Ermənistan ordusunun mayoru Azərbaycana gizli məlumatlar ötürürməkdə ittiham olunur.
KONKRET.az xəbər verir ki, işin təfərrüatları barədə Ermənistanın Baş Prokurorluğu məlumat verib.
Ermənistanın hərbi hissələrindən birinin əməliyyat xidmətinin rəisi, mayor A.N. xarici kəşfiyyat orqanlarının xeyrinə vətənə xəyanətdə ittiham edilir.
“A.N. hərbçi A.T ilə birlikdə 2021-ci ilin iyulunda Ermənistanın Sünik rayonunun (Zəngəzur – red.) İşxanasar kəndi yaxınlığında, Qara gölün yaxınlığındakı ərazidə Azərbaycan hərbçiləri tərəfindən əsir götürülüb.
A.N. “Ural” maşını ilə döyüş mövqelərinə ərzaq daşıyıb, lakin əlverişsiz hava şəraitinə görə Azərbaycan tərəfinin nəzarətində olan əraziyə düşüb.
Sentyabr ayına qədər A.N. Bakı həbsxanalarından birində əsir olub.
2021-ci il sentyabrın 7-də Bakıda xarici ölkələrin xüsusi xidmət orqanlarının nümayəndələri ilə əməkdaşlıq haqqında müqavilə bağlayıb. Həmin gün o, əsirlikdən vətənə qaytarılıb.
Daha sonra A.N. hərbi hissələrdən birində əməliyyat xidmətinin rəisi vəzifəsinə təyin edilib və bunun üçün 20,2 min dollardan çox pul alaraq məxfi məlumatlar ötürüb.
O, Ermənistan Cinayət Məcəlləsinin 299-cu (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub. İş məhkəməyə göndərilib”, – Baş Prokurorluğun açıqlamasında bildirilir.
Xuraman Etibarlı,
KONKRET.az
