermənistanla uzun əsrlərə dayanan dostluq münasibətlərinin qorunmaq istəndiyini bəyan edib. Lakin Rusiyanın Avrasiya İqtisadi Birliyi (AİB) ilə bağlı eyni dərəcədə sakit mövqe sərgiləməyəcəyi dəqiqdir. May ayında keçirilən AİB sessiyasının qərarında Ermənistanın AİB və ya Avropa İttifaqı (Aİ) arasında seçim üçün referendum keçirməsinə çağırış edildi.

Bu, Rusiya üçün əhəmiyyətli mövzudur və Ermənistan tam Aİ-yə yönələrsə, bu, ona baha başa gələr. Odur ki, bu günlərdə Putinlə danışan Paşinyan belə bir referenduma ehtiyac olmadığını bildirdi. Başqa sözlə, Ermənistan Aİ-yə üzvlük üçün rəsmi müraciət etməyib və buna görə də referenduma ehtiyac yoxdur. Beləliklə, aydın olur ki, Ermənistan AİB-də üzvlüyü qorumağı “sağ qalmaq” üçün vasitə olaraq dəyərləndirir, lakin Ermənistan rəsmilərinin tezislərində “KTMT artıq ölü qurumdur” yanaşması görünür”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*